• Azərbaycanda nazirlər ölkəni fəlakətə sürükləyir, Prezidentin xəbərdarlıqlarını isə qulaqardına vurur

    Azərbaycanda nazirlər ölkəni fəlakətə sürükləyir, Prezidentin xəbərdarlıqlarını isə qulaqardına vurur

    Məmurlar Azərbaycanı iqtisadi fəlakətin içərisinə sürükləyir. Prezident İlham Əliyevin sosial-iqtisadi islahatlarının əksinə gedən Nazirlər Kabineti ölkədə sosial gərginlik üçün zəmin yetişdirir...

    Bu araşdırmalar və analizlərin çıxardığı nəticənin ümumi leytmotivi ondan ibarətdir ki, oliqarxlamış odioz nazirlər və yüksək çinli məmurlar iqtisadi böhranın dünyada dərinləşdiyi bir zamanda əhali arasında təşviş, gərginlik yaradır.

    Sosial problemlərin islahatlar yolu ilə mərhələli şəkildə həll etmək əvəzinə paytaxtda və regionlarda insanlar çörəklə imtahana çəkilir. 2011-ci ildə də bəzi məmurlar özfəaliyyət təşəbbüsü ilə irəli çıxaraq rayonlarda sosial etirazların yetişməsində, bölgələrdə xalq üsyanlarının başlamasında rol oynadılar.

    Elə o zaman dövlət rəhbərliyinin xalqla sıx təması və birgə əzmi sayəsində xaosa aparmayacaq bir yola girildi. Vətəndaşların etiraz səsi eşidildi. Həmçinin, 2-ci devalvasiyadan sonra da baş qaldıran etirazlara görə məmur özbaşınalığı xüsusi suç sahibiydi.(politika)

    Manatın üzən məzənnəyə keçidindən sonra un və digər məmulatların qiymətində bahalaşma qeydə alındı.

    Rayonlarda etiraz aksiyaları başlandı. Bu süni qiymət artımında da məmur özbaşınalığı vardı. Ancaq məsələ həllini tapdı. Bu dəfə yenidən məmur özbaşınalığı çörəyin bahalaşması ilə nəticələndi.

    İqtisadiyyatın ağır durumda olması, əhalinin kreditləri ödəyə bilməməsi, kommunal xərclərin qalxması, rayonlarda insanların bir tikə çörək uğrunda sözün həqiqi mənasında savaş aparmasını nəzərə alsaq məmurların prezidentlə xalqı üz-üzə qoyduğunu görmək olar.

    Azərbaycan xalqı və o cümlədən biz media olaraq hər zaman dövlətin inkişafını üstün tutumuşuq. Prezidentin sosial islahatları həmişə bəyənilib, dəstək verilib, təqdir olunub.

    Amma bəzi odioz, ölkədə çaxnaşma, qarışıqlıq istəyən məmurlar əhalini çörəyin pulu, digər çətinliklərlə baş-başa qoyur. Onlar prezidenti aldadaraq, yalan məlumatlar verərək dövlətə, hakimiyyətə inamsızlıq yaradır.

    Ölkəni kütləvi müflisləşməyə, qıtlığa, bahalaşmaya, kütləvi işsizliyə, əsl sosial fəlakətə aparırlar.

    2016-cı ilin büdcəsinə edilən düzəlişə görə, Gömrük Komitəsi xəttilə büdcə gəlirləri əlavə 220 milyon manat artırıldı. İdxalın 56 faiz azaldığı ölkədə gömrük ödəmələrinin 14 faiz artması o deməkdir ki, sahibkarları əməlli-başlı soyacaqlar. Amma məmurlar bununla da kifayətlənməyib.

    Mərkəzi Bankın uçot dərəcəsi yenidən qaldırılaraq 7 faizə çatdı. Deməli, kreditlər yenə bahalaşacaq. Sahibkarın vergi yükünü artırırlar, krediti bahalaşdırırlar, dollar çatışmazlığı yaradırlar, ölkədəki olan qalan biznes mühütini də bu il məhv edirlər.

    Son aylar ölkə Prezidenti məmurlarla görüşlərin intensivliyini sürətləndirib. Buna səbəb manatın ikinci devalvasiyasından sonra ölkədə yaranmış sosial-iqtisadi böhranının güclənməsidir. Bəli, böhran Azərbaycanı silkələməkdə israrlıdır.

    Ölkə Prezidenti isə bu böhranın xalqa vuracağı böyük ziyanın təsirini minimuma endirmək üçün kifayət qədər çevik tədbirlər görməyə üstünlük verir. Bu səbəbdən də ölkəni idarə edən məmurlarla tez-tez görüüşüb dəyişən şəraitə uyğun olaraq onları yeni tələblərlə işləməyə dəvət etmək zərurəti yaranıb.

    Həmişəkindən fərqli olaraq bu dəfə etirazların regionlardan başlanması hökuməti əyalətlərə ciddi diqqət yetirməyə məcbur edir. İcra başçılarının əyalətlərdə törətdikləri soyğunçuluq hərəkətlərinin rayonlarda bütün həyatı iflic etməsi də günümüzün real hadisəsidir.

    Manatın ikinci devalvasiyasından sonra ölkədə yaranmış sosial-iqtisadi gərginliyin artmasının qarşısını önləmək üçün bu gərginliyi artıran amillərin ortadan qaldırılmasının ilk növbədə məmurların fəaliyyətindən daha çox asılı olduğu hər kəs kimi, ölkə Prezidentinə də məlumdur. Ona görə də idarəetmə rıçaqlarını əllərində cəmləşdirmiş məmurlarla intensiv işləməyin tam zamanıdır.

    Hər kəsə bəllidir ki, Azərbaycanda pis nə varsa, bunların hamısının müəllifi məhz rüşvətxor və korrupsioner məmurlardır. Əgər ölkədə vəziyyət getdikcə pisləşirsə, xalqın sosial durumu hər gün gərginləşirsə, deməli, bu hadisənin də səbəbkarlarını uzaqda axtarmağa lüzum yoxdur. Ölkəni idarə edən məmurların yaxasından tutub ölkənin və xalqın durumunu yaxşılaşdırmağı onlardan ciddi tələb etmək lazımdır.

    Ölkə Prezidenti də hədəfi düzgün seçib. Problemlərin kim tərəfindən yaradıldığını dəqiq bilir. Lakin məmurlar Prezidentin sonsuz xəbərdarlıqlarına lazımınca əhəmiyyət vermirlər. Onlar tezliklə bunun bədəlini alacaqlar...

    Rublika.az


    Facebook-da paylaş