• Ağstafada Məhərrəm Quliyevin korrupsiya idarəçiliyi

    Ağstafada Məhərrəm Quliyevin korrupsiya idarəçiliyi

    Dəfərlərlə müxtəlif səviyyələrdə qeyd olunub ki, rayonlarda bir çox icra hakimiyyətinin başçıları həftənin bir, ötsə iki günü rayonda olub, qismən idarəetmə işləri ilə məşğul olur

    Daxil olan məlumata görə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev həftənin birinci və ikinci günləri rayonda, digər vaxtlarda Bakıda özünün biznesinin başında olur. Rayonun idarəetməsini təhvil verib birinci müavini Ramiz Tatarova. Tatarov isə idarə, müəssisə, sahibkarlıq subyektlərindən rüşvət toplamaqla rayonda mağaza, obyekt yerləri, həyətyanı ev sahələrini satmaqla talançılıqla məşğul olur, Məhərrəm Quliyevə hər həftənin birinci günü “hesabat” verir. “Can canadır Ağstafada, kim kimədir bilinmir”, kütləvi şəkildə hamıdan rüşvət yığılır.

    Rayon sakinləri baş alıb gedən özbaşınalıqlarda əsas günahkar kimi icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevi göstərirlər. Əhalinin yetərli hissəsi başçının fəaliyyətindən narazıdır və bununla bağlı dəfələrlə aidiyyatı dövlət qurumlarına müraciət ünvanlayıblar. Məlumat üçün qeyd edim ki, icra başçısı şəxsən mənimlə görüşündə bildirib ki, mən Ramiz Mehdiyev məktəbini bitirmişəm və özünün 100 min manatlıq maşının olmasını fəxrlə dilə gətirmişdir. Adətən dövlət məmurları Heydər Əliyev idarəçilik məktəbini yetirmələri olduqları üçün fəxr edirlər.(politika) Bu şəxs ictimai-siyasi dairələrdə Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin kadrı kimi tanınır. Xatırladaq ki, Zeynal Nağdəliyev 2003-cü ildə Lənkəran şəhər icra hakimiyyətinin başçısı təyin edildikdən sonra Məhhərəm Quliyev icra başçısının müavini, Prezident Administrasiyasının şöbə müdiri təyin edildikdən sonra Məhərrəm Quliyev də həmin şöbənin baş məsləhətçisi olub. Onun Ağsatafa rayon icra hakimiyyətinin başçısı təyin edilməsinin arxasında birbaşa Zeynal Nağdəliyevin dayanması ilə bağlı iddialar var.Belə qənaətə gəlmək olar ki, Məhərrəm Quliyev Prezident Administrasiyasındakı himayədarlarına arxalanır. Yaddan çıxartmasın ki, onu rayona prezident təyin edib və o da xalqın xidmətçisidir. Rayonda baş verən bütün hadisələrə cavabdehdir və məsuliyyət daşıyır.

