• Masallı məktəbləri “ölü canlar” yığnağına çevrilib

    Masallı məktəbləri “ölü canlar” yığnağına çevrilib
    Tariyel Əkbərov rayonun xüsusilə kənd orta təhsil müəssisələrində bu təcrübəni geniş tətbiq edir

    Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, rayonda bu sahənin inkişafdan qalmasına, bəzi hallarda isə, artıq aşkar geriləmələrin müşahidə olunmasına səbəb olmuşdur. Bu barədə redaksiyamıza Masallıdan daxil olan məlumatlarda xəbər verilir. Həmin məlumatlar əsasında bundan əvvəl dərc etdiyimiz yazılarda da biz qeyd etmişdik ki, redaksiyamıza müraciət edən Masallı sakinləri rayonun təhsil sistemində dərin kök salmış korrupsiya hallarından narazılıqlarını ifadə edirlər. Aldığımız məlumatlarda iddia olunur ki, Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov tərəfindən hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyulması, rayonda fəaliyyət göstərən məktəblərin işinə yersiz müdaxilələr edilməsi bir çox xoşagəlməz nəticələrə səbəb olur. Tədris prosesinin təşkili məsələlərində səriştəsizlik nümayiş etdirən RTŞ rəhbərliyinin tətbiq etməyə çalışdığı üsullar isə, nəticə etibarı ilə tədris proqramının şagirdlər tərəfindən mənimsənilməsində, tətbiq olunan pedaqoji metodikaların səmərəliliyinin artırılmasında problemlər yaradır. Həmçinin bu yaxınlarda bizimdovr.az-a təqdim olunan açıqlamalarda Tariyel Əkbərovun Masallı məktəblərində müqavilə üzrə işləyən müəllimlərə qarşı irəli sürdüyü ultimatumdan bəhs edilir. Bildirilir ki, RTŞ-nin müdir əvəzi əmək müqavilələrini yeniləmək niyyətində olan müəllimlərdən 1000-2000 manat arası (tədris etdikləri dərs saatlarının sayına müvafiq olaraq) ödəniş etmələtini tələb edib. Bundan başqa, təqaüd yaşına çatmış müəllimlərin və məktəb direktorlarının da diqqətinə çatdırılıb ki, onlar hər növbəti bir il üçün 1000 manat ödəməklə əmək fəaliyyətlərinin müddətini uzada bilərlər. Və nəhayət, daha bir yenilik də yalnız direktorlar üçün tətbiq olunub. Belə ki, bundan sonra hər bir məkəb direktoru hər ay RTŞ müdirinə əlavə olaraq 100 (yüz) manat məbləğində aylıq haqq ödəməli olacaq.

    Digər tərəfdən də daxil olan son məlumatlarda Tariyel Əkbərovun dövlət vəsaitlərinin mənimsənilməsi xüsusunda bir sıra maxinasiyalara yol verdiyi vurğulanır. Həm də qeyd olunur ki, bu maxinasiyalar eynilə RTŞ-nin keçmiş müdirinin tərtib etdiyi sxrmlər üzrə həyata keçirilir.

    Məsələn, iddia olunur ki,bu gün Tariyel Əkbərov müxtəlif şəxslərdən rüşvət alaraq, onları yeni açdığı ştatlar üzrə məktəblərə işə qəbul etdirir. Həmçinin açıqlamalarda bildirilir ki, RTŞ müdirinin əsas gəlir qaynaqlarından biri də rayon məktəblərinin yay tətili dövründə aparılan təmir işləri ilə bağlı həyata keçirilən maxinasiyalardır. Qeyd olunur ki, bu məqsədlə keçirilən tenderlərdə hər dəfə Tariyel Əkbərova yaxın şəxslərin nəzarətində olan şirkətlət qalib çıxırlar. Bundan sonra isə, ayrılan vəsaitlər həmin şirkətlərin bank hesablarına köçürülür və nağdlaşdırılaraq mənimsənilir. Təbii ki, bu zaman görülən işlərin smeta qiymətləri bir neçə dəfə şişirdilir. Heç bir maddi-texniki bazaya malik olmayan bu şirkətlərin isə, təmir işlərinə ümumiyyətlə aidiyyəti olmur. Bundan başqa, aldığımız məlumatlara görə, hazırda Masallının xüsusilə kənd orta məktəbində “ölü canlar” təcrübəsi də geniş tətbiq olunur.

    Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda biz artıq bildirmişdik ki, bu gün respublikanın rayon və bölgələrində fəaliyyət göstərən bəzi təhsil şöbələri, bu sahədə həyata keçirilən dövlət islahatlarını var qüvvələri ilə əngəlləməkdə hələ də israrla davam edirlər. Məhz bu strukturların yarıtmaz fəaliyyəti bölgələrdə təhsilin hələ də həddindən artıq aşağı səviyyədə qalmasına səbəb olur. Digər tərəfdən isə, həmin şöbələrinin rəhbərləri tərəfindən kütləvi şəkildə yol verilən rüşvətxorluq və korrupsiya əməlləri yetişməkdə olan gənc nəslin mənəviyyatına da ağır zərbələr vurur.

    Ümid edirik ki, Təhsil Nazirliyinin rəhbərliyi üzümüzə gələn yeni tədris ilində Masallı məktəblərinin bu kimi problemlərdən qurtulması üçün bütün müvafiq tədbirləri görəcəkdir.

    Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.


    Facebook-da paylaş