• Manat möhkəmlənir - amma müvəqqəti olaraq...

     Manat möhkəmlənir - amma müvəqqəti olaraq...

    Nazir “tarazlıq baş verdikdə manat öz ədalətli məzənnəsini tapacaq” deyir, ekspertlər bildirirlər ki, istənilən halda ya hökumət ölkənin valyuta ehtiyatlarının azalması ilə barışmalı, ya da növbəti devalvasiyaya getməlidir...
    Bir aya yaxın valyuta bazarında baş verən dollar ajiotajından sonra vəziyyət nisbətən səngiyib. Hərraca bir neçə milyon dollar çıxarılandan sonra manat yenidən möhkəmlənməyə başlayıb.

    Mərkəzi Bankıın sentyabrın 27-nə olan rəsmi məzənnəsində bildirilir ki, dolların məzənnəsi sentyabrın 23-ü ilə müqayisədə dəyişməyib və 1,6292 səviyyəsində müəyyən olunub. Ekspertlər bildirirlər ki, bu, müvəqqətidir. Tezliklə manat yenidən ucuzlaşmaqda davam edəcək. İlin sonuna yaxın isə manatın ucuzlaşmasının kəskin şəkildə olacağı proqnozlaşdırılır.

    “Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Şübhəsiz ki, bazar iqtisadiyyatı prinsiplərinə uyğun manatın məzənnəsi öz yerini tapacaq. Bu gün Mərkəzi Bank bu prosesi yaxından izləyir, lazım gəldikdə müdaxilələr edir”.

    Bunu maliyyə naziri Samir Şərifov deyib.

    Nazirin sözlərinə görə, manatın fundamental məzənnəsinin tapılması üçün ölkəyə daxilolmalar və çıxarılan vəsait arasında tarazlıq olmalıdır: “Bu tarazlıq baş verdikdə manat öz ədalətli məzənnəsini tapacaq. Hazırda ölkəyə valyuta daxilolmaları bir qədər azalıb. Buna baxmayaraq, Mərkəzi Bank vasitəsilə keçirilən iki devalvasiya nəticəsində manatın məzənnəsinin ədalətli məcraya yönəltmək istiqamətində işlər görmək mümkün olub. Bu proses bir neçə faktordan asılıdır. Bizim əsas ixrac məhsulumuz olan neftin qiyməti manatın məzənnəsinə təsir edir. Biz çalışmalıyıq ki, idxal əməliyyatlarımız azalsın. Digər tərəfdən, biz ölkəyə daha çox valyutanın daxil olmasına çalışmalıyıq. Bizim ənənəvi ixrac məhsulumuz olan neftlə yanaşı, yeni rəqabət qabiliyyətli məhsulların xarici bazarlara çıxarılmasına çalışmalıyıq. Bu vəzifələr tədricən həll olunduqca, manat nəinki ədalətli məzənnəsini tapacaq, hətta möhkəmlənəcək”.
    Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bir aya yaxın davam edən “qara bazar” əməliyyatından sonra dövriyyədə milli valyuta azalıb. Bu səbəbdən hazırda manatın məzənnəsi stabil qala bilir: “Çünki insanlar son manatlarını da getib dollara çevirdilər. Ona görə də Mərkəzi Bank bundan istifadə edərək indi məzənnəni bir az aşağı salıb. Yəni yenə də belə bir təəssürat yaratmaq istəyirlər ki, guya manatın dəyəri bərkidi. Amma elə deyil. İndi bir az da manatın məzənnəsinin cüzi artırılmasını onun hesabına edirlər ki, insanlar manatı çevirib dollar alırlar. Məcbur olurlar ki, yığdıqları dolları dəyişib yenidən manat alsınlar. Bunun hesabına məzənnədə cüzi dəyişiklik olub. Amma istənilən halda, manat ucuzlaşacaq. İlin sonu yaxınlaşır, xərclər artacaq, ödənişlər edilməlidir. Mərkəzi Bank milli valyuta ilə kreditlər verəcək. Bunun hesabına dolların dəyəri yenə də qalxacaq. Manat bu həddə qalmayacaq. Hətta indiki vəziyyətdə də biz görürük ki, hər həftə milyonlarla dolların hərraca çıxarıldığını elan edirlər. Banklar on milyonlarla dollar alır. Həm Neft Fondu, həm Mərkəzi Bank dollar satır. Deməli, valyuta ehtiyatlarımız onsuz da azalır. Bu baxımdan, demək olmaz ki, milli valyutaya təzyiq azalıb. Çünki yenə də dollar alınır. İlin sonuna da bu, artan xətlə gedəcək. İstənilən halda ya hökumət ölkənin valyuta ehtiyatlarının azalması ilə barışmalıdır, ya da devalvasiyaya getməlidir”.

    Ekspert Natiq Cəfərli isə musavat.com-a deyib ki, məzənnə hələ də inzibati qaydada tənzimlənir: “Hazırda manatın bahalamasının iqtisadi əsasları yoxdur. Bazara milyonlarla dollar vəsaiti çıxarmaqla ajiotajı yatırmağa çalışdılar. Buna da müəyyən dərəcədə nail oldular. Ona görə də indiki məzənnənin cüzi də olsa möhkəmlənməsi bununla bağlıdır. Amma bu, gələcəkdə manatı gözləyəcək təhlükələrdən sığortalamır. Nə Mərkəzi Bank, nə Neft Fondu bazara hər dəfə valyuta çıxarmaq iqtidarında deyil. Çünki Mərkəzi Bankın da, Neft Fondunun da öz limiti var. O həcmdən artıq valyuta çıxara bilməyəcək. Ona görə düşünürəm ki, bu, müvəqqəti xarakter daşıyır və yaxın günlərdə, həftələrdə dünyada baş verən hadisələrlə paralel olaraq manat ucuzlaşacaq. Neft qiymətində də ciddi oynamalar baş verir. Daxildəki tələb və təklif prinsipini nəzərə alaraq manatın addım-addım zəifləməsinin şahidi olacağıq. Gələn həftələrdə bu proses başlayacaq”.

    Rublika.az


    Facebook-da paylaş