• Azərbaycanda nazirlərin maaşı azaldılacaq

    Azərbaycanda nazirlərin maaşı azaldılacaq

    Hökumət "Səudiyyə nümunəsi”ni tətbiq edəcək?

    Vahid Əhmədov: "Ölkədə ciddi inflyasiya baş verirsə…”

    Fuad İbrahimov: "Sosial yönümlü paketimiz normal yaşayış tərzinə cavab vermir”


    Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud dövlət qulluqçularının, həmçinin, nazirlərin maaşlarını 20 faiz azaldıb.Son zamanlar neftdən əldə edilən gəlirlərin azaldılması bu qərarın verilməsini şərtləndirb. Bundan başqa Səudiyyə Ərəbistanında məmurlara sərf olunan mənzil, mebel və şəxsi nəqliyyat xərclərinin azaldılması da qərara alınıb. Azərbaycanda da belə bir təcrübə olub. Hələ 2005-ci il dekabrın 17-də Seçki Məcəlləsinə dəyişiklik edilərək prezidentin əməkhaqqının miqdarı aşağı salındı.

    Maraqlıdır ki, Səudiyyə Ərəbistanı kimi bir ölkənin iqtisadiyyatı hansı səviyyədədir ki, hökumət buna əl atıb?! Bəs, görəsən, Azərbaycan iqtisadiyyat hansı səviyyədə olmalıdır ki, məmurların, nazirlərin maaşları azaldılsın?

    "İnflyasiya ikirəqəmli həddə çatsa…”

    Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, maaş məsələsi ölkədə gedən bir sıra iqtisadi, siyasi proseslərlə bağlıdır: "Əgər, qiymətlər ciddi qalxırsa, əlbəttə, maaş problemi öz həllini tapmalıdır. Artıq 2017-ci ilin dövlət büdcəsi müzakirə olunur. Aldığım məlumata görə, dövlət büdcəsindən maaş üçün xüsusi vəsait ayrılsın. Ölkə başçısı İlham Əliyev hələ 2015-ci ilin dövlət büdcəsində neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq sosial layihələrin yerinə yetirilməsilə bağlı heç bir vəsaiti aşağı salmayıb. Həmişə vəsaiti lazımi səviyyədə qoruyub saxlayıb. Ola bilər ki, digər investisiya, tikinti və sair layihələrə ayrılan vəsait müəyyən qədər aşağı salınsın. Hesab edirəm ki, hər il olduğu kimi 2017-ci ildə də dövlət tərəfindən aylıq əmək haqqı və pensiyaların baza hissəsinə yenidən baxılacaq”. Maaşın azalmasına gəlincə, deputat qeyd edib ki, bu, bazarda inflyasiyanın səviyyəsilə ölçülür. Onun sözlərinə görə, inflyasiya ikirəqəmli həddə çatdıqda əhali üçün problem yarada bilər: "Hazırda bazarda ikirəqəmli inflyasiya yoxdur. İnflyasiya aşağı həddədir”.

    "Köklü islahatlar lazımdır”

    İqtisadçı alim Fuad İbrahimov bildirib ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycandakı maaşları müqayisə etmək düzgün deyil: "Səudiyyə Ərəbistanındakı dövlət məmurlarının maaşı Azərbaycan məmurlarının əməkhaqqından qat-qat üstündür. Elə bir ölçü vahidi yoxdur ki, iki ölkənin aylıq əməkhaqqını ölçə bilək. Amma bu o demək deyil ki, Səudiyyə Ərəbistanı maaşları yaşayış minimumundan aşağı endirib. Hazırda vətəndaşların kifayət qədər izafi xərcləri yaranıb. Nəzərə alsaq ki, istehlak etdiyimiz məhsulların, o cümlədən, kommunal xərclərin qiyməti qalxıb. Bu xərclər də "oturub” hər bir vətəndaşın cibində. Düşünürəm ki, bu proses Azərbaycanda getməyəcək. Çünki maaş səviyyəsi heç bir beynəlxalq standartlara cavab vermir ki, üstəlik onu da azaldaq. Son vaxtlar Azərbaycanda xərclərlə maaş artımı dinamikası arasında əlaqə pozulub. Xərclər daha çox artıb, amma maaşlar bir o qədər artmayıb. Səudiyyə Ərəbistanında dövlət maaşları ən yüksək səviyyədə imtiyazları ilə və ondan irəli gələn bütün göstəriciləri ilə həmişə seçilib. Hazırda bu ölkədə məmurların maaşlarının azaldılması onların həyat tərzinə toxunmayacaq. O məmurlar öz həyatlarında bu azalmanı hiss etməyəcəklər”.(cebhe)İqtisadçı onu da qeyd edib ki, Azərbaycandakı problem təkcə inflyasiya deyil: "Ümumiyyətlə MDB dövlətlərində maaşlar beynəlxalq standartlardan aşağıdır. Sosial yönümlü paketimiz çox aşağı səviyyədədir. Bu, heç bir normal yaşayış tərzinə cavab vermir. Maraqlı bir tendensiya var, 300-500 manat maaş alanların evləri, avtomobilləri var. Bu, gizli iqtisadiyyat formasının göstəriciliəridir. Bu, MDB dövlətləri ərazisində faciədir. Heç kim də yenilik gətirə bilmir. Hətta MDB-dən çıxan dövlətlər belə yenilik gətirə bilmir. Görünür ki, köklü islahatlar getmir”.

    Rublika.az


    Facebook-da paylaş