"İrəvandakı hadisələr Qarabağ məsələsinə bağlı olan prosesdir" - Ekspert
"Yeni Ermənistan" hərəkatının bir qrup üzvü iyulun 17-də paytaxt İrəvan yaxınlığındakı Erebuni rayonunda yerləşən polis patrul alayının binasını ələ keçiriblər. Onlar yüksək rütbəli polis zabitlərini və digər əməkdaşları da girov götürüblər. Girovlardan bəzilərini azad etsələr də, 4 nəfəri hələ azad olunmayıb. Silahlı qrup həbsdə olan Jiray Sefilyanın azad olunmasını, həmçinin, Serj Sarksyanın istefasını tələb edir.
- Ermənistanda nə baş verir?
- Ermənistanda baş verən prosesləri hətta hakimiyyət özü təşkil etməyibsə belə, onun marağına cavab verir. Bir müddət öncə də Ermənistanda Rusiya əleyhinə intensiv aksyalar keçirilməyə başladı, çünki artıq Rusiya Ermənistana kredit vermirdi. Elektrik enerjisinin qiymətinin artması bəhanə gətirilərək, Rusiya əleyhinə intensiv aksiyalar başlandı. Bu da sonda 200 milyonluq bir kreditlə nəticələndi. İndi də Dağlıq Qarabağ münaqişəsinin həlli gündəmdədir və Ermənistan hakimiyyətinin heç bir manevr imkanları yoxdur. Ona görə də bu cür vasitələrə əl atırlar.
- Bu cür hadisələrin Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərindən əvvələ düşməsi təsadüfdürmü? (qaynarinfo)
- Əlbəttə, xeyr. Yadınızdadırsa, Moskva görüşü öncəsi Jirayr Səfilyan deyilən bir ekstremist, bir quldur, başının dəstəsi ilə guya çevriliş etməkdə suçlandırılaraq həbs edildi. Bu, Serj Sarksyanla çiyin-çiyinə vuruşmuş, eyni psixologiyanın daşıyıcısı, eyni mənəviyyatın daşıyıcısı olan bir adamdır. Ona görə həbs edirlər ki, guya Ermənistanda çox böyük bir narazılıq var, Dağlıq Qarabağ məsələsində heç kim güzəşt edilməsini istəmir, əgər Sarksyan güzəşt edərsə, dövlət çevrilişi baş verər. Bu, tutulma əməliyyatının arxasındakı niyyət bu idi. Ermənistan hakimiyyətinin manevr imkanları tükəndiyindən, bax, bu cür şoulara əl atır.
- ABŞ Ermənistan rəhbərliyini təmkinli olmağa çağırıb. Sizcə, Sarksyan buna görə qiyamçılara qarşı səbr nümayiş etdirir?
- Hazırda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi gündəmdədir. Bu görüş ərəfəsində yenə də Sarksyanla eyni mənəviyyatın daşıyıcıları, eyni dərəcədə əli qana bulaşmış bir qrup quldur hansısa polsi idarəsini ələ keçirib, guya Səfilyanın buraxılmasını tələb edir, Dağlıq Qarabağla bağlı ekstremist fikirlər irəli sürürlər. Biz 2008-ci ilin mart hadislərindən yaxşı bilirik ki, Sarksyan hakimiyyəti üçün təhlükə yarananda insanları məhv etməkdən çəkinmir. İndi necə olur ki, iki cüt-bir tək quldur polis idarəsini ələ keçirir və bunlar da durub baxırlar, gözləyirlər.
- Amma elə görüntü yaranır ki, sanki Ermənistan hakimiyyəti daxildən təzyiqə məruz qalır, çıxılmaz vəziyyətdədir...
- Bəzi həmsədr dövlətlərdə də artıq fikirlər səslənir ki, bu hadisələr Ermənistanın kompromis imkanlarının məhdud olduğunu göstərir. Bu hadisələr eyni ilə Ermənistanda Rusiya əleyhinə təşkil olunan aksiyalar kimi qərbin də maraqlarına cavab verən və birbaşa Dağlıq Qarabağ məsələsinə bağlı olan prosesdir. Bir halda ki, güc tətbiq etməklə Dağlıq Qarabağ münaqişəsinin həllinə bu cür təsir etmək olur, onda o həmsədr dövlətlər yaxşı olar səslərini içlərinə salsınlar, qoysunlar Azərbaycan ordusu eyni vasitə ilə məsələni çözsün. Onda heç kimə yalvarmağa ehtiyac qalmayacaq. Həmin o erməni cinayətkar rejim özü həmsədrlərə yalvaracaq ki, biz sülh yolu ilə, danışıqlar yolu ilə, beynəlxalq normalara uyğun olaraq münaqişənin həllinə hazırıq.
Rublika.az
Facebook-da paylaş