• Metropolitendə dövr edən milyonlar və Zaur Hüseynovun çökən “şah əsəri”

    Metropolitendə dövr edən milyonlar və Zaur Hüseynovun çökən “şah əsəri”

    Azərbaycanda kabinet məmurlarının olması adi hal kimi qarşılansa da, dövlət başçısı tərəfindən başladılan yeni siyasi-iqtisadi prosesdə belələrinin sayının azaldığı müşahidə olunur. Xüsusilə uzun müddət rəhbər vəzifələrdə işləyən məmurlarda kabinet sevgisi baş alıb gedirdi. Amma “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov rəhbər vəzifədə yeni olmasına baxmayaraq, “kabinet” sevgisi ilə ad çıxarıb.

    Məlumata görə, Z. Hüseynov öz kabinetindən çıxmadan QSC-ni idarə edir. İdarə edir deyəndə, bunu idarəçilik adlandırmaq çətindir. Sadəcə olaraq, onun adı QSC-nin rəhbəri kimi getsə də, özü nə ərazidə görünür, nə də metronun problemləri ilə maraqlanır. Z. Hüseynov adətən işə gəlmir, gələndə isə bütün günü kabinetindən çölə çıxmır. Təsadüfi deyil ki, bu gün Bakı metrosunun boğaza qədər olan problemləri göz oxşayır. Nə qatarların xəttə “yay vaxtı” bəhanəsi ilə 10 dəqiqəyə qədərlik intervalla buraxılması və nəticədə yaranan sıxlıq, nə də “kondisioner” probleminin bu sıxlıqda yaratdığı əlavə çətinliklər sədri kabinetindən çıxarmağa yetərli olmur.
    Bu gün ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevin iş rejimi ilə tanışdır. Dövlət başçısı istirahət etmədən, həm siyasi platformada ölkəmizi təmsil edir, dövlətin maraqlarını qoruyur, istər iqtisadi sahədə daim yenilikləri ilə ölkəni inkişafa doğru aparır. Lakin təəssüf ki, dövlət başçısının etimad göstərdiyi Z. Hüseynov kimi məmurlar bundan nümunə götürmürlər.(miq)Əldə etdiyimiz məlumata görə, Z. Hüseynov yeni sədr olanda özünü yaxşı tərəfdən göstərmək üçün dərhal “əl-qolunu çırmalayıb”. Metroda ticarəti yığışdırmaqdan tutmuş, qəzet satışına qədər hər şeyi bağladı. Ardınca “Avtovağzal” stansiyasının tikintisi işlərinə strat verildi. Uzun gözləmələrdən sonra yeni stansiyanın açılışını etdi. Və öz kabinetinə çəkildi. Hansı ki, bu gün metro istifadəçiləri də Z. Hüseynovun özünün “şah əsəri” hesab etdiyi “Avtovağlaz” stansiyasının nə memarlıq cəhətdən, nə də xidmət baxımından normal olmadığını təsdiqləyə bilər. Artıq bu metrostansiyasına su yığıldığı da göz önündədir. “Avtovağzal” stansiyasında su sızıntısına səbəb tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə olunmasıdır. Bu barədə bizə danışan mənbə bildirmişdi ki, yeni stansiyanın tikintisində 500 min AZN-ə qədər yeyinti olub. “Avtovağzal” stansiyasının hazırki vəziyyəti bu məlumatlarınn doğruluğunu sübut edir.
    Lakin Z. Hüseynovun bütün bunlar deyəsən marağında deyil. Görünür, o, “şah əsəri”ni “yaradandan” sonra öz işini bitmiş hesab edir və məhz buna görə, vəzifəsinin tələb etdiyi fəaliyyəti göstərmək əvəzinə, kabinet məmurluğuna üstünlük verir.
    Onun QSC-nin işlərinə “vaxt” tapmamasının səbəbi isə bir qədər müəmmalıdır. Belə ki, ötən yazılarımızda da Z.Hüseynovun şəxsi biznes şəbəkəsinin olduğunu, Tağı Əhmədovu əvəzlədikdən sonra bu şəbəkəni daha da genişləndirdiyini, QSC-yə ayrılan pulların hansı formada məsimsənildiyini qeyd etmişdik. İstənilən şəxs rəsmi məlumatları bir-biri ilə uyğunlaşdıranda bunun şahidi ola bilər.
    Misal üçün, 2015-ci ildə “Bakı Metropoliten” QSC-nin gəlirləri 90,566 milyon, xərcləri isə 118,871 milyon manat olub. Bu, 2014-cü illə müqayisədə müvafiq olaraq 10,1 faiz çoxdur. Amma diqqətçəkən məqamdır ki, metrpolitenin sərnişindaşımadan gəlirləri 2014-cü illə müqayisədə 2,2 faiz artaraq 43,005 milyon manata yüksəlib. Buna paralel olaraq, büdcədən ayrılan subsidiyaların həcmi 5,47 faiz artaraq 37,998 milyon manata çatıb. Burada uyğunsuzluqlar açıq şəkildə görünür. Ümumi hesablamalara görə, hər gün orta hesabla 600 min nəfər metrodan istifadə edir. Bu rəqəmi 20 qəpiyə vurduqda ildə 200 milyon manatdan artıq vəsait edir. Bəs nə üçün QSC gəlirlərini 90,566 milyon göstərir?
    Bu sualın cavabı aydındır. Lakin Z. Hüseynovun QSC-yə “vaxt” ayırmamasının səbəbi şəxsi biznesinə başının qarışması da deyil. Çünki məlumatlara görə, onun biznesini yaxınları idarə edir əv yalnız ən kritik vəziyyətdə onun müdaxiləsi olur.
    Bizə danışan QSC-dəki mənbə deyir ki, metrodakı bütün işləri də Z. Hüseynovun yaxın qohumu həyata keçirir. Hətta “rəisin qohumu” istədiyi şəxsi işdən çıxara, yaxud işə götürə bilər səlahiyyətlərinə malikdir. Z. Hüseynov isə heç bir işə müdaxilə etmədən sadəcə “kabinet məmurluğunun” kefini çəkir.
    Məlumata görə, Z. Hüseynov bu yaxınlarda öz kabinetinin mebelini də yeniləyib. Lakin buna nə qədər əlavə pul xərclədiyi dəqiq məlum deyil. Sadəcə olaraq, yeni ofis mebelinin qoz ağacından olduğu və çox baha başa gəldiyi deyilir

    rublika.az


    Facebook-da paylaş