• Hökumət riskə gedir: 5 milyard borc...

    Hökumət riskə gedir: 5 milyard borc...

    Ekspertlər bildirirlər ki, hökumət israrla borc axtarmağa və ağır şərtlərlə borclanmağa cəhd edəcək...

    Azərbaycanın xaricdən kredit alması yenidən gündəmdədir. “Moody’s” beynəlxalq reytinq agentliyinin “0" proqnozundan sonra bu məsələ yenidən diqqət çəkib. Belə ki, ”Moody’s" Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu tamam aşağı salıb. Agentlik iyunda verdiyi proqnoza yenidən baxaraq, real Ümumi Daxili Məhsulun ( ÜDM) artımını 1 faizdən 2017-ci ilə 0 faizə qədər endirib. 2016-cı ildə agentlik ÜDM-in 0,7 faizə qədər azalacağını proqnozlaşdırır.

    “Moody’s” maliyyə sektorunda vəziyyətin pisləşməsini, devalvasiyanın əhalinin alıcılıq qabiliyyətinə təsirini və ikirəqəmli inflyasiyanın artmasını nəzərə alır. Ölkə iqtisadiyyatının inkişaf sürətinin azalmasına gətirib çıxara biləcək risklərin olduğunu qeyd edib. Azərbaycanın makroiqtisadi proqnozlarının pisləşməsi energetika bazarlarının dəyərləndirilməsi və neft qiymətləri ilə bağlı ümidlərin azalması ilə əlaqədardır. Bundan başqa, “Moody’s” Azərbaycanın maliyyə sisteminə təzyiqin artmasını, ödəmə balansının vəziyyətini, milli valyutaya etibarın azalmasını və bank sisteminin dollarlaşmasını qeyd edib.(musavat)Natiq Cəfərlinin sözlərinə görə, beynəlxalq maliyyə qurumlarından kredit axtaran Azərbaycan hakimiyyətinin imkanları daralır: “Ya ona pul verən olmayacaq, ya da çox yüksək faizlə borc alacaq”. O həmçinin deyib ki, bu proqnoz ölkəyə investisiya qoymaq istəyən xarici iş adamlarını ölkədən qaçıracaq. Ölkəyə kapital qoyuluşu zəifləyəcək və gələcəkdə bunun ciddi fəsadları olacaq. Onun sözlərinə görə, getdikcə Azərbaycanın valyuta tələbatını ödəyə bilmək qabiliyyəti tükənəcəyindən manata təzyiqlər davam edəcək, yəni manat dollara nisbətdə daha da ucuzlaşacaq.

    Qubad İbadoğlu isə musavat.com-a açıqlamasında bildirib ki, xaricdən borclanma indiki durumda risklidir: “Bizim borclanma siyasətimiz, borcun idarə edilməsi də mövcud qanunvericilik çərçivəsində aparılmır. Məsələn, Monteneqroya 175 milyon borc verdik, amma xarici dövlətlərə 106 milyon limit qoyulmuşdu. Limitdən iki dəfə çox borc verdik. Borclanma siyasətimizdə ən böyük problem ondan ibarətdir ki, aldığımız borcların faiz dərəcəsi xeyli yüksək, verdiyimiz borclar isə çox aşağıdır. O demək deyil ki, biz ucuz kredit veririk. O deməkdir ki, borclarımızı yüksək faiz dərəcəsi ilə alırıq. Bu narahatçılıq getdikcə artır və əlavə xərclərin artımını şərtləndirəcək. Çünki Azərbaycanın kredit verimliliyi aşağı düşüb. Ölkənin investisiya cazibədarlığı azalıb. Belə olan halda beynəlxalq maliyyə, kredit təşkilatları ölkələrə çox yüksək faizli kreditlər verirlər. Bu yüksək faizli kreditlərin də qaytarılması məsuliyyəti qalır gələcək nəslin üzərində. Ona görə borc məsələsində ehtiyatlı yanaşmanın tərəfindəyəm. Hazırda aparılan danışıqlara Dünya Bankından 1 milyard, Avropa Yenidənqurma və İnkişaf Bankından 1,5 milyard , Avropa İnvestisiya Bankından 2 milyard və Asiya İnkişaf Bankından 450 milyon dollar vəsaitin cəlb edilməsi, təxminən 5 milyard dollara yaxın vəsaitin cəlb edilməsi üzərində qurulub. Yəni bu vəsait birbaşa hökumətə deyil, hökumətin təminatı ilə şirkətlərə ötürülə bilər. Nəticədə yenə də dövlətin təminatı ilə olan borc sayılır. Bu baxımdan, danışıqlar açıq olmalıdır.

    Müzakirələrdə Azərbaycan çalışmalıdır ki, həqiqətən ölkənin artan xərclərində borc yükünün təsirini azaltmaq üçün uzunmüddətli və aşağı faizlə borclara girsin. İndiki halda Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsində çətinlik yaranacaq”.

    Ekspertlərin fikrincə, bundan sonra hökumət xaricdən borc almaqda çətinlik çəkəcək, həm də Azərbaycana verilən borcların faiz dərəcəsi yüksək olacaq. Yəni hökumət borc almağa davam edərsə, yaranacaq xərcləri ödəməkdə kifayət qədər çətinlik çəkə bilər. Digər məqam ondan ibarətdir ki, ölkəyə investisiya cəlb etmək heç də asan olmayacaq. Ekspertlər bildirirlər ki, indi ölkənin çox ciddi valyutaya, yatırımlara, kreditə ehtiyacı var. Bundan sonra Azərbaycana kifayət qədər yüksək həcmli kreditlər lazımdır. Bu baxımdan, hökumət israrla borc axtarmağa və ağır şərtlərlə borclanmağa davam edəcək...

    Rublika.az


    Facebook-da paylaş