• Daha bir icra başçısı ÖZBAŞINALIĞI - İcra başçısı şikayətçini hədələyərək təhdid etdi

    Daha bir icra başçısı ÖZBAŞINALIĞI - İcra başçısı şikayətçini hədələyərək təhdid etdi

    Kürdəmir RİH-nin başçısı ondan öz zəhmət haqqını tələb edən vətəndaşı həbs etdirəcəyi ilə hədələyib

    Dünənki yazımızda "Kürdəmirin "kasıb” icra başçısı” sərlövhəli tənqidi yazıda müzakirəyə çıxarılmış məsələyə Kürdəmir Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən qeyri-adekvat reaksiya verilib. Xatırladaq ki, sözü gedən materialda başçı Ceyhun Cəfərovun Bakının Mərdəkan qəsəbəsində yerləşən və özünə məxsus olan bağ evində işlətdiyi usta və fəhlələrin zəhmət haqqlarını verməməsi səbəbindən yaranmış problemdən bəhs olunmuşdu. Belə ki, redaksiyamıza müraciət etmiş vətəndaş Amil Nəsirov özünün və daha bir neçə nəfər briqada üzvlərinin artıq bir ildən artıqdır ki, Ceyhun Cəfərovdan öz halal zəhmət haqqlarını ala bilmədiklərini bildirmişdir. Şikayətçi öz ərizəsində yaranmış vəziyyəti belə təsvir edib: "Ceyhun Cəfərov bağ evində bizi işlədib, amma pulumuzu vermir. Bir ildir ki, sürünürük. Düz bir il bundan əvvəl əvvəl mən və digər yoldaşlar Ceyhun Cəfərovun Mərdəkanda yerləşən bağ evində təmir-tikinti işlərinə başladıq. Burada işlədiyimiz müddət ərzində bizə deyildi ki, işinizi bitirin, pulunuzu axırda alacaqsınız. Hər gün səhər saat 7-dən axşama qədər həmin bağda işlədik. Sonda bütün işimizi də qüsursuz yerinə yetirib, təhvil verdik. Dedilər ki, haqqınızı 2 gün sonra gəlib götürərsiniz. İki gün oldu 2 həftə, 2 həftə oldu 10 ay, 10 ay oldu 1 il... Hələ də bir qəpik belə ala bilməmişik...” Amma məsələnin ən maraqlı məqamı, icra başçısının işlədib pullarını vermədiyi fəhlələrə dedikləri ilə bağlıdır: "Ceyhun Cəfərovdan pulumuzu tələb etdik. Çünki biz aylarla əzab-əziyyət çəkmişik ki, o, dəbdəbəli, saray kimi evdə yaşasın. Bir icra başçısının bu qədər cılız hərəkət edə biləcəyi heç birimizin ağlına gəlməzdi. İndi bizə deyir ki, gedin, pulunuzu Tofiqə vermişəm, ondan alın. Adama deyərlər ay başçı, biz Tofiq üzü görmüşük ki, Tofiq axtarmağa göndərirsən bizi? Bizim danışığımız sizin yaxınlarınızla olub. Məsuliyyəti üzərinizə siz götürmüsünüz. Pulu da siz ödəməlisiniz. Biz sonra yenə pulumuzu tələb edəndə dedi ki, sizin pulunuzu Tofiq götürüb xaricə qaçıb. Bu qədər biabırçılıq görməmişdik. Üç-beş fəhlənin haqqını verə bilməyən bir şəxs o boyda rayona görəsən necə başçılıq edir? Biz ondan nə borc istəmirik, nə dilənmirik, nə xərac tələb etmirik. Gəlib qapısında, evində əzab-əziyyətlə işlədiyimiz, alın təri ilə qazandığımız pulumuzu istəyirik...”

    Bu arada qeyd etmək yerinə düşər ki, ölkə mətbuatında yayımlanan məlumatlara əsaslanaraq, Ceyhun Cəfərovun ümumiyyətlə fəhlənin pulunu kəsməkdə böyük təcrübəsi olduğunu söyləmək olar. Belə məlumatlardan birində deyilir: "İcra başçısı Ceyhun Cəfərov yolların, küçələrin təmizlənməsi üçün təhkim edilmiş işçilərin maaşlarını kəsir. Bu səbəbdən fəhlələrin əksəriyyəti işləməkdən imtina edir. Başçı isə, rayonda və kəndlərdə dövlət idarələrində işləyən xadimələrə zorla rayonun küçələrini süpürtdürür. Onları öz işlərindən ayırıb, gətirirlər və bütün günü yolları təmizlədirlər. Etiraz edənləri işdən çıxarmaqla hədələyirlər. İnsanlar cüzi əmək haqqına öhdələrinə düşməyən işləri də görməyə məcbur edilirlər...”

    İndi isə keçək dünənki hadisələrə. Amil Nəsirov bildirir ki, dünən Kürdəmir RİH başçısının köməkçisi onunla telefon əlaqəsi saxlayıb və şikayətçi icra hakimiyyətinə dəvət olunub. Lakin bura gələndən sonra, köməkçi vətəndaşa bildirib ki, başçı bu gün onu qəbul edə bilməyəcək və görüş gələn həftəyə qədər təxirə salınıb. Amma Amil Nəsirov yenə də ümidini üzməyib və hər ehtimala qarşı qəbul otağında bir qədər də gözləmək qərarına gəlib. Bu zaman onu müşahidə kameralarından görən Ceyhun Cəfərov isə, şikayətçinin bu hərəkətindən hiddətlənib (başa düşmürük, niyə?). Sonra təkrar Amil Nəsirova yaxınlaşan köməkçi başçının hirsləndiyini deyib və onun sözlərini vətəndaşa çatdırıb. Həmin sözlər isə, təxminən belə ifadə olunub: "Bu niyə çıxıb getmir? Onu istəyir ki, bu saat zəng edib rəisi çağırım bura, tutub onu atsınlar içəri..?”

    Belə qənaətə gəlmək olar ki, Ceyhun Cəfərov telefonla zəng edib çağırmağa hazırlaşdığı və "rəis” adlandırdığı şəxs, Kürdəmir Rayon Polis Şöbəsinə bu yaxınlarda yeni rəis təyin olunmuş polis polkovniki, cənab İsmayıl Əsədovdur. Qeyd edək ki, İsmayıl Əsədov DİN-nin təcrübəli və peşakar polis rəisi kimi tanınır. Cinayətkarlıqla mübarizədə və yüksək xidmətinə görə 2012-ci ildə prezident İlham Əlievin Sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif olunub. İsmayıl Əsədov Nizami,Yasamal və Nərimanov rayon polis idarələrinin rəisi vəzifəsində çalışıb. Heç güman etmirik ki, cənab İsmayıl Əsədov bu vəzifəyə Ceyhun Cəfərovun pul borclu olduğu vətəndaşları "içəri atmaq”üçün təyinat alıb.

    Hər halda icra başçısı özü də, böyük ehtimalla bunu güman etmir. Məhz buna görə də, onun tərəfindən Amil Nəsirovu bu məsələdə "borclu” çıxarmaq üçün hazırda qabaqlayıcı tədbirlər görülür. Belə ki, Ceyhun Cəfərovun sürücüsünün xalası oğlu olan Tofiq şikayətçiyə zəng edərək deyib ki, istənilən halda onun üzünə durub, beş min manat nəğd pul verdiyini iddia edəcək...

    Rublika.az


    Facebook-da paylaş