• Azərbaycan təhsilində Mikayıl Cabbarovun YENİ RÜŞVƏT SİSTEMİ

    Azərbaycan təhsilində Mikayıl Cabbarovun YENİ RÜŞVƏT SİSTEMİ

    Azərbaycan təhsilində rüşvət sindromu sağalmaz xəstəliyə çevrilməkdədir

    Bu ayın əvvəli qeyd edilən müəllimlər günüylə bağlı nazir Mikayıl Cabbarovun dəfələrlə xəbərdarlı etməsinə baxmayaraq, valideyinlərdən rüşvətlərin açıq şəkildə yığılması da göstərdi ki, aparılan islahatlar, sərtləşən cəzalar, ictimaiyyət tərəfindən edilən etirazlar bu sahədə şəffaflığın artırılmasına təkan ola bilmir. Ötən dövrlərdə valideynlər ən çox "Fond pulu” amilindən şikayətçiydilərsə, yeni dövrdə, süpürgə, xəkəndaz, pərdə pulları daha "sivil” tələblərlə əvəzlənib. Acınacaqlısı odur ki, məktəblərdə bu dəfə qeyri-qanuni pullar yeni ad altında yığılır. Bu kampaniyanın adı - "Kurikulum puludur”.
    Artıq şagird və valideynlər bəhrəsini görməzdən əvvəl məhz kurikulum adlı bir sistemin acı fəsadlarını yaşamağa başlayıblar.
    Azərbaycan məktəblərində təhsil sistemi 2009-cu ildən etibarən kurikulum sisteminə keçdi. Kurikulum - təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə birləşdirən konseptual sənəddir. Bu sistemin əsasını tərtib, tətbiq, qiymətləndirmə, təhlil təşkil edir. Kurikulum sistemində qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir. Bu sistemə görə, müəllimlər şagirdlərin daha effektiv işləməsi üçün köməkçi vasitələrdən istifadə edir. Bu işə vərəqlərinin hazırlanması, lüğətlərin və testlərin sürətinin çıxarılması, şagirdlərə paylanılması daxildir.
    Məhz bu köməkçi vasitələrin istifadə edilməsi təhsil müəssisələrində yeni rüşvət mənbəyinə çevrilib. Məktəb rəhbərləri köməkçi vəsaitlərin hazırlanması üçün şagirdlərdən və ya onların valideynlərindən pul yığırlar.

    Təhsildə yeni rüşvət “sistemi”

    "BakıPost” əməkdaşlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, paytaxt məktəblərində daha çox vüsət alan bu "sistem” Bakıdan kənarlarda da yaxşıca pərçimlənib.
    Məsələn, Xırdalan şəhər 7 saylı orta məktəbdə hər şagirddən 0.50-1 AZN arası, Cəlilabad rayon 8 saylı məktəbdə ayda 2-3 dəfə 0.50 AZN, Şəki şəhəri Kiş kənd 1 saylı tam orta məktəbdə 0.50 AZN , Zabratda 71 saylı tam orta məktəbdə isə illik 25 AZN yığılır. Suraxanı rayonu Səməd Abdullayev adına 290 nömrəli məktəbdə ibtidai sinif şagirdlərinin valideynlərindən hər ay 1 AZN yığılır.
    Həmin yığılan vəsaitlə şagirdlərin testləri kserokopiya olunur. Məlum olub ki, paytaxt məktəblərinin bəzilərində, bu məsələ bir qədər fərqli şəkildə həllini tapır. Valideynlər yığışaraq, sürətçıxaran aparat və kağızlar alıb sinfə qoyurlar ki, xərclər bir qədər azalsın. Bəzi yerlərdə isə bu görülən işlər müəllimin şəxsi vəsaiti hesabına başa gəlir. Paytaxt məktəblərinin birində çalışan müəllimlə söhbət zamanı məlum olur ki, köməkçi dərs vəsaitlərinin hazırlanmsı, müəllim və şagirdlərin öhdəsinə buraxılması bir sıra problemlərə gətirib çıxarır:
    "Şəxsən mən bu məsələlərə görə şagirdlərdən pul yığmağa utanıram. Buna görə də təxminəm ayda bir sinfə görə haradasa 20 manat pul xərcləyirəm. Amma məsələ 20 manatda deyil. Mənimçün əsas problem həmin vəsaitlərin çıxarılmasına görə, haralarasa getməyim, itirdiyim vaxtdır. Bundan əvvəl bu işi şagirdlərin öhdəsinə buraxırdım. Növbətçi sistemi yaratmışdıq.(politika)Hər dəfə bir şagird gedib həmin materialları çıxarıb gəlirdi. Sonra məlum oldu ki, testləri onlara verəndə düzgün cavabları özləri üçün götürüb, dərsə hazırlaşmadan o cavabları yazaraq yüksək qiymət alırlar. Ona görə növbətçilik sistemini ləğv elədim. İndi məcbur olub, hər gün işdən sonra lazım olan vəsaitləri hər şagird üçün özüm çıxarıram”.
    Qiymətləndirmələr test üsulu ilə həyata keçirilir. Bir test 20-30 sualdan ibarətdir. Suallar ümumi şəkildə hazırlanır, çap olunur və çoxaldılaraq şagirdlərə paylanır. Kiçik summativ qiymətləndirməni fənni tədris edən sinif müəllimi, böyük summativ qiymətləndirməni isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya hazırlayır. Bununçün dövlət büdcəsindən bu məqsədlə kifayət qədər vəsait ayrılır. Lakin, istər paytaxt, istərsə də regionlarda bu kimi neqativ hallar kifayət qədər müşahidə olunur.

    Məsələ ilə bağlı Təhsil Nazirliyinin Mətbuat Xidməti "BakıPost”a yalnız bir cümlə ilə cavab verib: "Bu, qanuna ziddir”

    Əslində isə kurikulum çox yaxşı bir sistemdir. Şagirdlərin daha yaxşı təhsil almalarına, daha yaxşı öyrənmələrinə imkan verir. Belə bir şəraitdə şagirdlər daha sərbəst olurlar, daha tez biliklərə yiyələnirlər və verilən tapşırıqları daha həvəslə yerinə yetirirlər.

    Qeyd edək ki, Azərbaycanda istifadə olunan kurikulum növü "fənlərə əsaslanan kurikulum”dur.

    Rublika.Az


    Facebook-da paylaş