• 27 YAŞLI “MƏMUR” QIZIN 80 MİNLİK DƏLƏDUZLUĞU VƏ… - “Nəsimi polisində bu dəstəni himayə edirlər”

    27 YAŞLI “MƏMUR” QIZIN 80 MİNLİK DƏLƏDUZLUĞU VƏ… - “Nəsimi polisində bu dəstəni himayə edirlər”

    Mobil telefonların pərakəndə satışı ilə məşğul olan Teymur Kərimov dələduzluqla məşğul olan dəstənin tələsinə düşüb.Müraciət edən T.Kərimov ona qarşı törədilən cinayət və külli miqdarda ziyan bir tərəfə, həm də hüquq-mühafizə orqanlarının biganəliyindən və süründürməçiliyindən şikayət edir. Onun dediyinə görə, hətta bu dəstənin yüksək vəzifəli himayədarları da var…

    4 ilə yaxındır mobil telefonların pərakəndə satışını həyata keçirən T.Kərimov müştərilərindən biri olan İlqar adlı şəxsin (Təhməzov İlqar Əbülfəz oğlu) vasitəsilə Nuran xanımla (Səməndərova Nuran Davud qızı) tanış olur. Bu xanım da öz növbəsində tez-tez Teymurdan bahalı telefonlar alır və nəğd pulunu ödəyir. T.Kərimov deyir: “Nuran Dövlət Miqrasiya Xidmətində işlədiyini deyirdi. Və iş yoldaşlarının da telefon istədiklərini, lakin pulunu bir neçə dəfəyə ödəyəcəklərini bildirdi. Həm İlqarın tanışı, həm də dövlət qulluqçusu olduğunu nəzərə alaraq, ona inandım. O da iş yoldaşları olduğunu bildirdiyi şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edərək, məndən nisyə telefonlar götürməyə başladı. Əvvəl ayda 3-5 telefonla başlayan Nuran, qısa müddət sonra ay ərzində götürdüyü telefonların sayını 26-28 ədədə çatdırdı. Və bu telefonlar da bir qayda olaraq, 1400-1600 manat dəyərində olan “Ayfon”lar idi. Hər telefon üçün də ayrıca bir şəxsiyyət vəsiqəsi təqdim edir, bu şəxslərin Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi və digər qurumlarda işlədiyini bildirirdi. Mən də inanırdım, çünki söhbət dövlət qulluqçularından gedirdi və Nuran bu adamlara aid borcları dediyi vaxtda ödəyirdi. Ancaq sən demə, bunun başqa məqsədləri varmış”.

    Sonradan məlum olur ki, bu şəxslərin hər hansı dövlət qurumu ilə əlaqəsi yoxdur. Onların şəxsiyyət vəsiqələri isə T.Kərimovun ehtimalına görə, Nuranın “Unibank”da işləyən bacısı Nigar tərəfindən banka aid müştərilərin sənədləri arasından ələ keçirilib. Əslində, bu şəxsiyyət vəsiqələrinin sahiblərinin kimliyini istintaq araşdırmalıdır. İstintaq da sanki dalana dirənib.

    İş əvvəl Nəsimi polisinin 21-ci bölməsi tərəfindən rayon prokurorluğuna mülki işə çevirmək məqsədilə göndərilmiş, lakin aşkar cinayət faktı ortada olduğu üçün geri qaytarılmış və yenidən araşdırılması üçün Nəsimi polisinin İstintaq şöbəsinə verilmişdir. Burada isə zərərçəkmiş dindirilmədən və ona heç bir xəbər verilmədən, iş yenidən Nəsimi Prokurorluğuna göndərilib.(azpolitika)Bir sözlə, T.Kərimov bu işin bilərəkdən uzadıldığını və qəsdən süründürməşiliyə yol verildiyini deyir. Ortada isə, zərərçəkmişin dediyinə görəi, Nuran Səməndarova, anası Samirə, bacısı Nigar və İlqar Təhməzovdan ibarət mütəşəkkil dəstə və onların himayədarları var.

    “Guya İntihar etmiş fırıldaqçı o dünyadan qayıtdı…”


