• Nəsib Quliyev direktoru olduğu «OMD» Uşaq xəstəxanasında BAZAR AB-HAVASI YARADIB

    Nəsib Quliyev direktoru olduğu «OMD» Uşaq xəstəxanasında BAZAR AB-HAVASI YARADIB

    K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun («OMD» xəstəxanası) adı son zamanlar bir sıra xoşagəlməz məqamlarda hallanır. Belə ki, Nəsib Quliyevin direktoru olduğu tibb müəssisəsinin ölkədə uşaqlar üçün ilk xəstəxana olduğunu qeyd edən məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, 1926-ci ildə əhalidən iyanə hesabına tikilməyə başlayan, 1986-cı ildə Səhəiyyə Nazirliyinin göstərişilə Elmi-Tədqiqat Pediatriya İnstitutu adı verilən, 1992-ci ildən etibarən isə Kübra Fərəcovanın adını daşıyan «OMD» xəstəxanasında uşaqların başına olmazın oyunlar açılır. Beləliklə, ötən ilin oktyabr ayında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Sabirabaddan olan ölmüş qız körpəsinin valideynlərinə səhvən ölmüş oğlan körpəsinin meyitinin verildiyini iddia edən mənbənin sözlərinə görə, Sabirabad rayonunun Əsədli kəndində yaşayan Əfsanə Əliyeva 13 oktyabrda Sabirabad Perenatal mərkəzdə dünyaya qız uşağı gətirib: «Deyilənlərə görə, uşaqda oksigen çatışmazlığı problemi olduğundan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna əməliyyat olunmaq üçün göndərilib. «OMD» xəstəxanasında qız körpəsinin öldüyünü bildirdikdən sonra uşağın meyitini valideynlərinə təhvil veriblər. Lakin uşağın dəfn mərasimində körpənin qız yox, oğlan olduğu məlum olub. Əliyevlər ailəsi onlara verilən uşağın onların qızı olmadığını bildikdən sonra körpəni dəfn etməkdən imtina edərək polisə müraciət ediblər. Həmin vaxt K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan isə bildirdiblər ki, texniki səhv üzündən qız körpəsinin meyiti Salyandan olan oğlan körpəsinin meyiti ilə səhv düşüb». Bu arada, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevin əslən Göyçə mahalının Basarkeçər rayonu Aşağı Şorca kəndindən olduğunu, 1994-cü ildən indiyədək «OMD» xəstəxanasına rəhbərlik etdiyini vurğulayan məlumatlı şəxs bildirir ki, adıçəkilən tibb müəssisəsi sanki körpələrin ölüm kabusuna çevrilib. Məsələn, bu ilin yanvar ayında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 8 aylıq Müşviq Mikayıl oğlu Şamilovun məhz həkim məsuliyyətsizliyi ucbatından vəfat etdiyini deyən mənbə qeyd edir ki, dünyasını dəyişmiş körpənin nənəsi Xanım Şamilova bu işdə məhz «OMD» xəstəxanasını ittiham edib. Belə ki, «Həkim uşağımızı öldürüb bizə verdi. Bizdən icazəsiz uşağı kəsib-doğrayıblar. Ən bahalı dərmanları bizə aldırırdılar. Deyirdilər, özümüz bahalıları yazırıq ki, uşağa yaxşı təsir etsin. Sonra da uşağı bu hala salıb bizə verdilər» deyən Xanım Şamilova nəvəsinin keçən il iyulun 9-da Ağsu xəstəxanasında doğulduğunu və həkimlərin uşağın sağlamlığında heç bir problem olmadığı barədə bildirdiklərini qeyd edib: «Uşaq anadan olanda həkimlər onun sağlam olduğunu bildirdilər. Bu barədə rentgen müayinələri də var. Məndən şirinlik aldılar və hər şeyin qaydasında olduğunu bildirdilər. Səhəri gün uşaq əməliyyat olundu və əməliyyatdan sonra dedilər ki, uşağın bir böyrəyi yoxdur. Elə uşağın böyrəyini özləri götürüblər. Rentgen zamanı məlum olmuşdu ki, hər şey qaydasındadır, ancaq əməliyyatdan sonra böyrək yoxdur. Bunu necə başa düşmək olar? Ağsu həkimləri də işlərinə məsuliyətsiz yanaşıblar. Uşaq anadan olub, evə gətirmişik, amma həkimlər baxmayıblar ki, onun anadangəlmə anus dəliyi yoxdur. Evə gətirəndən sonra baxırıq ki, uşağın qarnı köpür». Daha sonra uşaq müalicə üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib. Burada körpəni Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Gündüz Ağayev müalicə etməyə başlayıb: «Yanvarın 25-də uşağı «OMD» xəstəxanasına gətirdik. Müalicəni həkim Gündüz Ağayev apardı. Üç gün sonra uşaq rəhmətə getdi. Bunadək həkim mənə hər şeyin yaxşı olduğunu deyirdi. Uşağın müalicəsinin yaxşılığı üçün ən bahalı dərmanları bizə aldırırdılar. Həkim uşağın bağırsağını əməliyyat edib, bəs qolunu niyə bu günə salır? Əlinin ətini kəsib-doğrayıblar. Əgər problem var idisə, bunu bizə deyərdi. Niyə əməliyyat elədin? Niyə məndən pul istəyirdin? Ölən gün bizi elə tələm-tələsik oradan çıxartdılar ki, elə bil qaçhaqaçdır. Bütün lazımı orqanlara şikayət etmişəm. Bunu belə qoymayacam və sonadək gedəcəm». Mövzu ilə bağlı əldə etdiyimiz məlumatlarda həmçinin, o da qeyd olunur ki, uşaqlar üçün nəzərdə tutulan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun reanimasiya şöbəsində natəmizlik baş alıb gedir: «Burada ən ağır xəstələr və balaca, məsum uşaqlar yatır. Onlar ölüm-dirim mübarizəsi yaşayarkən, anaları sanki hauptvaxta salınıblarmış kimi bir otağa doldurulur. Bir otaqda 30 qadın yerləşdirilir və bir çarpayıda 6-7 nəfər yatır. Onlar üfunət iyli, çirkli, soyuq, mikrob dolu xəstəxana otağında yatmağa məcbur olurlar. Onu da nəzərinizə çatdırım ki, təkcə bu ilin əvvəlindən və yalnız bizə məlum olan uşaq ölümlərinin sayı «OMD» xəstəxanasında artıq 4-ə çatıb. Təbii ki, bu, kifayət qədər böyük göstəricidir. Deyilənlərə görə, məhz elə bu səbəbdən də institutun direktoru Nəsib Quliyev hər dəfə bu ölüm hallarının gizlədilməsi üçün əlindən gələni edir, müxtəlif yollara baş vurur. Bildirilir ki, «OMD»də müşahidə olunan bu vəziyyətin yeganə izahı, direktor Nəsib Quliyevin burada yaratdığı «bazar» ab-havası ilə bağlıdır. Deyilənlərə görə, o, institutun bütün həkimlərindən hər ay ona 500-1000 dəfə «təşəkkür» etmələrini tələb edir. Bir sözlə, hələ 2008-ci ildə ölkəmizdə fəaliyyət göstərən dövlət tibb müəssisələrində tibbi xidmətlərin tam təmannasız, yəni pulsuz olduğuna dair qərar qəbul olunsa da, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda bütün müayinə və müalicələr pulla həyata keçirilir. Yəni bu gün «OMD»də pulsuz nə müayinə olunmaq, nə də ki, malicə almaq mümkündür».

    Rublika.az


    Facebook-da paylaş