• 117 saylı bağçada direktor Solmaz Hacıyevanın “payız bayramı”

    117 saylı bağçada direktor Solmaz Hacıyevanın “payız bayramı”

    Solmaz Hacıyeva rəhbərlik etdiyi məktəbəqədər uşaq müəssisəsində artıq ilin fəsillərinin dəyişməsini də özünün qazanc mənbəyinə çevirib

    Paytaxtın Yasamal rayonu ərazisində yerləşən 117 saylı bağçanın fəaliyyəti mətbuatda tənqid olunduqca, bu müəssisənin müdiri Solmaz Hacıyeva öz işində yol verdiyi özbaşınalıqları daha da artırır. Bu barədə redaksiyamız adaxil olmaqda davam edən məlumatlarda xəbər verilir. Etiraf olunmalıdır ki, son vaxtlar ümumiyyətlə Bakıda fəaliyyət göstərən uşaq bağçalarında müşahidə olunan neqativ hallara dair redaksiyamıza daxil olan şikayət məktublarının sayında bir artım müşahidə olunmaqdadır. Təbii ki, özü-özlüyündə bu hal ölkənin uşaq müəssisələrində ümumi vəziyyətin ürəkaçan olmadığına dəlalət edir. Buna görə də şikayət ərizələrinin çoxluğu təqdir olunmayan bir hal kimi qiymətləndirilməlidir. Digər tərəfdən isə, uşaq bağçalarında vəziyyətin mövcud duruma gəlməsində məhz biz valideynlərin də günahı az deyil. Hardasa "palaza bürün, elnən sürün” prinsipinə sığınaraq daima tələb olunan rüşvətləri verməklə, hər gün şahidi olduğumuz neqativ hallara qarşı etirazlarımızı bildirməməklə, bir sözlə seçdiyimiz passiv mövqeylərimizlə biz özümüz vəziyyətin getdikcə daha da ağırlaşmasına şərait yaratmış oluruq. Məhz bu baxımdam mətbuata ünvanlanan şikayət məkublarının artma tendensiyasını müsbət hal kimi qiymətləndirmək olar. Susmaqla heç bir problemi həll etmək olmaz. Bunun üçün neqativ halları ictimailəşdirmək, müvafiq instansiyaların diqqətinə çatdırmaq tələb olunur. Əlbəttə ki, öz növbəsində həmin instansiyalar da lazım olan tədbirləri görəcəklərsə. Təəssüflər olsun ki, konkret olaraq 117 saylı bağçadan aldığımız şikayətlərin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi rəhbərliyinin diqqətinə çatdırmaq cəhdlərimiz hələlik heç bir nəticə vermir. Belə ki, övladları bu uşaq bağçasında tərbiyə alan valideynlərdən bəziləri bu məqsədlə, müəssisənin fəaliyyətində yer almış neqativ hallara dair öz iradlarını redaksiyamıza təqdim etdikləri məlumatlarda irəli sürmüşlər. Bu xüsusda məlumatlarda bildirilir ki, ilk növbədə, Solmaz Hacıyevanın rəhbərlik etdiyi bu bağçaya bir uşaq yazdırmaq istəyən valideynlər 300 manat məbləğində xərc çəkmək məcburiyyətində qalırlar. Təbii ki, sonradan reallaşacaq aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar və digər xərclər də öz yerində. Lakin bu məlumatların yuxarı instansiya rəhbərliyinin diqqətinə çatmasına Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı sektorunun müdiri Murad Qasımbəyli mane olur. Baş verənlər barədə rəhbərliyə məruzə etmək əvəzinə, Murad müəllim özü Solmaz Hacıyevanı idarəyə dəvət edir, onunla söhbət aparır və müəyyən edir ki, dərc etdiyimiz məqalələrdə əks olunan faktlar həqiqətə uyğun deyil. Təbii ki, belə vəziyyət Solmaz Hacıyevada əsil bayram əhval-ruhiyyəsi yaratmaya bilməz. Elə aldığımız son məlumatda da bu barədə maraqlı açıqlama təqdim olunur. Mənbə bildirir ki, iki gün bundan öncə 117 saylı bağçada Solmaz xanımın təşəbbüsü ilə "payız bayramı” qeyd olunub. Əlbəttə ki, bu bayramın da "tələb olunan” yüksək səviyyədə keçirilməsi məqsədilə valideynlərdən növbəti dəfə pul yığılıb.

    Niyə də olmasın? Yuxarı instansiyada etiraz edən yoxdursa və yaxud da, ən azından yarana biləcək etirazların qarşızını alan bir himayədar varsa, niyə də Solmaz Hacıyeva valideynlərin hesabına hər ay bayram etməsin?

    Rublika.az


    Facebook-da paylaş