• Bankların bağlanmasında yeni mərhələ - dörd bankın lisenziyası ləğv edildi

     Bankların bağlanmasında yeni mərhələ - dörd bankın lisenziyası ləğv edildi

    Əmanətçilərin pulları yenə təhlükədə - müflis fond Mərkəzi Bankdan borc alacaq, bank sistemində isə böhran davam edəcək...

    İlin əvvəlində ona yaxın bankın bağlanmasından sonra səngiyən proses yenidən başlanıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, dörd bankın- “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib. Ekspertlər prosesin davamlı olacağını güman edirlər. Həmçinin bildirilir ki, lisenziyaların ləğvi bank sistemindəki böhranı daha da dərinləşdirəcək.

    Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib. Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda rısklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib.

    Bildirilir ki, bankların dördü də Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda olan qorunan əmanətləri fond tərəfindən ödəniləcək.
    Palata sözügedən banklara ləğvedicinin təyin edilməsi barədə məhkəməyə müraciət edib və bu bankların gələcəkdə ləğvi MBNP-nin nəzarəti altında aparılacaq.

    Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə iyulun 22-də keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan Beynəlxalq Bankı və Bank Standarddan başqa ölkədə bu gün problemli bank yoxdur. Onun sözlərinə görə, bu bankların bağlanması ilə bağlı məsələ bu gün gündəmdə deyil.

    O, həmçinin qeyd edib ki, banklarda olan qorunan əmanətlər bankın böyüklüyünə görə dəyişir. Dörd bankda qorunan əmanətlərin ümumi məbləği 140 milyon 300 min manatdır. “Report”un xəbərinə görə, R.Aslanlı bildirib ki, bu əmanətlər 40,7 min hesabda toplanıb: “Amma bu o demək deyil ki, bu qədər qorunan əmanətçi var. Çünki bir şəxsin bir neçə hesabı var. Hazırda bu məsələ ilə bağlı dəqiqləşdirmə aparılır və ondan sonra əmanətçilərə kompensasiya ödənilməsi məsələsinə baxılacaq”.

    Ekspert Əkrəm Həsənovun sözlərinə görə, bankların bağlanması davam edəcək: “Ardı yenə olacaq. Bank sistemində vəziyyət olduqca ağırdır, amma buna görə məsuliyyətə cəlb olunan yoxdur. Vaxtaşırı banklarımızın etibarlılıq reytinqini dərc edirəm və deyirəm ki, hesabatını dərc etməyən bankların vəziyyəti pis olduğu üçün bunu etmirlər. Budur- onların sırasından dördü də tarixə qovuşdu. Bank sisteminin çökməsi bank sahiblərinin və menecerlərinin acgözlüyü, əliəyriliyi və savadsızlığının, habelə onlara indiyədək nəzarət etmiş Mərkəzi Bankın səlahiyyətlərini bərbad şəkildə icra etməsinin nəticəsidir. Reytinqlərə nəzər yetirsəz, görərsiz ki, bu, son deyil, ardı mütləq olacaq. Amma indi əsas sual başqadır: bankları bu hala salanlar məsuliyyətə cəlb ediləcəkmi, yoxsa bank sisteminin bütün problemlərinə görə yalnız Canahgir Hacıyev cavab verəcək? Bu həftənin əvvəli bununla bağlı yeni yaradılmış Maliyyə Sabitliyi Şurası üzvlərinə müraciət də göndərmişəm”.

    Ekspertin sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondunun pulu qalmayıb: “Deyilənə görə, bağlanan bu 4 bankda 140 milyon manat sığortalanmış əmanət var. Deməli, Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri qaytarmalıdır. Amma fondun pulu yoxdur artıq. Haradan qaytaracaq? Yenə də Mərkəzi Bankdan kredit götürəcək və Mərkəzi Bankın vəsaiti əriməkdə davam edəcək. Onu da deyim ki, bu banklarda sığortalanmayan əmanət də az deyildi. Əsasən yüksək faiz dərəcəsi ilə cəlb olunanlar vardı ki, onlar batdı. Sahibkarların da bu banklardakı pulu batdı. Vətəndaş bir neçə min manat borca görə az qala çarmıxa çəkilir, amma bank sahiblərinin və menecerlərinin mənimsədiyi pula görə heç kəs cavab vermir. Deməli, bankın pulu bata bilməz, amma bankda pul bata bilər?”

    Qeyd edək ki, birdən-birə dörd bankın bağlanması Əmanətlərin Sığortalanması Fondunu da müflis edib. Əslində fond daha əvvəl müflis olduğundan, bu dəfə də borc götürəcək. Bildirilir ki, Əmanətlərin Sığortalanması Fondu 100 milyon manat borclanmaya gedəcək. Bununla bağlı Mərkəzi Banka resurs üçün müraciət ediləcək.

