• Ziya Məmmədovun oğlunun mediaya ayırdığı və batırdığı milyonlar

    Ziya Məmmədovun oğlunun mediaya ayırdığı və batırdığı milyonlar

    Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun əlindən çıxan 107.7 FM tezliyində yayımlanan “Avto FM” radiosunun yeni adı məlum olub. Məlumata görə, yeni radionun adı “AvtoRadio”dur. Radio yeni adla bu gün saat 11:30-dan etibarən 107.7 FM tezliyində test rejimində fəaliyyətə başlayıb.

    Bu gün səhər saatlarında “Avto FM” radiosu yayımını dayandırıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, sentyabrın 1-də “Avto FM” MMC ilə NİİM arasında bağlanan xidmət müqaviləsi başa çatıb və bununla da müqaviləyə xitam verilib: “Sadəcə “Avto FM” MMC ilə müqaviləyə xitam verilib. Ancaq işçilər işdən azad edilməyib. Eyni heyət yenə də öz işini davam etdirir. NİİM-in tərkibində yaradılan radionun fəaliyyətinə aid bütün səlahiyyətlər artıq Bakı Nəqliyyat Agentliyinə aiddir. Çünki NİİM də agentliyin tabeçiliyindədir”.

    2013-cü ildə fəaliyyətə başlayan "Avto FM" 107.7. MHz tezliyində yayımlanırdı.

    Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-cü il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

    2013-cü ildə fəaliyyətə başlayan bu radionun Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olmasıyla bağlı xəbərlər yayılmışdı. Radio kollektivi də Anar Məmmədovun yaxın ətrafından formalaşmışdı. Ancaq 3 il ərzində heç bir ciddi uğur qazana bilməyən radio bu gün əl dəyişdirib.

    Qeyd edək ki, bundan öncə Anar Məmmədovun təsis etdiyi "National Geographic Azerbaijan" jurnalı da fəaliyyətini dayandırmışdı.

    Eyni zamanda A.Məmmədovun azyaşlı oxucular üçün nəzərdə tutulan "National Geographic Kids" jurnalı da artıq fəaliyyətini dayandırıb. Jurnalların bağlanmasına səbəb kimi isə maliyyə problemi göstərilir.

    ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur "National Geographic"in Azərbaycan dilində nəşr olunması ilə bağlı ötən ilin mart ayında "Garant Media Holdinq" şirkəti ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti (The National Geographic Society) müqavilə imzalanıb. Holdinq yeni yarananda tərkibinə National Geographic Azərbaycan jurnalı, Oxu.az agentliyi, News.az ingilsdilli xəbər agentliyi, avtomobillərin alqı-satqısı ilə əlaqədar elanlardan ibarət internet səhifəsi Turbo.az –da daxil idi. Bununla yanaşı daşınmaz əmlakların alqı- satqısı ilə əlaqədar elanlardan ibarət Bina.az və iş elanlarından ibarət Boss.az internet səhifəsi də holdiqin tərkibində idi.

    Hazırda isə "Qarant Media"nın tərkibində yalnız 2 sayt: oxu.az və news.az fəaliyyət göstərir. Bu haqda məlumat şirkətin saytında verilib.

    Son olaraq qeyd edək ki, Anar Məmmədov Azərbaycan mediasına: həm saytlara, həm jurnallara, həm radioya milyonlarla vəsait ayırsa da, görünən odur ki, nazir oğlu bu sahədə ən uğursuz personajlardan olub və milyonlarla manat kimlərinsə cibinə, ya da havaya sovrulub.(azxəbər.com)Qısa arayış: Məmmədov Anar Ziya oğlu (Azərbaycan Respblikası Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu). İnfrastruktur, tikinti, neft və qaz hasilatı, beynəlxalq ticarət, telekommunikasiyalar və mehmanxana xidmətləri sahəsində şaxələnmiş "Garant" Holdinqin direktorlar şurasının sədri, Azərbaycan Amerika Aliyansının təsisçisi və Azərbaycan Qolf Federasiyasının prezidentidir.

    Azərbaycan Amerika Aliyansının rəsmi web saytında verilən məlumata görə, cənab Məmmədov ali təhsilini Birləşmiş Krallıqda (Böyük Britaniya) alıb.

    İki il əvvəl Anar Məmmədovun adı Qəbələdə 1 milyon manata ayı kababı yeməsi ilə bağlı qalmaqalda hallanıb. Lakin, A. Məmmədov açıqlamasında bu xəbəri təkzib etmişdi: “Bunlar yalan söhbətlərdir. Mətbuat istədiyini yazır. Mən belə yazılara əhəmiyyət vermirəm”. Əhəmiyyət vermədiyini desə də, Anar Məmmədov bu barədə yazılar dərc edən “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini məhkəməyə vermişdi.

    Rublika.az


    Facebook-da paylaş