• Ermənilər prezidentlərin Bakı sammitindən təlaşa düşüb

     Ermənilər prezidentlərin Bakı sammitindən təlaşa düşüb

    Əliyev-Putin-Ruhani görüşü düşmən ölkədə ciddi narahatlıq yaradıb; İranla Azərbaycan arasında tikiləcək dəmiryol xətti və Rusiya-Azərbaycan yaxınlaşması Ermənistanda həyəcanla qarşılanıb

    Dünən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Rusiya Federasiyası Prezidenti Vladimir Putin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə üçtərəfli formatda keçirilən görüşün region üçün mühüm nəticələr doğurduğunu söyləmək olar.

    Məsələ ilə bağlı Rusiya və Ermənistan mətbuatında müxtəlif maraqlı məlumatlar və rəylər dərc olunub.

    Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, Vladimir Putin Bakı səfərindən öncə Təhlükəsizlik Şurasının görüşünü keçirib.

    Bakıya gəldikdən sonra Vladimir Putin öncə İlham Əliyevlə, daha sonra Həsən Ruhani ilə görüşüb. Sonuncu ikili Rusiya prezidenti gəlməzdən qabaq öz aralarında görüşərək müzakirə aparıblar.(musavat)Azərbaycan, Rusiya və İran prezidentlərinin birlikdə üçtərəfli görüşü isə bir qədər gecikmə ilə başlayıb. Belə ki, görüşdən öncə Putin və Ruhani öz aralarında qabaqcadan müəyyən edildiyi kimi bir saat deyil, iki saat ərzində qapalı müzakirə keçiriblər.Qəzetin yazdığına görə, Vladimir Putin Rusiya və Azərbaycan arasında münasibətlərin strateji partnyorluq xarakteri aldığını söyləyib. Vladimir Putinin sözlərinə görə, Rusiyanın 600 şirkəti ölkədə fəaliyyət göstərir, Rusiyanın Azərbaycana sərmayə qoyuluşu isə 1,4 milyard dolları ötüb. “Bizim perspektivdə təkcə energetika sahəsində deyil, həmçinin maşınqayırma, yüksək texnologiyalar kimi sahələrdə mühüm layihələrimiz var. Bizim Xəzər dənizində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığımız davam edir” - deyə Rusiya dövlət başçısı prezident İlham Əliyevlə görüşdə bildirib.

    Qəzetin Rusiya nümayəndə heyətindəki mənbəsinin verdiyi xəbərə görə, müzakirələrin əhatə etdiyi məsələlər olduqca sıx olub. Danışıqlarda iqtisadi-ticari, hərbi-texniki, infrastruktur və enerji layihələri, Xəzər dənizinin statusu, habelə regional təhlükəsizlik problemləri və terrorizmlə mübarizə kimi məsələlər öz əksini tapıb.
    Xüsusilə sonuncu məsələ daha kəskin xarakter alıb. Azərbaycan ənənəvi olaraq Dağlıq Qarabağ problemi məsələsinə qayıdıb. Azərbaycan tərəfinin məsələ ilə bağlı mövqeyi olduqca kəskin olub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin normal və tam şəkildə fəaliyyət göstərməsinin yolu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından keçir. O qeyd edib ki, Bakıda keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı imzalanan bəyannamədə elə belə də yazılıb: “Davam edən münaqişələr bu kimi layihələrin həyata keçirilməsinə mane olur”.

    Qeyd olunur ki, “Şimal-Cənub” dəhlizinin yaradılması üçün 170 km uzunluqda Rəşt-Astara xətti çəkilməlidir. Həmin layihədə bir sıra quru məntəqələrin birləşdirilməsi nəzərdə tutulur ki, bu da "Transxəzər" çoxfunksiyalı marşrutunun səmərəliliyini daha da artıracaq. Ekspertlərin rəyinə görə, bu layihəyə qoyulacaq ümumi sərməyəni miqdarı 400 milyon ABŞ dolları həcmindədir.