    “Mərkəzi Bankdan hazırda 22 milyon manat vəsait götürmüşük. Əlavə olaraq, 100 milyon manat da vəsaitə ehtiyac olacaq”,- deyə fondun icraçı direktoru Azad Cavadov bildirib. "Lisenziyası ləğv olunan 4 bankda cəmi əmanətlər 187 milyon manatdır. Qorunan əmanətlər 140 milyon manatdır. 126 milyon manat kompensasiya məbləğidir. Lisenziyası ləğv olunan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 956 min manat təşkil edir. Hazırda fondun 26 milyon manat vəsaiti var".

    Rüfət Aslanlı həmçinin bildirib ki, qorunan əmanətlər üzrə faiz dərəcəsinə baxmağa hazırdır: “Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan manatı ilə qorunan əmanətlərin faiz dərəcəsinin yuxarı həddinə baxmağa hazırdır”. Onun sözlərinə görə, bu məsələ təkcə rəhbərlik etdiyi qurumda deyil, Azərbaycan Mərkəzi Bankı ilə birlikdə müzakirə obyekti olmalıdır: “Bu məsələdə iki monetar qurumun baxışları əlaqələndirilməlidir”. Ləvğetmədə olan bankların əmlakı isə onlayn rejimdə satılacaq. Bankların varidatları, torpaqları, əmlakları, kompüterləri satışa çıxarılacaq. Bankların əmlakları “Emlakadif.az” saytında onlayn hərraca çıxarılacaq.

    Ekspert Qubad İbadoğlu isə vurğulayıb ki, bankların əsas bağlanma səbəbi bir sıra bankların maliyyə mötəbərliliyini və adekvatlığını itirməsi səbəbindən defolt vəziyyətinə düşməsidir: “Bu qərardan sonrakı vəziyyətə gəlincə, dörd bankın bağlanması ilə maliyyə sistemində işlərin yoluna düşəcəyi, banklara və manata olan etimadın artacağı ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının adından açıqlanan fikirləri də bölüşmürəm. Çünki bankları bundan sonra daha ciddi sınaqlar gözləyir. Onların hazırkı ağır vəziyyətdən çıxması bütövlükdə milli iqtisadiyyatın, xüsusilə də biznesin və ev təsərrüfatlarının durumundan asılıdır ki, bu da yaxın dövrlər üçün həlli mümkün olan məsələlərdən sayıla bilməz. Çünki islahatların ləngiməsinə görə milli iqtisadiyyatda geriləmələr genişlənməklə yanaşı həm də sürətlənir. Hesab edirəm ki, bankların bağlanması hazırda mümkün olan pis variantlardan ən yaxşısı hesab oluna bilər. Onun ümumi sistemə neqativ təsirlərinin neytrallaşdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmanətlərin Sığortalanması Fondu, ləğvetmə komissiyası əhali və xüsusilə də müştərilər arasında izahat işi aparmalıdır. Bu isə operativ açıqlamalar, qaynar xətlərin yaradlmasını tələb edir. Əks təqdirdə, banklarla müştərilər arasında yaranacaq problemi tənzimləmək çox çətin olacaq. Fikrimcə, bankların kapitalının təmərküzləşməsi və onların konsolidasiyası davam etməlidir. Bu isə hələ bir neçə bankların birləşməsi və bağlanmasını zəruri edəcək”.

    Ekspert Vüqar Bayramov isə qeyd edib ki, bu qərar gözlənilən idi: “Hələ ötən ilin sonunda bankların sayının azalacağını bildirmişdim. Amma təbii ki, bunlar da bağlanan sonuncu banklar olmayacaq. Neft bumu dövründə yüksək faizlərlə böyük gəlirlər qazanan ”ərköyün banklar" postneft dövrünə hazır ola bilmədilər. Təəssüf ki, öz funksiyalarını tam yerinə yetirməyən, amma lisenziyası geri alınmayan bankların sayı heç də az deyil. Hazırda əmanətçilərin öz halal pullarını qaytara bilmədikləri banklar var, amma təəssüf ki, palata onların lisenziyasının ləğv edilməsi barədə qərar qəbul etmir. Nəticədə sığorta hadisəsi baş vermədiyindən əmanətçilər öz depozitlərini geri götürə bilmirlər. Əslində belə bankların da lisenziyasının geri alınması və əmanətlərin tam şəkildə fond tərəfindən ödənilməsi təmin edilməlidir".

    Rublika.az


    Facebook-da paylaş