    T.Kərimov deyir: “Borcun məbləği həmin vaxtın kursu ilə təqribən 82 min dollara çatanda, Nuran qeyb oldu. Daha doğrusu, əvvəlcə dedi ki, onu avtomobil vurub və və bir neçə yerdən sınıqları var. Ona baş çəkmək üçün evinə getdiyimdə isə məum oldu ki, o, heç evdə də deyil, “Unibank”da işləyən bacısı isə məni görən kimi, hədələməyə başladı. Hətta məni tutduracağını dedi. Əvvəl nə baş verdiyini anlamadım – xəstə yanına getmişdim axı. Sonradan başa düşdüm ki, bu düşünülmüş bir oyundur və məni təxribata çəkirlər – bunu nə maşın vurub, nə də yaralıdır. Hələ hansı oyuna düşdüyümü dərk etməmiş, məni Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsinə çağırdılar. Burada məni az qala top-tüfənglə qarşıladılar. Əslində, elə həmin gün bunların yuxarılarda güclü himayədarlarının olduğunu anladım. Aldadılan, verdiyim telefonlara görə külli miqdarda borca, ziyana düşən mən olduğum halda, 21-ci bölmədə mənim özümdən cinayətkar “düzəldirdilər”. Orada mənə kiçik bir kağız parçası göstərdilər və dedilər ki, bunu guya Nuran mənə olan borcuna görə özünə qəsd etməmişdən əvvəl yazıb. Anası da bunu əsas götürərək, məndən şikayət edib. Dedim bəs hanı Nuran, ölüsü ya dirisi varmı? Dedilər axtarırıq, özünə harada qəsd etdiyi bilinmir, sadəcə bu məktubu yazıb və onun əsasında da anası bizə şikayətlə müraciət edib. Bir sözlə, sən getdin əlli-ayaqlı… Sən demə, bunlar tamaşa qurublar və məqsəd də məni qorxudaraq, borcdan imtina etməyimə nail olmaqdır. Ancaq haqlı olduğum üçün qorxmadığımı, bu dövlətə, onun qanunlarına, cənab Prezidentə və haqq-ədalətə inandığımı görəndən sonra geri çəkildilər. “İntihar etmiş”, ancaq səsi Gürcüstandan gələn Nuran xanım isə “o dünyadan qayıtdı” və yenidən peyda oldu. Və hətta himayədarlarına güvənərək, mənə meydan oxumağa başladı”.

    Nəsimi polisi işin mülki qaydada araşdırılmasında niyə maraqlıdır?

    T.Kərimov bildirir ki, Cinayət Məcəlləsilə külli miqdarda dələduzluq kimi ağır cinayət əməlinin bütün tərkibləri ortada olmasına baxmayaraq, Nəsimi polisində bu işi ört-basdır etməyə çalışıblar. Hətta 21-ci bölmənin təhqiqatçısı baş leytenant Nəriman Əzizov işi prokurorluğa göndərərək, cinayət tərkibinin olmadığını və məsələnin mülki qaydada həll olunmasını istəyib. “Vəkilim təhqiqatçı Nəriman Əzizova dedi ki, dələduzluq və mənimsəmə faktı ortadadır, heçnədən xəbəri olmayan insanların şəxsiyyət vəsiqələri ələ keçirilib, onların adına bahalı nisyə telefonlar götürülüb, mənə qarşı etibarımdan sui istifadə edilərək fırıldaqçılıq və saxtakarlıq edilib. Çağırın və soruşun o adamlardan. Orada isə bizi eyhamla başa saldılar ki, onları gərəkən addımları atmağa qoymurlar. Kim qoymur? Bu suala hələ də cavab verən yoxdur”.

    T.Kərimov deyir ki, onun şikayətlərinin və Nəsimi Rayon Prokurorluğunun ədalətli mövqeyinin nəticəsi olaraq, iş yenidən Nəsimi Polis İdarəsinə qaytarılıb. “Ancaq yenə də, haqsızlıq və süründürməçiliklə üz-üzəyəm. Məhz buna görə, işin Nəsimi polisindən alınaraq, Bakı Şəhər Baş Polis İdarəsində araşdırılmasını yazılı surətdə xahiş etmişəm. Hələ bir cavab yoxdur. Bu fırıldaqçıların güclü himayədarları var və onların sayəsində işin Nəsimi polisində obyektiv araşdırılacağına ümidim olduqca azdır. İndi də Nəsimi polisinin İstintaq idarəsində olan işi məni dindirmədən, xəbər etmədən, yenidən Nəsimi Prokurorluğuna göndəriblər. Bu gedişatla işin ört-basdır ediləcəyindən qorxuram. Ona görə də, də, ümidim daxili işlər nazirinə, baş prokurora və nəhayət, cənab Prezidentə qalır. İki azyaşlı uşağımla hələ pulunun böyük hissəsini ödəyə bilmədiyim ipoteka şərtli mənzildə yaşayıram. Bu fırıldaqçılar məni elə duruma salıb ki, hətta pulunu hələ ödəyə bilmədiyim evimi satsam da, onlara nisyə verdiyim telefonlara görə olan borclarımı qaytara bilməyəcəm. Haqq-ədalət bərpa olunmasa, iki uşaqla küçələrdə qalmalıyam…”

    T.Kərimov tərəfindən bizə təqdim edilən nömrəylə Nuran xanımla əlaqə yaratmağa çalışsaq da, abonentin nömrəsi söndürülmüşdü. Zərərçəkmiş deyir ki, N.Səməndərova “intihar etdiyi” gündən bəri həmin nömrə cavab vermir. Ona görə, bizim də qarşı tərəfin mövqeyini dərc etmək cəhdimiz hələlik alınmadı. Lakin yuxarıda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

    Mövzuya qayıdacağıq.

    rublika.az


    Facebook-da paylaş