• Cəlilabad Rayon İcra Hakimiyyətində və «Azəravtoyol» ASC-də yoxlamalar aparılmalıdır


    Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinə ayrılan 13 milyon 200 min manat hara və necə xərclənib?

    Yeni istifadəyə verilən yolun çökməsinə görə Əziz Əzizov və Saleh Məmmədov məsuliyyət daşıyır

    Ölkənin cənub rayonlarından olan Cəlilabadda əhalinin sosial durumu, o cümlədən istər mərkəzi, istərsə də kənd yollarının vəziyyəti olduqca acınacaqlı haldadır. Bunun məsuliyyətinin birbaşa Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun üzərinə düşdüyünü qeyd edən məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, rayon yollarının bərbad vəziyyətdə olmasında «Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Saleh Məmmədovun da payı var. Beləliklə, Cəlilabad rayonun mərkəzi küçələrində yolların çala-çuxur olduğunu vurğulayan mənbənin sözlərinə görə, hava yağışlı olduğu zaman rayon yollarında palçıq əlindən yerimək olmur: «Yollarda avtomobillərin hərəkəti isə yağıntılı havada daha da çətinləşir. Deyilənlərə görə, icra hakimiyyəti bu məsələdən məlumatlı olsa da yolun təmir olunması üçün heç bir əməli addım atmır. Bildirilir ki, dövlət büdcəsində rayona pul ayrılsa da, bu pulların böyük əksəriyyəti icra başçısı Əziz Əzizovun şəxsi biznesinin inkişafı üçün istifadə edilir. Bu günlərdə 20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsinin çökməsi bunun bariz sübutu kimi qiymətləndirilməlidir. Hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib».(gundelik-baku)Bu arada, mövzu ilə bağlı apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində indiyədək bir neçə dəfə Cəlilabad rayonunun yollarına külli miqdarda vəsait ayrılıb. Məsələn, ölkə başçısı 2013-cü ildə Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun çəkilişinə 2 milyon manat vəsait ayırıb. 08.12.2014-cü il tarixdə isə prezident Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,1 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılsın. 17.08.2015-ci il tarixdə də ölkə başçısı sözügedən yolun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında növbəti sərəncam imzalayıb. Həmin sərəncamda deyilirdi ki, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın. Üzərindən bir müddət keçdikdən sonra, daha dəqiq desək, 22.07.2016-cı il tarixdə prezident Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında növbəti sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində «Avtomobil Yolları» Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon manat ayrılsın, Maliyyə Nazirliyi və «Azəravtoyol» ASC bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər. Beləliklə, bu günlərdə dağılmış yola qısa müddət ərzində üst-üstə 13 milyon 200 min manat pul ayrılıb. Həticə isə göz qabağındadır… Beləliklə, bu qədər vəsait ayrılan yol yenicə istifadəyə verilsə də artıq tanınmaz hala düşüb. Bunun məsuliyyətinin Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun və «Azəravtoyol» ASC-nin sədri Saleh Məmmədovun üzərinə düşdüyünü vurğulayan məlumalı şəxsin sözlərinə görə, hazırda Cəlilabadın bəzi mərkəzi küçələrində yollar bərbad vəziyyətdədir: «Deyilənlərə görə, hava yağışlı olduğu zaman isə bu yollarda palçıq əlindən yerimək olmur. Rayon icra hakimiyyəti bu problemdən məlumatlı olsa da, nədənsə yolun təmir olunması üçün heç bir tədbir görülmür. Halbuki Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər başçı tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. Rayon İcra Hakimiyyətinin binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Gözdən pərdə asmaq üçün qismən abadlıq işləri aparılan yerlər var ki, onu da icra başçısı sahibkarlara gördürür. Budur, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinə 13 milyondan artıq vəsait ayrılıb, lakin yeni istifadəyə verilən yol elə ilk yağışda çökdü, param-parça oldu, tanınmaz hala düşdü.
    Bu səbəbdən də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, o cümlədən Hesablama Palatası, Maliyyə Nazirliyi və digər müvafiq qurumlar həm Cəlilabad Rayon İcra Hakimiyyətində, həm də «Azəravtoyol» ASC-də müvafiq yoxlamalar aparmalı, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinə ayrılan 13 milyon 200 min manatın hara və necə xərclənməsinə aydınlıq gətirməlidirlər».

    RUBLİKA.AZ


    Facebook-da paylaş