• Büdcənin 5.6 milyardı tendersiz xərclənib

    Büdcənin 5.6 milyardı tendersiz xərclənib


    Azərbaycanda irimiqyaslı layihələr başlamamışdan korrupsiya yeminə çevrilib Səbəb olmadan iri layihələrə bir mənbədən satınalma üsulu tətbiq edilir.

    Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin web-saytında 2015-ci il ərzində respublikanın dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 8334 satınalmanın həyata keçirildiyi qeyd edilir. Bizimyol.info sayta istinadən bildirir ki, təqdim olunan yekun protokollara əsasən bağlanan satınalma müqavilələrinin qiyməti 1326933,06 min manat təşkil edib və satınalma predmetinin ehtimal olunan qiymətinin (1380719,12 min manat) 53786,06 min manatına və ya 3.90 faizinə qənaət edilib. Qənaətin 43434.09 min manatı və ya 80.75 faizi tender üsulu ilə keçirilən satınalmalarda, 10351.97 min manatı və ya 19.25 faizi isə kotirovka sorğusu üsulu ilə baş tutan satınalmalarda əldə olunub. Kotirovka sorğusu üsulu ilə 6848 (ümumi sayın 82.17 faizi) müsabiqə keçirilsə də, onların ümumi məbləği 151260.12 min manat və ya keçirilən dövlət satınalmalarının ümumi məbləğinin (1326933.06 min manat) cəmi 11.40 faizini təşkil edib.

    Ötən il 7 milyard investisiya xərcləri tendersiz istifadə olunub

    2015-ci ilin dövlət büdcəsində investisiya xərcləri 6 mlrd. 930 milyon manat olub. Bu isə ümumi büdcənin 32,8 faizini təşkil edirdi. Vəsaitin 1 mlrd. 336 milyon manatı I Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlərə sərf olunub, qalan 5 mlrd. 594 milyon manat da digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşuna sərf edilib.(bizimyol)Ötən il mərkəzləşdirilmiş xərclər 19 446 050,0 min manat, yerli xərclər 1 653 950,0 min manat olub. Əməkhaqqı, sosial-vergi ödənişləri istisna olmaqla bütün dövlət vəsaitləri satınalma yolu ilə xərclənməlidir. Amma biz bunları kənara qoyub, təkcə investisiya xərclərini götürəcəyik. Ötən il tenderdə sərf olunan vəsaitlər investiya üçün nəzərdə tutulan pulun heç beşdə biri deyil. Halbuki, o tenderlərin özləri belə ayrı-ayrı təşkilatların xərcləmələrinə aiddir, keçirilən xırda tenderlərin birbaşa investisiya üçün nəzərdə tutulmuş vəsaitlərlə bağlılığı yoxdur. Bu il də investisiya xərclərinə 3 mlrd. manat nəzərdə tutulub.

    Hesablama Palatasının auditləri ciddi qanun pozuntularını təsdiqləyir

    Dövlət satınalamaları sahəsində qanun pozuntusu mətbuatın iddiası deyil, Hesablama Palatası demək olar ki, əksər auditlərin nəticəsində tender qanunvericiliyinin kobud şəkildə pozulduğunu hesabatlarında dərc edir. Ən son qurum “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Meliorasiya və Su Təsərrüfatı” ASC, «Qaçqınkom», bir neçə rayonun icra hakimiyyəti, dövlət xəstəxanaları, təhsil müəssisələri və təhsil şöbələrində apardığı audit nəticəsində bir çox hallarda tender qanunvericiliyinin pozulduğunu ortaya çıxarıb və bu məlumatları ictimailəşdirib.

    Köçkünlərin tələsən yeri yoxdur, MKSİF nədən narahatdır?