    5 ildir rayona rəhbərlik edən Məhərrəm Quliyev bu müddət ərzində bir çox yeyintilərə imza atıb. Məsələ burasındadır ki, Satınalmalar üzrə Dövlət Agentliyi ilə həyata keçirilən tenderlərdə “qalib” birmənalı olaraq icra başçısı və onun yaxın ətrafına məxsus şirkət, yaxud fiziki şəxslərdir. Belə ki, 2015-ci ildə keçirilən tenderlərin siyahısına nəzər yetirdikdə eyni adların təkrarlanması belə düşünməyə ciddi əsas verir. Əldə etdiyimiz məlumatlara görə, başçıya ən yaxın şirkətlərin arasında “Turan- İnşaat” MMC xüsusi olaraq diqqəti cəlb edir: «Bu MMC 2015-ci ildə bir neçə tenderin qalibi olub. Ağstafa Rayon İcra Hakimiyyəti bərk inventarların satın alınması – 9440 manat, Ağstafa İcra Hakimiyyəti üçün avadanlıqların satın alınması- 5790 manat, inzibati binanın cari təmir işlərinin satın alınması – 9485 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Tatlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən uşaq bağçasının əsaslı təmiri işlərinin satın alınması – 28632,52 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Dağkəsəmən kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi maşın və avadanlıqların satın alınması – 9970 manat. Başçının maliyyə əməliyyatlarını həyata keçirdiyi digər şirkət «Tamerlan-R» MMC-dir. Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi yumşaq inventarların satın alınması – 10860 manat, Səhiyyə Nazirliyi Ağstafa Rayon Mərkəzi Xəstəxanası digər maşın və avadanlıqların satın alınması – 52550 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi dəftərxana və təsərrüfat mallarının satın alınması – 18660 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi İdarənin saxlanması xərcləri üzrə satınalmalar – 6330 manat, bu işləri sözügedən şirkət həyata keçirib. Beləcə kağız üzərində külli miqdarda büdcə vəsaiti havaya sovrulub. Ötən il keçirilmiş tenderlərin qalibləri sırasında fiziki şəxslər də var. Onlardan biri Abbasov Mehman Həsənəli oğludur ki, o daha çox mədəniyyət sahəsində işləyib. Mədəniyyət və Turizm Nazirliyinin Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsinin digər maşın və avadanlıqların satın alınması – 25150 manat- işini bu adam görüb».

    Araşdırmalar göstərir ki, Məhərrəm Quliyevin qanuna sığmayan əməlləri özünü bir çox sahədə, o cümlədən səhiyyə sektorunda da büruzə verməkdədir. Bir müddət əvvəl Ağstafa rayon Mərkəzi Xəstəxanasında dövlət vəsaitlərinin talan edildiyi üzə çıxıb. Korrupsiyanın dizə çıxmasının səbəbkarı olan baş həkim İlham Mustafayev hər yerdə bildirir ki, bu pulları təkbaşına yeməyib və onu Səhiyyə Nazirliyi ilə Ağstafanın icra başçısı Məhərrəm Quliyev arasında bölüşdürüb.
    Daxil olan məlumatda vurğulanır ki, baş həkimin səriştəsizliyi və idarəçilik qabiliyyətinin aşağı həddə olması səbəbindən xəstələr də ciddi əziyyət çəkirlər. Onların cibinə girilməsi, müalicə üçün pulun alınması artıq adi hala çevrilib. Bundan əlavə, Ağstafada çalışan həkimlər isə İlham Mustafayevə aylıq haqq vermək məcburiyyətindədirlər. Sözügedən tibb ocağında tender oyunları da həyata keçirilib. Məsələn, ötən il baş həkim avadanlıqların alınması adı altında 75300 manat vəsaiti öz şəxsi məqsədlərinə sərf edib. Ardından isə inventarların satın alınması üçün ayrılmış 76500 manatı da həkimlərin ayağına yazaraq onlardan yığdığı pullarla prosesi reallaşdırıb. Ağstafa Mərkəzi Xəstəxanasını ərzaqla təmin etmək üçün 54 min manat pul sərf olunub. Amma dəftərxana ləvazimatlarının alınmasına isə 40 min manat. Elə yeyintinin əsas görünən tərəfi də budur. Faktiki rəqəmlər baş həkimin hansı işlərlə məşğul olduğunu üzə çıxarır. Göründüyü kimi, icra başçısı rayonda dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrin keçirdiyi tenderləri öz nəzarətində saxlayaraq müəyyən maraqlarını reallaşdırır. Nəticədə dövlət büdcəsinə ağır zərbə vurulmuş olur. İnanırıq ki, əlaqədar dövlət qurumlarının rəsmiləri Ağstafa rayonunda hökm sürən məmur özbaşınalıqları ilə bağlı tezliklə ölçü götürəcəklər.

    Rublika.az


    Facebook-da paylaş