• Əmanətlər AZALIR - Bəs çıxış yolu varmı?

    Əmanətlər AZALIR - Bəs çıxış yolu varmı?

    Ekspertlər durumu dəyərləndirir, bank sisteminə etimadsızlıq əsas səbəbdir...

    Ölkə banklarının əmanət problemi getdikcə ciddiləşir. Əhali kütləvi şəkildə banklardan əmanətlərini geri götürür. Mərkəzi Bankın məlumatına görə, iyun ayının 1-nə (01.06.2016) əhalinin banklardakı əmanətləri 7 milyard 565,9 milyon manat təşkil edib. May ayında əhalinin əmanətləri 119,1 milyon manat azalıb.

    Aprel ayında əhalinin əmanətləri 203,9 milyon manat azalmışdı. Yanvar ayının 1-də əhalinin banklarda 9 milyard 473,9 milyon manat əmanəti var idi. Ötən 5 ayda əmanətlər 1 milyard 908 milyon manat azalıb. Ekspertlər bunu bank sistemində böhranın dərinləşməsi kimi də qiymətləndirirlər.

    Qeyd edək ki, ölkədə problemli kreditlərin də həcmi artmaqdadır. Bankların daha bir gəlir mənbəyi də iflasa uğrayıb. Mərkəzi Bank problemli kreditlərin həcminin 7 faiz olduğunu bildirsə də, bir çox ekspertlər və təşkilatlar real rəqəmin daha yuxarı olduğunu vurğulayırlar.

    Ekspert Əkrəm Həsənov açıqlamasında bildirib ki, əmanətlər 20 faiz azalıb: “Səbəblər çoxdur. Birincisi, Azərbaycanda ona yaxın bank bağlanıb. Əhalinin və sahibkarların orada xeyli pulları qalıb. Artıq faktiki o pulları vətəndaşlar götürə bilmirlər.(musavat)Artıq bu, bank sisteminə etimadı sarsıdıb. Digər tərəfdən, bəzi banklar var ki, ümumiyyətlə fəaliyyətləri davam edir, amma onlar ümumiyyətlə, əmanətləri qaytarmırlar. Hətta sağlamlaşdırılması guya həyata keçirilən ”Bank Standart" da əmanətləri qaytarmır. Bunlar hamısı əhaliyə göstərir ki, əmanətlərin sığortalanması haqqında qəbul edilən qanun işləmir. Əmanətlərin sığortalanması əslində yoxdur. Bu səbəbdən vətəndaşlar banklara əmant etmirlər".

    Ekspertin sözlərinə görə, digər tərəfdən, hamı bilir ki, artıq bankların problemli borcları gün-gündən artır: “Yaxında bu da elan olunub. Hamı başa düşür ki, banklar özləri verdikləri kreditləri geri ala bilmirlərsə, əmanətləri nəticədə haradan qaytaracaqlar? Bu da mümkünsüzdür. Nəhayət, Əmanətlərin Sığortalanması Fondunun özü çöküb, müflis olub. ”Bank Technigue" bağlanan zaman əmanətçilərinin pulunu kompensasiya etməyə pul çatmadı və Mərkəzi Bankdan borc almağa məcbur oldu. Bu da göstərdi ki, Əmanətlərin Sığortalanması Fonduna da bel bağlamaq olmaz. Amma əlbəttə digər səbəblər də var. Digər səbəblər də odur ki, Azərbaycanda işsizlik var, qiymət artımı var ki, bunlar vətəndaşları məcbur edir ki, yığdığı pulları banklardan çıxartsınlar. Qiymətlər artıb, amma vətəndaşların gəlirləri düşüb və pula ehtiyacları var. Buna görə banklardan pullarını çıxarırlar".

    Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, əhalinin banklarda əmanətlərini geri çəkməsinin iki mühüm səbəbi var: “Son 5 ayda əhalinin banklarda olan əmanətləri 2 milyard manat və ya 20,1 faiz azalıb. Bunun başlıca səbəbi banklara əhali tərəfindən olan etimadsızlıqdır. Çünki son zamanlar bankların maliyyə vəziyyətində müşahidə olunan qeyri-sabitlik əmanətçilər arasında ciddi narahatçılığa səbəb olub. Belə ki. bu ilin yanvar-may aylarında kredit qoyuluşunun 8,9 faiz azalması ilə yanaşı problemi kreditlərin həcminin 9,9 faiz artması onsuz da iqtisadi durumu pis olan bankların inamı daha da sarsıdıb. ”Texnikabank"dan sonra “Standart Bank”da maliyyə gərginliyini yaşayan müştərilərin vəziyyətinə düşməməyin yolunu digər banklardan da depozitlərini geri çəkməkdə görən əmanətçilərin sayının xeyli artması və onun getdikcə kütləvi xarakter alması bank sistemi üçün ciddi siqnal hesab oluna bilər. Təəssüf ki, nəinki Mərkəzi Bank, hətta Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi də bu prosesləri müşahidə mövqeyindədir".

    Ekspert qeyd edib ki, əhalinin banklardan əmanətlərini geri çəkməyinin digər səbəbini isə əhalinin getdikcə yoxsullaşması, əvvəlki kimi dolana bilməməsi ilə izah etmək olar: “Bu isə Azərbaycan iqtisadiyyatının kiçilməsinə görə bağlanan biznes strukturlarının, məhdudlaşan investisiya layihələrinin, ixtisar olunan iş yerlərinin, dəyərsizləşən əmək haqqı və pensiyaların, eləcə də bahalaşan qiymətlərə görə artan xərclərin yaratdığı yeni sosial-iqtisadi mühitin müasir tələbləri kimi qiymətləndirilə bilər. Bü mühitdə xüsusilə də orta təbəqənin şəxsi ehtiyatların tükənməsi onların bank yığımlarını geri çəkib istehlaka yönəltməsini şərtləndirir. Bu isə nə banklar və nə də depozitlərini geri çəkən müştərilə üçün yaxşı perspektiv vəd etmir. Çünki, bu əməliyyat nəticəsində hər iki tərəf, həm banklar və həm də əmanətçilər potensial qazanclarından məhrum olurlar”.

    Rublika.az


    Facebook-da paylaş