    Bu il Hesablama Palatası Dövlət Neft Fondundan Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı ciddi korrupsiya faktları aşkarlayıb. HP-nın 2015-ci ilə dair hesabatına görə, Neft Fondu sözügedən quruma 2012-2014-cü illər ərzində 900 milyon manat vəsait ayırıb. Tikinti layihələrinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanmaması, yaşayış məntəqələrinin ərazilərinin planlarının qurulmaması, tikintiyə dair texniki-iqtisadi hesablamalara texniki-iqtisadi əsaslandırmaların dövlət ekspertizasından keçirilməsinin təmin olunmaması, tikinti işlərinin ehtimal olunan dəyərinin şişirdilməsi bir tərəfə, yaşayış qəsəbələrinin tikintisinin satın alınması üçün tender komissiyası yaradılsa da, qurum faktiki olaraq fəaliyyət göstərməyib. Açıq tenderin keçirilməsinə kifayət qədər vaxtın olmasına baxmayaraq, 23 layihənin hamısı tendersiz, birbaşa müqavilə bağlanılmaqla podratçıya həvalə edilib.
    Əvvəla, tenderlər keçirilmədiyindən rəqabət olmur, birbaşa sifariş verildiyindən podratçıların imkanları hərtərəfli araşdırılmır. MKSİF-in əksər layihələrində podratçıların fiziki imkanları olmadığından işi subpodratçılara həvalə edirlər, özləri isə nəzarət funksiyası yerinə yetirirlər. Bu da inzibati şərclərin artmasına, görülən işlərin dəyərinin əhəmiyyətli şəkildə şişməsinə səbəb olur. Araşdırmalar göstərib ki, işlər hər il eyni şirkətlər arasında bölüşdürülür. Bir neçə il əvvəl bununla bağlı göndərilən jurnalist sorğusuna fonddan tenderin keçirildiyi cavabı gəlmişdi. Amma sonradan rəsmi səviyyələrdə etiraf olundu ki, vaxt darlığından işlər podratçılara tender keçirilmədən həvalə edilir. Doğrusu, bu, anlaşılan deyil. Köçkünlər 4 ildir yataqxanalarda, bağçalarda sürünürlər, görünən odur ki, daha bir neçə il də belə olacaq. Onların tələsən yeri yoxdur, bəs qurum hara tələsir? 2001-ci ildən başlanan məskunlaşdırma layihəsi 15 ildir acı bağırsaq kimi uzanır.

    Metropoliten podratçılarla birbaşa müqavilə bağlayıb

    Palata Metropolitenə ayrılan 602 milyon manatın auditi zamanı da ortaya çıxarıb ki, 2014-2015-ci illərdə funksional fəaliyyətlə bağlı olmayan alışlar üzrə satınalma prosedurları tətbiq edilmədən birbaşa müqavilələr bağlanıb, eyni malların satınalınması üzrə ayrılan vəsait məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı hissələrə bölünərək satınalma metodu dəyişdirilib, satın alınacaq malların ehtimal olunan qiymətləri müəyyən edilməyib. Görəsən nə tələsik işləri varmış ki, tender keçirilməyib? Metro tikintisi üzrə bəzi işlər təcrübəsi və böyük potensialı olmayan podratçı şirkətlər vasitəsilə həyata keçirilmiş, metro tikintisi işləri çərçivəsində podrat üsulu ilə tikinti işləri üzrə artım əmsalının və müqavilə qiymətinin müvafiq qaydada müəyyən edilməyərək podratçı və sifarişçi arasında sənədləşdirilməsi, bəzi obyektlərin layihə və smeta sənədlərinin ekspertizadan keçirilməməsi, layihə-smeta sənədlərində nəzərdə tutulmayan işlərin qəbul edilməsi hallarına yol verilib.

    Bir mənbədən satınalmaya təcili tələbat və alternativsizlik əsas verir

    “Dövlət Satınalamaları haqqında” Qanunun 21-ci maddəsi bir mənbədən satınalma metodundan istifadə şərtlərini izah edir. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər: satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar, işlər və xidmətlər üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; mallara, işlərə və xidmətlərə təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda; fövqəladə hallarla əlaqədar həmin mallara və işlərə təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda; satınalan təşkilat hər hansı malgöndərəndən malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin podratçıdan satın alınması qənaətinə gəldikdə.

    Yanan binanın bərpası, stadion tikintisinin zaman fərqi

    Əgər qanunvericilik vaxtı bəhanə gətirib dəqiqəbaşı layihələrin tendersiz keçirilməsinə yol versəydi, palata da bunu həmin təşkilatlara irad tutub, bəzilərinin barəsində prokurorluq orqanlarına şikayət etməzdi. Binəqədidə yanan binanın təmiri ilə bağlı tələsmək ona görə lazım idi ki, sakinlər evlərindən didərgin düşmüş, rahatlıqları pozulmuşdu. O vaxt tender keçirmədiklərinin səbəbinə bizi inandıra bildilər. Baxmayaraq ki, bu iş də yenə baş nazirin müavininə yaxın şirkətə həvalə olundu. Amma 65 min yerlik Bakı Olimpiya Stadionunun tikintisini tendersiz aparmağa əsas yoxdu, çünki kifayət qədər vaxt vardı. Layihənin təcili olduğunu bildirib tender keçirmədilər. halbuki, stadionun tikintisinə 640 milyon dolların ayrıldığı 2 il qabaqcadan bildirilmişdi. Layihənin həyata keçməsində podratçı SOCAR, subpodratçı "Tekfen İnşaat və Təsisat A.Ş." şirkəti idi. Rəqabətsizliyin nəticəsidir ki, belə layihələr qonşu ölkələrdə gerçəkləşdirilən analoji layihələrdən qat-qat baha-başa gəlir.

