• AZAL-ın bilet satışını kimlər inhisara alıb?

    AZAL-ın bilet satışını kimlər inhisara alıb?

    “Era Style” ölkənin turizm bazarında monopolistə çevrilib?

    İyulun əvvəllərində Rusiya Turoperatorları Assosiasiyası biletlərin bahalaşması ilə bağlı məlumat yaymışdı. Həmin məlumatda “Moskva-Antalya” biletlərinin 75,6 faiz bahalaşmasından söz açılır. “AZAL”ın biletləri isə 264 faiz bahalaşıb (haqqin.az). Ötən il dövlət başçısı aviabiletlərdə şişirdilmiş qiymətlərin aradan qaldırılması ilə bağlı “Azərbaycan Hava Yolları”na tapşırıq vermişdi. Bu tapşırıqlardan sonra, AZAL qiymətlərdə endirimlər edəcəyini açıqlamışdı. Lakin ötən ilin yay aylarında bu endirimlərin belə böyük əhəmiyyət daşımadığı üzə çıxmışdı.

    Məsələn, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təyyarə biletlərinin ən aşağı qiymətlərini təxminən 20 faiz azaltması barədə verdiyi açıqlama müştərilərin ümidlərini tam doğrultmadı”. Onun sözlərinə görə, AZAL təyyarə biletlərini ən azı 40 faiz ucuzlaşdıra bilər. “Şirkətin sərnişin daşımaya çəkdiyi xərclər başqa aviaşirkətlərlə müqayisədə çox aşağıdır. AZAL yanacağı ucuz qiymətlərlə alır, tikinti və infrastruktur xərcləri üçün dövlətdən subsidiyalar verilir. Təyyarələri dövlət vəsaiti ilə əldə edir. Belə olan halda şirkət niyə tam bazar şərtləri ilə işləyən aviaşirkətlərdən daha baha qiymətə bilet satır?” ,- deyə iqtisadçı alim vurğulayıb.(qafqaznews) AZAL-ın bu rəqabətdə uduzduğu göz qabağındadır. Hər gün Azərbaycandan yüzlərlə sərnişin Gürcüstana gedərək Tiflis hava limanından dünyanın müxtəlif şəhərlərinə uçur. Adambaşına qiymət fərqi 100 avrodan 250 avroya qədər olduğundan cütlüklər bəzən bu səfərlə 500 avroya qədər pula qənaət etmiş olurlar. Beləliklə, AZAL-ı güclü və rentabelli, həmçinin rəqabət qabiliyyətli şirkətə çevirmək üçün xərclənən dövlət vəsaitləri istənilən nəticəni vermədən havaya sovrulur. Məsələ bundadır ki, aradan 25 il keçməsinə baxmayaraq, bu şirkətlər sovet irsindən xilas ola bilməyiblər. Sovet standartlarına görə, hər bir müəssisənin ümumi işçi sayının 25 faizi mühəndis-texniki işçilər (MTİ) olmalı idi.

    Qərbdə isə həmin illərdə bu rəqəm 7 faizdən yuxarı deyildi. Yəni bazar iqtisadiyyatına keçən dövlət müəssisələri daha çevik menecer qrupu təmin etməklə rentabelliyi yüksəltməli idilər. Təəssüf ki, müstəqillik illərində Azərbaycanın dövlətə məxsus biznes qurumlarında MTİ heyətinin payı getdikcə şişməyə başladı. Hazırda kim bilir, bəlkə də, bu pay 40-50 faizə qədər artıb. Dövlətə məxsus biznes şirkətləri bu barədə məlumatları açıqlamağı sevmirlər. Yəni AZAL-ın timsalında indi uçuşda və xidmətdə çalışan hər bir sadə işçinin başının üzərində bir nəfər inzibatçı olduğunu ehtimal etmək olar. Bu isə təbii ki, biletlərin qiymətini xeyli bahalaşdırır. Vüqar Bayramov bu problemi həll etmək üçün AZAL-da ciddi islahatlar aparmağı məsləhət görür: “Düşünürəm ki, AZAL-ın səhmlərinin 49 faizi hərraca çıxarılaraq özəlləşdirilməlidir. Qalan 51 faiz isə strateji məqsədlərlə dövlətin əlində qalmalıdır. Həmin 49 faiz payı alan şirkətlər AZAL-ın işinə nəzarət edərək lazımsız xərclərin qarşısını ala bilər”(ANS PRESS).

