• İrəvanda kişilərin yarıdan çoxu... – Kuznetsovdan maraqlı təhlil

    İrəvanda kişilərin yarıdan çoxu... – Kuznetsovdan maraqlı təhlil

    Rus hərbi eksperti, Qafqaz üzrə mütəxəssis, tarixçi Oleq Kuznetsovun eksklüziv müsahibəsi:

    – İrəvandakı parad zamanı İsgəndər-M raketlərinin nümayiş olunmasına aydınlıq gətirə bilərsinizmi? Bu raketlər kimə məxsusdur və Azərbaycanın təhlükəsizliyi üçün hansı potensial təhdid yaradır? Kalininqrad vilayətində İsgəndər-M operativ-taktiki raketlərinin yerləşdirilməsi Polşa və Çexiyada amerikalıların raketdən qorunma radarlarının qurulması ilə əlaqələndirilir. Bu tipli raketlərin istənilən vaxt közərə bilən müharibə ocağına ­ Azərbaycan-Ermənistan konfliktinin mövcud olduğu bir zonaya gətirilməsini nə ilə izah etmək olar?

    – Hər şeydən əvvəl bir texniki nüansı qeyd etmək istəyirəm: operativ-taktiki raket kompleksi olan “İsgəndər” müxtəlif taktiki-texniki xüsusiyyətlərə malik olan raketlərin işəsalma qurğusu olsa da, dəyişikliklərə məruz qalmır. Hər bir baza komplekti ümumilikdə 6 maşından ibarətdir: işəsalma qurğusu, nəqliyyat və silahı doldurma maşını, komanda qərargah maşını və sairə. Bu kompleks barədə bütün məlumatı internetdən əldə etmək olar. İrəvandakı paradda nümayiş olunan yalnız işəsalma qurğusu olduğundan, sözügedən raketin “İsgəndər”in hansı modifikasiyasına aid olduğunu demək çətindir. Hər kəsə məlum olan mənbələrdən bilirik ki, 2013-cü ildə Rusiya ilə Ermənistan arasında bağlanan müqaviləyə əsasən, Ermənistana İsgəndər-E (eksport variantı ) OTRK raketlərinin verilməsi nəzərdə tutulurdu. Bu raket kompleksi İsgəndər-M-dən taktiki-texniki xüsusiyyətlərinə - azaldılmış ilkin çəkisi, məhdud uçuş məsafəsi, hədəfə dəymə göstəricisində artan əyilmə bucağı və başqa parametrlərinə görə geri qalır. Buna səbəb Rusiyanın Avropada adi hücum silahlarının satışına məhdudiyyət qoyan beynəlxalq müqavilələri imzalamasıdır. Bu müqavilə uçuş mənzili 300 km-dən artıq olan raketlərin üçüncü dövlətlərə satışını qadağan edir, İsgəndər-M isə 500 km hədəfə nəzərdə tutulub. Zahiri görünüşünə görə bu raketlər fərqlənmir. Buna görə də mən həyəcan təbili çalan Azərbaycan mətbuatının, Rusiyanın Ermənistana 3 il öncə bağlanmış müqaviləyə əsasən İsgəndər-E raketləri əvəzinə İsgəndər-M tipli raketi bağışladığı iddialarına şərik deyiləm. Doğrusunu aydınlaşdırmaq isə Azərbaycan kəşfiyyatının vəzifəsidir.(axar.az)

    – Bu il Qarabağla bağlı hər hansı bir irəliləyişin əldə olunması gözlənilirmi?

    – Konfliktin hər iki iştirakçısı, yəni həm Azərbaycan, həm də Ermənistan bütün yayı daxili-siyasi problemlərini həll etmək və hər iki ölkədə paralel keçirilən konstitusiya islahatlarını həyata keçirməklə məşğul idi. Məhz bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ritorikanın səngiməsi dünya çapında heç kimin təəccübünə səbəb olmadı. Həm Azərbaycanda, həm də Ermənistanda daxili-siyasi dəyişikliklər zamanı yetişdiyindən, onların icrası hər iki ölkənin xarici siyasətində müəyyən durğunluğa səbəb oldu. Burada heç bir təəccüb doğuran hadisə və ya qeyri-təbiilik yoxdur. Sadəcə, müvəqqəti olaraq dövlət siyasətinin prioritetləri istiqamətini dəyişib. Əminəm ki, çox keçmədən, zənnimcə, bir aydan çox keçməz ki, hər şey “Əhdi-Ətiq”də deyildiyi kimi, “əvvəlki halına qayıdar”.

    – Ermənistan hökuməti istefaya getdi. Nə qədər dəyişiklik olsa da, Qarabağ klanı ölkədə zəifləmir. Üstəlik, Sərkisyanın ən yaxın adamı Müdafiə naziri Seyran Ohanyan da istefaya göndərildi. Bu dəyişikliklər Ermənistana nə vəd edir?