    Tender elanı və ödənmiş iştirak haqqı şəffaflığı təmin edə bilərmi?

    “Dövlət satınalmaları haqqında” Qanuna görə dövlət tərəfindən həyata keçirilən və dəyəri 50 min AZN-dən çox olan layihələrin icrası açıq tender vasitəsilə ilə həyata keçirilir. Tenderlərin doğrudan da keçirildiyini müəyyən etmək üçün bu barədə elanların verilib-verilmədiyini öyrənmək, eyni zamanda iddiaçı şirkətlərin iştirak haqqı ödəyib-ödəmədiyini aydınlaşdırmaq prosesin nə qədər şəffaf olduğuna bir qədər işıq sala bilər. Azərbaycanda əksər hallarda tender elanları əvvəlcədən qiyabi olaraq seçilmiş şirkətlərin adının rəsmiləşdirilməsinə xidmət edir. Bir mənbədən satınalma çox vaxt əsas olmadan dövlət tərəfindən həyata keçirilən əksər satınalmalara tətbiq olunur. Bu, Nəqliyyat Nazirliyinin yol layihələrindən tutmuş, “Azərsu” ASC, SOCAR, müxtəlif nazirliklər və komitələr, icra hakimiyyətlərinin layihələri, iri məbləğdə alışlarına da aiddir. Dövlət satınalmalarına nəzarəti həyata keçirən qurum da həmin layihələrlə bağlı nəinki tender elanları, heç nəticələri də web-resurslarında yerləşdirmir. Halbuki, bir mənbədən satınalma olmuş olsa belə saytın bazasına işlənməlidir.

    Neft pulları tenderdən kənar xərclənir

    Neft Fondundan maliyyələşdirilən əksər layihələr üzrə tender keçirilmir. DNF-nın maliyyəsi ilə reallaşan layihələrdə şəffaflıq problemləri dövlət satınlamalarından qaynaqlanır. Əksər hallarda icraçıların seçilməsi zamanı dövlət satınalmalarının tələbləri pozulur. Nəticədə xərcləmələr ildən-ilə artsa da, layihələrin tamamlanma müddəti uzanır. Rəqabətsiz qazanılan layihələrin yüksək qiymətləndirililməklə yanaşı icra prosesi zamanı bir qədər də bahalaşdırılır. Sifarişçi təşkilatlar da, podratçılar da bu məsələdə hesabatlı deyillər. “Bizim Yol”-un araşdırmasına görə, yenə DNF-nin vəsaiti hesabına inşa olunan “Oğuz-Qəbələ-Bakı” su kəməri ilə bağlı bəzi işlər üzrə tender elanlarına rast gəlinsə də, nəticələri açıqlanmayıb. Qanunda satınalma müqaviləsi barədə 5 bank günü ərzində mətbuat orqanında məlumat dərc edilməli idi. “Azərsu” ASC isə özünə münasib bildiyi zamanı açıqlayıb. Layihə üzrə 10-a yaxın tender keçirilsə də, onlardan yalnız biri barədə elan verilib. Araşdırmalar zamanı məlum olub ki, bir sıra şirkətlərlə müqavilə satınalma əsasında bağlanmayıb. DNF-nin hesabatında qeyd edilir ki, 80,2 milyon manat vəsait “Azkompozit” şirkətinin hesabına köçürülüb. Boruların alınması ilə bağlı tenderdə 6 ölkəni təmsil edən 7 şirkət iştirak edib. Bu halda “Azərsu”-nun fəaliyyətdə olmayan şirkəti qalib seçməsinin zərurətinin nədən yarandığı bilinmir. Fondun maliyələşdirdiyi “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsində də eyni prosselər gedib. Tikinti-quraşdırma işlərində lazım olan materialların təchizatçısı kimi hansı şirkətin iştirak etdiyi bilinmir. Layihə üçün keçirilən tenderlər ictimaiyyətə açıqlanmayıb. Bu isə prosesin şəffaflığını şübhəyə alır.

    Rublika.az


    Facebook-da paylaş