• Dini ekstremizmlə bağlı cəzalar sərtləşdirilir: 20 il və ya ömürlük həbs!

     Dini ekstremizmlə bağlı cəzalar sərtləşdirilir: 20 il və ya ömürlük həbs!

    Bu gün Milli Məclisdə dini etiqad azadlığı haqqında qanunvericiliyə dəyişikliklər müzakirə ediləcək

    Oktyabrın 13-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Cinayət Məcəlləsinə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları ilə bağlı təklif edilən dəyişikliklər müzakirə edilib.

    Bununla bağlı Cinayət Məcəlləsinə yeni 167-1.4 maddəsinin əlavə edilməsi təklif olunur. Təklif olunan maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə , dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslər 7000 manatdan 9000 manata qədər cərimələnəcək və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcək. Maddə 167-1.2.-ə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma 5 min manatdan 10 min manata qədər cərimə və ya 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası təklif olunur. Cinayət Məcəlləsinə salınması təklif edilən 278.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib.

    Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

    “Dini etiqad etməyə məcbur etməklə bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər düzgün anlaşılmalıdır. Söhbət burada kiminsə əlinə ələm götürüb pul yığmağa, yaxud saqqal saxlamağa məcbur etmək kimi əməllərdən gedir”.

    Bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin oktyabrın 13-də keçirilən birgə iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, kimsə dini ritual yerinə yetirirsə, üzərində dini nişan varsa, yaxud evdə namaz qılır, dini ayin icra edirsə, bu qadağaların onlara dəxli yoxdur. (APA)

    Xaricdə İslam dini ilə bağlı təhsil alanların Azərbaycanda dini mərasimləri idarə etmələrinə qoyulan qadağa haqda da danışan komitə sədri bunları deyib: “Azərbaycanda Bakı İslam Universitetində, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində dini təhsil verilir. Ancaq bizdə xristian və yəhudi dinləri ilə bağlı dini təhsil verən mərkəz yoxdur. Ona görə də biz qadağanı məhz xaricdə İslam dini ilə bağlı təhsil alanların mərasim aparmalarına qoymuşuq. Onu da nəzərə almaq lazımdır ki, qanunun geriyə qüvvəsi yoxdur. Yəni, söhbət qanunun qəbulundan sonra xaricdə təhsil alanlardan gedir. Ola bilər ki, həmin insan savadlıdır, amma təhsil aldığı ölkənin müəyyən orqanları ilə əlaqədə olub. Dini mərasimləri vətəninə, ölkəsinə, xalqına bağlı olan insanlar idarə etməlidir”.(gununsesi)Bununla bağlı Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin birgə iclasında “Qaz təchizatı haqqında”, “Elektronika haqqında”, “Su təchizatı haqqında”, Telekommunikasiya haqqında" qanunlarına dəyişiklik layihələri müzakirə çıxarılıb.

    Dəyişiklik layihəsinə əsasən, dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər. Layihə MM-in plenar iclasına tövsiyə olunub. Qeyd edək ki, parlamentin növbəti iclası bu gün (14 oktyabrda-E.) keçiriləcək.

    Rublika.az


    Facebook-da paylaş