    – Mən heç bir vəchlə Qarabağ klanı haqqındakı tezisinizlə razı deyiləm. Şəxsən mən Ermənistandakı vəziyyətin inkişaf ssenarisinin tam fərqli istiqamətdə olduğuna əminəm. Hər şeydən əvvəl, bunu dəqiq bilmək lazımdır ki, Qarabağ klanı dünya erməni diasporunun istənilən seqmentinə istiqamətlənmək imkanına malik idi ki, bu da diaspordaxili ayrı-ayrı güc mərkəzlərinin xoşuna gəlmirdi. Çünki onlar Ermənistanı ancaq öz təsir orbitində görmək istəyirdilər. Qarabağ klanı üçün ilk təhlükə zəngi hələ 2006-ci ildə acınacaqlı Jirayr Sefilyan erməni diasporunun amerikan seqmentinin maraqları çərçivəsində dövlət çevrilişinə cəhd etdiyi dövrdə çalınmışdı. O dövrdə Ermənistan prezidenti R.Köçəryan bu təhlükəni neytrallaşdıra və Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılmasının qarşısını ala bilmişdi. İkinci cəhddə, bu ilin iyul ayınının ikinci yarısında - “Sasna çrer”in yaraqlıları İrəvan polisinin post-patrul alayının binasını zəbt edəndə artıq hamıya aydın oldu ki, Qarabağ klanının qarşısında dilemma durur: ya öz xoşuyla siyasətdən uzaqlaşmalı, ya da növbəti, üçüncü dövlət çevrilişində fiziki cəhətdən məhv olmalıdır. Belə ki, Qarabağ klanı şəxsi və maliyyə toxunulmazlığına zəmanət almaqla öz xoşu ilə hakimiyyəti əlindən buraxdı. Bu məsələyə İrəvanın keçmiş meri, ”Qazprom Mejreqionalqaz”ın top-meneceri, Ermənistanın yeni baş naziri K.Karapetyanın simasında rusiyapərəst qüvvələr zamin durdu. Bunu təsdiqləyən bir sübut da rusyönümlü XİN-nin başçısı E.Nalbəndyanın öz vəzifəsini qoruyub saxlamasıdır. Bütün bunlar onu göstərir ki, artıq İrəvanda hakimiyyətə ruspərəst qüvvələr gəlib. Onlar üçün Qarabağ klanı 1991-ci ildə SSRİ-nin dağılmasına və onun soyuq müharibədə məğlub olmasına görə şəxsən məsuliyyət daşıyan xainlər yığınıdır. Hətta Prezident Administrasiyasının keçmiş rəhbəri və mülki şəxs olan V.Sərkisyanın müdafiə naziri təyin olunması ondan xəbər verir ki, hərbi qüvvələr birbaşa prezident S.Sərkisyanın tabeliyinə keçib və vaxtı ilə hamısı Dağlıq Qarabağ separatçılarının qanunsuz hərbi birləşmələrinin sahə komandirləri olan bugünkü generallar artıq daxili siyasətə müdaxilə edə bilməyəcək. Beləliklə, düşünürəm ki, Qarabağ klanı tamamilə və qəti sürətdə tutduğu mövqeni itirdi. Ermənistanın yeni hökumətinin daxili siyasət kursunun perspektivlərinə gəldikdə isə gələn ilin yazında keçiriləcək parlament seçkilərinə qədər onların hər hansı qeyri-müəyyən addımlar atmaqdan çəkinəcəyi qənaətindəyəm. Hazırkı hökumətin vəzifəsi sırf texniki əhəmiyyət daşıyır – Ermənistanda konstitusiya islahatlarının effektli keçirilməsini təmin etmək, ölkəni prezident idarə-üsulundan parlament respublikasına çevirmək və bu prosesi 2018-ci ilin yayınadək başa çatdırmaq… O vaxtadək K.Karapetyanın qarşısında duran yeganə məqsəd bütün qüvvələri səfərbər edərək, sosial partlayışa yol verməməkdir.

    – İllərdir davam edən iqtisadi böhran İrəvanda destablizasiya yarada bilərmi?

    – Bu suala əminliklə yox deyə bilərəm. İş burasındadır ki, Ermənistan sözün əsl mənasında hər hansı bir iqtisadiyyata sahib deyil. Onun maliyyə sistemi tamamilə xaricdən gəlir – həm fərdi, həm də dövlət səviyyəsində, maliyyə dəstəyi hesabına fəaliyyət göstərir. Əhalinin yarıdan çoxu – kişilər əsgərlikdə və ya dövlət qulluğunda deyillərsə, Rusiyaya, Avropaya və ya Türkiyəyə qaçırlar. İki yüz əlli mindən çox erməni düşmən adlandırdıqları Türkiyədə işləyir və aldıqları əməkhaqqı hesabına Ermənistanda qalan ailələrini dolandırır. Rusiyada bir milyondan milyon yarımadək müvəqqəti və ya daimi işdə çalışan Ermənistan vətəndaşı var. Onlar hər il ölkələrinə 1,2 milyard dollar pul yollayır. Ermənistan maliyyə sistemi daxil olan yerli vergilərin deyil, xaricdən gələn pulların hesabına mövcuddur. Buna görə də tam əminliklə demək olar ki, Ermənistanın milli valyutası olsa da, öz pulu yoxdur. İqtisadiyyat ruspərəst, amerikapərəst, fransapərəst və s. oliqarx klanlarla təmsil olunub.

    Əldə olunan bütün gəlirlər iqtisadiyyata investisiya əvəzinə ya siyasi fəaliyyətə, ya da Dağlıq Qarabağın işğalçı rejiminin təminatına yönəldilir. Mahiyyətcə müasir Ermənistanın hazırki vəziyyətini Kolumbdan sonrakı İspaniya imperiyasında mövcud olan feodal-müstəmləkə iqtisadiyyatına oxşatmaq olar. Burada praktiki mal, məhsul istehsalı yoxdur. Əsas istehlak malları İrandan gətirilir. Buna görə də Ermənistanın dünya iqtisadi proseslərinə inteqrasiyasından danışmaq olmaz. Onun komprador tipli siyasi elitası xarici ianələr, yerli əhali isə natural təsərrüfat hesabına dolanır. Elə bu səbəbdən də dünya iqtisadiyyatında baş verən böhranların Ermənistan üçün qorxusu yoxdur. Çünki onun sənayeyə söykənmiş iqtisadiyyatı yoxdur.

    Rublika.az


    Facebook-da paylaş