• Yeni qaydalar kəndliləri pay torpaqlarından məhrum edə bilərmi?

    Yeni qaydalar kəndliləri pay torpaqlarından məhrum edə bilərmi?

    “İstifadəsiz torpaqlar dövriyyəyə qaytarılmalıdır. Torpağı icarəyə götürən mütləq torpaqda işləməlidir, onu əmanət kimi saxlamamalıdır”.

    Bu sözləri prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib. Dövlət başçısı vurğulayıb ki, böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq: “Bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir. Artıq bir çox müqavilələrin icarəsi ləğv olunub, bu proses davam etdirilir. Dövlət orqanları, yerli orqanlar və ictimaiyyət tərəfindən çox ciddi nəzarət olmalıdır. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət Azərbaycanda güclü olmalıdır. İctimai nəzarət, yəni, vətəndaşların nəzarəti güclü olarsa, onda biz bu işləri daha da böyük uğurla həll edə bilərik”.(musavat)Ölkə başçısının toxunduğu məsələ, yəni istifadəsiz qalan torpaqların dövlət tərəfindən geri qaytarılması konstitusiyaya dəyişikliklər aktında da öz əkini tapıb. Layihədə Konstitusiyanın 29-cu maddəsində V və VI hissələrə müvafiq olaraq “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur”, “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” məzmunlu cümlələrin əlavə edilməsi qeyd edilib. Bu da o deməkdir ki, prezidentin qeyd etdiyi kimi, istifadəsiz qalan torpaqlar dövlət tərəfindən zəbt oluna bilər. Bəs, görəsən bu dəyişiklik daha çox oliqarxların əlində olan hektarlarla torpaq sahələrinin zəbt olunmasına gətirib çıxaracaq, yoxsa kəndlilərin əlindəki kiçik pay torpaqlarının? İqtisadçı ekspert Qubad İbadoğlu qeyd etdi ki, yeni qaydalar oliqarxlardan daha çox, sadə insanların torpaqlarının əlindən çıxmasına səbəb ola bilər: “Bu əsasən əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi məqsədilə həyata keçirilir. Çünki artıq dövlətin aqrar siyasətinin prioritet sahələrindən biri pambıq əkini və bu məhsulun ixracatının artırılmasıdır. Əvvəlki dövrə nəzər salsaq, pambıq əkini əsasən pay torpaqlarının sahələrində olub və hazırda həmin torpaqlar xüsusi mülkiyyətə keçib. Pay torpaqlardan əlavə bələdiyyələr vasitəsilə satılan torpaqlar da var. Onlar da əsasən bələdiyyələr tərəfindən idarə edilən torpaqlardır. Çox güman ki, söhbət müəyyən kompensasiyaların ödənilməsi hesabına bu torpaqların alınması və onların dövlətin balansına cəlb olunması ilə bağlıdır. Düşünürəm ki, hər iki istiqamətdə, həm pay torpaqları, həm də xüsusi mülkiyyətdə olan digər torpaqlar sosial məqsədlər adı ilə geri alınacaq və əkin sahələrinin genişləndirilməsi məqsədilə istifadə olunacaq. Mən bunu düzgün hesab etmirəm. Bu xüsusi mülkiyyətə hörmətsizlikdir. Hər bir fermerin öz təsərrüfat formasını özünün müəyyənləşdirməsinə azad şərait yaratmaq çox vacibdir. Çünki fermerlər özləri qərar verməlidirlər ki, hansı təsərrüfat formasını seçilər”. Ekspertin fikrincə, bu birbaşa sərbəst bazar qaydaların ziddir, eyni zamanda mülkiyyət hüquqlarının pozulmasına, bununla bağlı problemlərin artmasına gətirib çıxaracaq: “Həm də azad mülkiyyətin təməl prinsiplərinə xələl gətirəcək. Bu maddənin konstitusiyaya salınmasını da yaxşı qiymətləndirmirəm. Bu, daha çox sadə vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaracaq. Çünki oliqarxların öz hüquqlarını qorumaq imkanı var, siyasi dəstək almaq potensialı daha çoxdur. Artıq sadə insanlarda müəyyən narahatlıq yaranıb. Mülkiyyətçilər konstitusiyaya təklif olunan bu dəyişikliyə görə ciddi narahatlıq keçirirlər və hesab edirlər ki, bu gələcəkdə onların torpaqlarının da əlindən çıxmasına səbəb ola bilər. Hesab edirəm ki, bu dəyişikliklər referendumda qəbul olunmamalıdır. İnsanlar bu dəyişikliyin əleyhinə səs verməlidirlər. Bu, bazar iqtisadiyyatı qanunlarına ziddir və mülkiyyət münasibətləri sahəsində ciddi konfliktlər yaradacaq”. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə bildirdi ki, bu qanunun heç bir halda pay torpaqlarına şamil edilə bilməz: “Milli Məclisdə də biz qərar qəbul edəndə bu məsələ ciddi müzakirə mövzusu oldu. Biz orada da qeyd etdik ki, bu dəyişikliyin pay torpaqların aid olmamasını əlavə etmək lazımdır. Pay torpaqları toxunulmaz olmalıdır. Çünki bu dövlət tərəfindən insanlara əvəzsiz olaraq verilmiş torpaqlardır. Söhbət yalnız iri torpaqlardan gedir. Min hektarlarla torpağı olan insanlardan söhbət gedir ki, onu alıb, ancaq əkib-becərmirlər. Həmin torpaqların dövlətin mülkiyyətində geri qaytarılması ilə bağlı qanun layihəsinə dəyişiklik edilib, hətta cərimələr də tətbiq etdik ki, bu hallara yol verilməsin. O baxımdan söhbət həmin torpaqlardan gedir, pay torpaqlarının bu məsələyə aidiyyatı yoxdur. Pay torpaqları elə də böyük sahəyə malik deyil, kiçik torpaqlardır. Söhbət məmurların, oliqarxların əllərindəki istifadəsiz qalan böyük torpaqlardan gedir. Əsas məqsəd də ondan ibarətdir insanlar böyük torpaqlar sahələri alır, ancaq ondan əkin üçün istifadə etmir. Biz qərar qəbul edəndə bir şərtlə səs verdik ki, pay torpaqları buraya aid edilməsin. Hazırda pay torpaqlarının 90 faizi istifadə olunur. Ola bilər ki, kiminsə vəsaiti yoxdur və müvəqqəti olaraq istifadə etmir. Ancaq gələcəkdə istifadə edəcək. Lakin xüsusi mülkiyyətdə olan iri torpaq sahələri istifadə olunmursa, ya həmin insanlar cərimə ödəməlidir, ya da torpaqlar əllərindən alınmalıdır”.

    Rublika.az


    Facebook-da paylaş