• Aqrolizinq ASC-nin ayı xidməti fermerə lazımdırmı?

    Aqrolizinq ASC-nin ayı xidməti fermerə lazımdırmı?

    Güzəştli lizinqlərin verilməsi prosesində fermerlərdən əlavə ödənişlərin tələb edilməsi halları var

    "Aqrolizinq" ASC dövlət başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə yaradılıb. 2009-cu ildən etibarən qurum Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Müşahidə Şurası və İdarə Heyətindən ibarət Səhmdar Cəmiyyətə hazırda Elşən Məmmədov rəhbərlik edir. Uzun illər ölkədə müxtəlif məsul vəzifələr tutmuş təcrübəli maliyyəçi Heydər Əsədovun hələ Hesablama Palatasına rəhbərlik edərkən "Aqrolizinq"in fəaliyyəti ilə bağlı ciddi nöqsanların üzə çıxarılmasında müəyyən rolu olub. Səhmdar Cəmiyyətin bir sıra rayon şöbələrində yer almış korrupsiya hallarına dair sənədlərin prokurorluq orqanlarında araşdırma aparmağa ciddi əsas verdiyini nəzərə alsaq, qurumun sabiq rəhbəri Əli Bayramovun vəzifədən azad edilməklə məsuliyyətdən canını qurtarmasında hansı amillərin rol oynadığını yalnız ehtimal edə bilərik. Baxmayaraq ki, Əli Bayramov üçün sabiq nazir İsmət Abasovun baş nazirin müavini vəzifəsinə gətirilməsi göydəndüşmə oldu.(gundelik-baku)Qeyd edək ki, 2005-2012-cu illər ərzində "Aqrolizinq" ASC-nin hesabına dövlət büdcəsindən və digər mənbələrdən 370,63 milyon manat maliyyə vəsaiti daxil olub. Ayrılmış vəsait hesabına həmin illər ərzində müxtəlif markalı 1033 ədəd taxıl biçən kombayn, 4252 ədəd traktor, 164 ədəd ekskavator. 8960 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları (kotanlar, kultivatorlar, ot biçən texnika, ot və küləş presləyən, malalar, taxıl səpən, gübrə səpən, çiləyicilər, traktor qoşquları və s.), yüz tonlarla gübrə, müxtəlif dəzgah və avadanlıqlar, həmçinin damazlıq heyvanlar alınaraq fermerlərə güzəştli şərtlərlə satıldığı bildirilir. Səhmdar Cəmiyyətin sabiq sədrinin maliyyə "raportlarında" həmin vəsaitlə alınmış zəruri texnika və avadanlıqların, həmçinin gübrə və damazlıq heyvanların zəngin statistikası cəlbedicidir. Balans, necə deyərlər qəpiyə-qəpik düz gəlsə də, Əli Bayramov yeyinti və korrupsiyaya görə sorğu-suala çəkilmədi. Hazırkı rəhbər Elşən Məmmədov isə Heydər Əsədovun kadrı kimi əlavə proteksiya və imkanlar əldə etməklə himayədarının qarşısında işgüzar imici qazanmaq üçən gərəkli səy göstərir. Lakin, bu səylərin fermerlərə fayda gətirəcəyinə şübhələr var. Heydər Əsədovun "Aqrolizinq"də apardığı kadr dəyişiklikləri necə deyərlər, heç bir işə yaramadı. Kənd Təsərrüfatı Nazirliyinin demək olar ki, ən gəlirli strukturlarından olan «Aqrolizinq» ASC-nin bu qurumda özünə “sığınacaq” tapmış başbilənləri nazir Heydər Əsədovun proteksiyasından sui-istifadə edərək şəxsi biznesinin hayına qalıblar. Söhbət əsasən fermerlər üçün nəzərdə tutulmuş güzəşt tariflərinin tətbiqi zamanı edilən maxinasiyalardan gedir. Belə ki, güzəştli lizinqlərin verilməsi prosesində fermerlərdən əlavə ödənişlərin tələb edilməsi halları var. Ümumilikdə, "Aqrolizinqin" xidmət cədvəlinə nəzər saldıqda, bunu xidmət olduğuna inanmaq istəmirsən. 3 mart 2008-ci ildə təsdiq edilmiş qiymət cədvəlinə nəzər salanda fermerlərə göstərilən aqrotexniki xidmətlərin hansı hesaba başa gəldiyini yalnız təsəvvür etmək kifayətdir. Belə ki, tutalım, 1 hektar sahədə kartof yetişdirmək istəyən fermerlər üçün aqrotexniki xidmətlərin ümumi xərcləri təxminən aşağıdakı kimidir. Şum aparılması-24-25 manat, torpağın yumşaldılması-16 manat,səpinqabağı hamarlama işləri-7 manat 50- qəpik, kartof basdırılması-50 manat, kartof çıxarılması-40 manat, dərman çilənməsi-10 manat və üstəgəl suvarma, kultivasiya xərcləri nəzərə alınmaqla 1 hektar kartof yetişdirmək üçün kifayət qədər yüksək məbləğ tələb olunur. Bu məbləğin üzərinə bir neçə nəfər daimi işçi saxlamaq və bizim nəzərə almadığımız digər xərcləri gəldikdə isə yetişdirilən məhsulun maya dəyəri xeyli artır. Bu neqativ hal son nəticədə bazarda hazır məhsulun qiymətlərində artımla müşayiət olunur. Bu baxımdan, "Aqrolizinq" ASC-nin fermerlərə göstərdiyi xidmət istər-istəməz rus demişkən, "ayı xidmətinə" çevrilir. Belə xidmət isə fermerin marağında deyil.
    Qeyd edək ki, son zamanlar Kənd Təsərrüfatı Nazirliyinin kuluarlarında aqrotexniki xidmətlərin tarifinin artırılması məsələsinin gündəmə gəldiyi iddia edilir. Bu barədə müxtəlif fikirlər səslənir. Bəzi mülahizələrə görə elektrik enerjisinin və digər yanacaq növlərini qiymətlərndə baş verən artımlar fermerlərə göstərilən aqrotexniki xidmətlərin istər-istəməz bahalaşmasına səbəb ola bilər.

    Rublika.az


    Facebook-da paylaş