    Vladimir Putin danışıqlarda Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Doğrudan da bu problem (Dağlıq Qarabağ nəzərdə tutulur-red.) bizə hələ sovet dövründən qalıb. Bilirəm ki, bu həm Azərbaycan, həm də Ermənistan üçün olduqca ciddi məsələdir. Biz istəyirik ki, həm Azərbaycan, həm də Ermənistan hər iki tərəf üçün məqbul sayıla bilən, qaliblərin olmadığı, həmin ölkələrin xalqlarının qalib olduğu bir qərara gəlsinlər. Hər iki dövlət indiki və gələcək nəsillərin maraqları naminə bu mürəkkəb vəzifənin öhdəsindən gəlməlidirlər”.
    Qəzetin bildirdiyinə görə, Putin öz cümlələrini olduqca ehtiyatlı tərzdə qurub. Çünki onun ağzından çıxacaq istənilən ehtiyatsız kəlmə Ermənistan prezidenti Serj Sərkisyanla danışıqları çətinləşdirə bilər.

    İranı isə ən çox Yaxın Şərq problemləri, xüsusilə Suriya ətrafında yaranan məsələlər maraqlandırıb.

    Azərbaycan, İran və Rusiya prezidentlərinin birgə imzaladıqları bəyannamədə tərəflər terrorizm situasiyası ilə bağlı informasiya mübadiləsi, habelə terrora qarşı birgə mübarizə aparacaqları barədə razılığa gəldiklərini bildiriblər.

    Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, “görüş iştirakçılarının əsas diqqəti BMT Təhlükəsizlik Şurasının İŞİD-lə mübarizə ilə bağlı qətnamələrin yerinə yetirilməsi üzərində dayanıb”.

    Rusiya baş nazirinin müavini Dmitri Roqozin də qəzetə verdiyi müsahibədə Suriyadakı mövcud situasiya və hərbi texniki əməkdaşlıq məsələləri regiondakı ümumi təhlükəsizlik kontekstində müzakirə olunduğunu söyləyib.Onun sözlərinə görə, Moskva ilə Tehran arasında hərbi-sənaye məhsullarının tədarükünün ödənilməsinin mexanizmləri ilə bağlı razılıq əldə olunmalıdır (Rusiyanın hava hücumundan müdafiə ilə bağlı İrana verdiyi 2 divizyon S-300 PMU-2 (“Favorit”) Zenit Raket Kompleksi sistemi nəzərdə tutulur).

    Rusiyanın Azərbaycanla bağlı isə BTR-82A tipli zirehli hərbi maşınlarının tədarükündə yaranan problem aradan qaldırılıb.

    Belə ki, Azərbaycan tərəfi onlara təhvil verilən maşınların tələblərə uyğun olmadığını bildirib.

    Danışıqlar nəticəsində həmin silahların yenidən yoxlanılmasına qərar verilib. Bundan başqa, sursatın bir hissəsi Azərbaycan tərəfinə kompensasiya olaraq pulsuz veriləcək.
    Baş nazir müavini Roqozinin sözlərinə görə, Azərbaycan yaxın vaxtlarda yeni "MS-21" təyyarələrinin, həmçinin bir neçə AN-124 “Ruslan” təyyarələrinin (bunlar mülki təyyarələrdir-red.) sifarişçisinə çevrilə bilər. Bundan başqa, Azərbaycanda təyyarəyığan zavodun tikilməsi də müzakirə edilən və planlaşdırılan məsələlər arasındadır.

    Bakıda keçirilən görüşlə bağlı Ermənistan rəsmilərindən hələ ki bir açıqlama gəlməyib. Ermənistan politoloqları isə bunla bağlı müxtəlif rəylər bildirirlər.
    Ermənistanın keçmiş fövqəladə və səlahiyyətli səfiri, “Vəhdət” partiyasının nümayəndəsi Ruben Karapetyan “Rusiya-İran-Azərbaycan formatının İran-Ermənistan dəmir yolunun tikintisinə böyük zərbə vuracağını söyləyib.

    Ruben Karapetyan bu formatın Ermənistanın xeyrinə olmadığını bildirib.
    Ruben Karapetyan “Şimal-Cənub” dəhlizinin yeni ideya olmadığını söyləyib: “Bu layihə ilə bağlı ilk fikirlər 90-cı illərə gedib çıxır. Məsələn, hələ 1993-cü ildə bu yolun qurulması ilə bağlı ilkin razılıq əldə olunmuşdu. 2000-ci ildə isə Rusiya, İran və Hindistanın nəqliyyat nazirləri Sankt-Peterburqda strateji əhəmiyyət daşıyan bu yolun tikintisi ilə bağlı razılığa gəlmişdilər”.