    Millət vəkili Fazil Mustafa isə 16 yaşlı oğlunu Londona dil kursuna göndərən dostundan bilet puluna 300 AZN də əlavə ödəniş tələb olunduğunu açıqlamışdı. “Adam öz ölkəsinin şirkətinə fayda vermək istəyir, ancaq öz şirkətimiz bizlərə bu imkanı heç cür vermək istəmir. Bir dostumuz oğlunu Londona dil kursuna göndərir. Təyyarə bileti üçün AZAL-a müraciət edir. Uşağın 16 yaşı tamam deyil. Prezidentin göstərişindən sonra nisbətən ucuzlaşan bilet qiymətlərinin yerinə maraqlı hoqqa düşünülüb” – deyə deputat qeyd edib.Qafqaznews.az xatırladır ki, 2015-ci il iyulun 15-də qafqaznews.az saytında “Azərbaycan aviasiyasının Cahangir – Mahir yarası” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə sayta məlumat verən mənbəyə istinadən, Cahangir Əsgərov və onun şəriki Mahirə məxsus Summer Tour və Era Style şirkətlərinin turizm bazarında şəriksiz monopolist olmasından bəhs edir: “Bakıdan Antalyaya, Bodruma yay tətilinə uçan vətəndaşların olduğu təyyarələrdə 170-180 oturacaq var. Mahir mart ayından AZAL-a öncədən milyonlarla pul ödəyərək hər bir oturacağa 250 AZN gediş-gəliş haqqı ödəyir və bütün yerləri bron edir.

    170-180 oturacaq hamısı Era Style-nin əlində olur. Özü isə şirkətin üzərindən yerləri 540 AZN-a satır. Və kimsə AZAL-ın aviakassalarından bilet əldə etmək istəsə, bildirirlər ki, bilet yoxdur, istəsəniz Era Style-dən əldə edə bilərsiniz. Təbii ki, biletləri Era Style turpaket olaraq satır. Yəni oteldə keçəcək günləri hesablayaraq sifarişçiyə deyilir ki, bilet var və biletin qiyməti 540 AZN-dır.

    Vətəndaş bildirəndə ki, sizdə otel qiymətləri çox bahadır, siz mənə sadəcə bilet verin, oteli özüm Turkiyədə alacam, o zaman bildirilir ki ayrıca bilet almaq istəsəniz biletin qiyməti gediş-gəliş 700 AZN olacaq, özü də “ekonom-klass”da. Bakıda Era Style sizi yola salır, Türkiyədə “Summer Tour” adlı şirkətimizin əməkdaşları qarşılayır. Eyni sistemi Mahir Türkiyə otellərində də edib”. Məlumat üçün qeyd edək ki, 4 mayda Milli Məclis “Antiinhisar fəaliyyəti haqqında” Qanun qəbul edib. Bu qanunun 2.18-ci maddəsinə görə, inhisarçı qanun qarşısında məsuliyyət daşıyır. Və bu qanununun icrasına Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə üzrə Dövlət Xidməti nəzarət edir. Kavkaznews.az saytı da bu istiqamətdə araşdırma aparmış, bəzi suallara cavab tapmağa çalışmışdı: Era Style şirkəti təyyarə biletlərini 250 manata alır ?

    Doğrudanmı, Era Style şirkəti vətəndaşlara təklif etdiyi turpaketin qiyməti 540 manatdır? Şirkət AZAL-dan aldığı biletləri 700 manata satır? Suallara cavab almaq üçün Era Style şirkəti ilə əlaqə saxlamağa çalışsaq da mümkün olmadı. Onda internetdən məlumat toplamaq qərarına gəldik. Və 1news.az saytında 3 sentyabr 2014-cü il tarixli aşağıdakı məlumata rast gəldik: “Ən gözəl mövsüm olan sentyabr ayında Antayla və Bodrumda istirahət 499 manata başa gəlir. Məhz bu periodda “Era Style” şirkəti İstambula uçuşlar təklif edir. Məhz bu vaxt AZAL və “Turkish Airlines”ın təklif etdiyi biletlər 2 dəfə ucuz olur”,-məqalədə deyilir.

    Biz Era Style şirkəti ilə bağlı suallarımızı turizm agentliklərinə yönəltməli olduq. “Tornado Travel”in nümayəndəsi qafqaznews.az-ın yazdıqlarını təsdiq etdi. “Improtex Travel Tours” şirkətinin nümayəndəsi daha müfəssəl məlumat verdi: “Era Style şirkəti AZAL-dan təxminən 1 ay öncə biletləri alır. Biletin dəyərinə Era Style şirkətinin təklif etdiyi turpaket də daxildir”. Improtex Travel Tours şirkətinin nümayəndəsi Era Style şirkətinin biletləri təkrar satması ilə bağlıqafqaznews.az-ın yazdıqlarını təsdiq elədi.

    Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Kavkaznews.az-a bildirib: “Era Style şirkəti AZAL-dan aldığı biletləri təzədən vətəndaşlara sataraq istehlakçı hüququnu pozur və bu sferada inhisar yaradır. Düşünürəm ki, Antiinhisar Dövlət Xidməti bunun qarşısını almalıdır”.

    Məsələ ilə bağlı hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fikirlərini öyrənmişdik: “Adətən turist şirkətləri bileti 1 ay əvvəlcədən alırlar. Ancaq bir turist şirkətinin bu qədər turisti aparması mümkün deyil. Ona görə, adətən bir şirkət yerlərin çoxunu alır və sonra başqa şirkətlərə satır”. Qeyd edək ki, devalvasiyadan sonra AZAL-ın da biletlərində bahalaşma olub. AZAL-dan report-a bildirilib ki, avro ekvivalentində aviabiletlərin qiyməti dəyişməz qalıb: “Lakin Azərbaycan ərazisində bütün hesablaşmalar milli valyuta ilə həyata keçirilməli olduğundan, biletlərin qiyməti IATA-nın şərtlərinə əsasən, Azərbaycan Mərkəzi Bankının avronun rəsmi məzənnəsinə uyğun ödəniləcək. Ölkə daxilində aviadaşımaların tarifləri Tarif Şurası tərəfindən müəyyənləşdirilir və hazırda əvvəlki qiymətlər dəyişməz qalıb”. Ölkə mətbuatına nəzər salarkən, azpolitika.info-dan bu sətirlər də diqqəti çəkir:

    “Dövlət başçısının da bildirdiyi kimi, bu şirkətin bütün xərcləri dövlət büdcəsindən ödənilir. Son 10 ildə təkcə büdcənin investisiya xərcləri bölməsindən “Azərbaycan Hava Yolları”na 860 milyon manat vəsait ayrılıb. 2005-ci ildə – 5 milyon, 2007-ci ildə – 25 milyon, 2008-ci ildə – 28 milyon 200 min, 2009-cu ildə – 54 milyon 721 min, 2010-cu ildə – 115 milyon 200 min, 2011-ci ildə – 261 milyon 521 min, 2012-ci ildə – 232 milyon 650 min 2013-cü ildə – 177 milyon 864 min, 2014-cü ildə – 20 milyon. Həmin vəsaitlər hesabına Qəbələdə, Qubada yeni aeroportlar tikilib, Heydər Əliyev adına Hava Limanının yeni binası inşa olunub, təyyarə və vertolyotlar alınıb. Bundan əlavə, yanacaq və digər xərclər üçün isə büdcənin cari xərclərindən son bir neçə ildə hər il 10 milyon manata yaxın vəsait ayrılıb. Amma bilet və digər xidmətlərdən əldə olunan gəlirlər hesabına büdcəyə ödəniləcək vergi olduqca simvolikdir. “AZAL” iri vergi ödəyicisi kimi büdcə qarşısında öhdəlikləri yerinə yetirmir. Ən böyük vergi borcu olan dövlətin iri şirkətlərindən biridir. Belə ki, ötən il büdcəyə 29 milyon manat vergi ödənişi nəzərdə tutulsa da, bunun 14,5 milyon manatını yerinə yetirə bilib.

    Deməli, təkcə ötən il büdcə qarşısında təqribən 14 milyon manat borclu qalıb. Bununla “AZAL” rentabelli olmaması haqda təsəvvür yaradır və biletlərin qiymətinin baha olmasını əsaslandırmağa çalışır. Heç bir hesabatlılığın olmaması isə şirkətin daha geniş əl-qol açmasına, dövlət vəsaitini qeyri-şəffaf, istədiyi kimi xərcləməsinə imkan verir”. Ötən il iyulun 20-də Qafqaznews.az saytında “Milan-Bakı reysinin uçuşunda problem yaranıb” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə həmin reysin sərnişinlərinin redaksiyamıza müraciətindən bəhs edirdi. Məlumata görə, AZAL-ın Aerobus-320 təyyarəsi köhnə olduğuna görə problem yaranıb və bu problem ilk dəfə deyil. AZAL-ın köhnə təyyarələri ilə bağlı növbəti yazılarda geniş söz açacağıq.Qafqaznews.az saytı bu istiqamətdə araşdırmalarını davam etdirir…

    rublika.az


    Facebook-da paylaş