Eldar Mahmudovun daha bir kadrı “vuruldu”
Qədir Əkbərovun “MTN işi” üzrə istintaqa cəlb ediləcəyi istisna deyil.
Eldar Mahmudovun işdən azad edilməsi ilə başlamış “təmizləmə” Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir qurum olaraq ləğvi, sabiq nazirin kadrlarının bir qisminin həbsi, bir çoxlarının isə xüsusi xidmət orqanındakı vəzifəsindən xaric olunması ilə nəticələndi. Gələn məlumatlar onu deməyə əsas verir ki, işdən qovulmalar bu gün də davam edir.
Eldar Mahmudov komandasına bu və ya digər formada bağlılığı olan şəxslər yeni qurumda - Dövlət Təhlükəsizlik Xidmətində (DTX) özlərinə yer tapa bilmirlər: “Son aylar ərzində Eldar Mahmudovun nəfsinin qurbanına çevrilərək, öz peşə şərəfini qoruya bilməyən yüzlərə şəxs DTX-də yer ala bilmədi. DTX rəisi Mədət Quliyevin əmri ilə MTN-in İnspektorluq İdarəsinin rəisi olmuş polkovnik Qədir Əkbərov bu qurumdan xaric edilib. Mənbənin sözlərinə görə, Qədir Əkbərov MTN-in ləğvindən sonra onun bazasında yaradılan DTX-də qalmağa nail olsa da, köhnə əməllərinin araşdırılması bir neçə gün əvvəl onun işdən qovulması ilə nəticələnib”.(gununsesi)
Q.Əkbərovun “MTN işi” üzrə istintaqa cəlb ediləcəyi də istisna deyil. Hazırda Bakı İstintaq Təcridxanasında 4-ü general olmaqla, ümumilikdə 19 MTN-çi var. İstintaqa cəlb edilmiş daha bir general-mayor, MTN Əməliyyat-texniki idarəsinin sabiq rəisi Natəvan Mürvətova ev dustaqlığındadır. İş üzrə ilk həbs olunanlardan biri, MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev isə rəsmi məlumatlara görə, Bakı İstintaq Təcridxanasında intihar edib. Baş Prokurorluğun “MTN işi” ilə bağlı yaydığı son məlumata görə, iş üzrə 130 epizod araşdırılır. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Xatırladaq ki, MTN-çilərin əksəriyyətinə qarşı CM-in 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1(vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci(qanusnuz dinləmə) maddələri ilə ittiham irəli sürülüb.
General A.Çovdarov isə 308.2 maddəsi ilə yanaşı Cinayət Məcəllənin 311.3.1 (rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə də ittiham irəli sürülüb.
Rublika.az
Facebook-da paylaş