    “Lakin niyə məhz indi bu proses sürətlənib. Ona görə ki, İrana yönəlik sanksiyalar aradan qalxıb, Rusiya-Türkiyə münasibətləri düzəlib, Azərbaycan isə öz növbəsində mövqelərini möhkəmləndirərək Ermənistanı nəqliyyat, qaz, enerji kimi bütün regional layihələrdən sıxışdırıb çıxarmaq istəyir” - deyə erməni politoloq qeyd edib.
    Onun sözlərinə görə, bu ilin fevralında Azərbaycan prezidentinin Tehrana rəsmi səfəri olub. Həmin səfər zamanı isə 11 memorandum imzalanıb. Rusiya isə Azərbaycanı Türkiyədən aralayıb Ankaranın Cənubi Qafqazdakı təsirini azaltmaq istəyir.

    “Hər bir tərəf öz vəzifəsini icra edir. Yeni üçtərəfli format isə ümumilikdə Ermənistanın maraqlarına ziyan vurur. Bu layihə İran-Ermənistan dəmiryol tikintisinin də qabağını kəsir”.

    Karapetyanın fikrincə, buna şübhə də ola bilməz. Belə ki, İranla Ermənistan arasında çəkilməsi planlanan dəmiryol xətti 305 km uzunluqda olub olduqca bahalı bir layihədir (3,5 milyard ABŞ dolları). Çünki bu yolun keçdiyi yerlər olduqca çətindir və azı 60 tunelin tikintisini nəzərdə tutur. İran-Azərbaycan dəmir yolu isə cəmi 172 km uzunluğa malikdir və tikintisi də asan başa gəlir.

    İran-Azərbaycan dəmir yolu yeni birləşdirici layihə olaraq Skandinaviya ölkələrinə qədər uzanaraq, yük daşımalarına çəkiləcək xərcləri 3 dəfə azaldır və beləliklə, olduqca səmərəli və gəlirli görünür. Azərbaycanın bu layihəyə qoşulması böyük regional əhəmiyyətə malikdir. Bu isə bizim maraqlarımıza ağır zərbə vuracaq" deyə Karapetyan müsahibəsində qeyd edib.

    “Sərkisyanın 2013-cü ilin sentyabrın 3-də Moskvaya həyata keçirdiyi rəsmi səfəri xatırlayaq. Həmin vaxt görüşdən sonra Sərkisyan döyülmüş it kimi mətbuatın qarşısına çıxıb Ermənistanın Gömrük İttifaqına qoşulduğunu bəyan etdi. Buradan görünür ki, Serj Azatoviçin Vladimir Putin qarşısında müdafiə olunmaq qabiliyyəti yoxdur. Belə olan halda, o, hakimiyyəti rus süngülərinin üzərində qorumaq bahasına çox asanlıqla Dağlıq Qarabağla bağlı qaranlıq görünən statusun əvəzinə ətraf rayonların boşaldılmasına razılıq verəcək” - deyə Arşakyan yazır.

    Politoloq Hrant Melik-Şahnazaryan da tert.am saytına müsahibədə Azərbaycan, Rusiya və İranın üçlü formatdan regionda öz siyasətlərini diktə etmək üçün istifadə edəcəklərini düşünür. “Əsas narahatedici (Ermənistan üçün-red.) məqam ondan ibarətdir ki, Qarabağ məsələsinin nizamlanması da bu formatda müzakirə oluna bilər”.

    Hrant Məlik-Şahnazaryanın sözlərinə görə, “Rusiyada başa düşürlər ki, onların Cənubi Qafqazda aktivliyi münaqişənin paralel olaraq fəallaşmasına gətirib çıxarır”.

    “Aprel hadisələri isə Avrasiya İqtisadi Birliyinin regiondakı təsirinin artmasından irəli gəlib” - deyə politoloq qeyd edir.

    Bu, (aprel-red.) qapanmamış bir səhifədir, tərəflər isə sürətlə münaqişənin hərbi həllinə doğru irəliləyirlər" - deyə erməni politoloq fikir irəli sürüb.

    Rublika.az


    Facebook-da paylaş