• İstehlak kreditləri barədə layihə niyə gizlədilir?

     İstehlak kreditləri barədə layihə niyə gizlədilir?

    Əkrəm Həsənov: “Banklar layihənin açıq müzakirəsindən belə yayınır”

    İstehlak kreditləri ilə bağlı ciddi problemlər yaşansa da, bununla bağlı indiyədək qanun layihəsi hazırlanmayıb. Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirir ki, banklar iki ildir ki, istehlak kreditləri haqqında qanun layihəsinin qəbul olunmasına imkan vermir.

    “Ölkədə kredit münasibətləri ilk növbədə qanunla tənzimlənir. Şəffaf, məsuliyyətli kredit siyasəti qanunda təsbit edilməlidir. Lakin artıq 16 ildir ki, qanunda heç bir yenilik yoxdur” deyən ekspertin sözlərinə görə, bununla bağlı qanun layihəsi olsa da, müzakirə edilmir: “İki il əvvəl Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin, GİZ-in təşəbbüsü ilə alman professoru Krebslə mənim kredit müqaviləsinə dair birgə hazırladığımız qanun layihəsi Prezident Administrasiyasına təqdim edilmişdi. Administrasiya layihəni Nazirlər Kabinetinə göndərdi. Nazirlər Kabineti də Mərkəzi Banka, Ədliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və Vergilər Nazirliyinə göndərdi. Mərkəzi Bank öz növbəsində layihəni bütün banklara göndərdi. Layihə bankların xoşuna gəlmədi. Yəqin elə bu səbəbdən də xeyli müddət layihədən xəbər olmadı. Yalnız ötən ilin payızında xəbər çıxdı ki, aidiyyəti qurumların rəyini Ədliyyə Nazirliyi ümumiləşdirir və yekun layihəni hazırlayır. Amma sonradan məsələ yenə hökumətin gündəmindən çıxdı. Görünən odur ki, banklar yenə də bu qanunun qəbuluna imkan vermir”.

    Ekspert bunun səbəblərini də açıqlayıb: “Ona görə imkan verilmir ki, layihənin məqsədlərindən biri istehlak kreditləri üzrə borcluların, istehlakçıların hüquqlarının müdafiəsidir. Əksər ölkələrdə istehlak kreditləri üzrə xüsusi qanun var, bankların kredit müqaviləsinə istədiyi şərti daxil edib sonra müştərinin onu imzaladığına istinad etməsinin qarşısını almaq üçündür. Bizdə yoxdur. Elə məhz ona görə də banklar, bank olmayan kredit təşkilatları və lombardlar əhalinin başına oyun açır.(musavat)Bizim layihəmiz də qabaqcıl xarici təcrübə əsasında hazırlanıb. Təbii, bankları belə layihə qane etmir. Onlar əhalinin başına oyun açmaqda davam etmək istəyir. Əslində bizim layihəmiz təkcə istehlak kreditlərinə həsr edilməyib. Ümumiyyətlə, kredit müqaviləsini tənzimləyir və Mülki Məcəllənin “Borc” adlanan 37-ci fəslinin yeni redaksiyasından ibarətdir. Həmin fəslin mövcud redaksiyası da vaxtı ilə Almaniyanın Mülki Qanunnaməsi əsasında hazırlanmışdı. Lakin natamam, tərcümə və digər qüsurlarla idi. Ən əsası isə Avropa ölkələrinin qanunvericiliyinin və məhkəmə təcrübəsinin digər məqamlarını nəzərə almayıb. Ümumiyyətlə, mövcud 37-ci fəsil çox bəsit formada tərtib olunub, ziddiyyətlər və anlaşılmazlıqlarla doludur, bəzi müddəaların mənası belə aydın deyil. 16 ildir ki, təcrübədə yalnız borclular üçün deyil, banklar üçün də xeyli problem yaradır. Məhz buna görə də bizim layihə həmçinin bankların da maraqlarını nəzərə alaraq balanslaşdırılmış yanaşmanı rəhbər tutub. Sadəcə banklarımızda əsasən savadsız insanlar işlədiyi üçün bunu başa düşməyib layihəyə “stop” qoyublar”.

    Onun fikrincə, layihə həcminə görə mövcud fəsildən beş dəfə iridir və üç paraqrafdan,- borc müqaviləsi, kredit müqaviləsi bə istehlak krediti müqaviləsi paraqrafından ibarətdir. Ekspert qeyd edir ki, layihə fərdi sələmçilərin fəaliyyətini məhdudlaşdırır: “Layihə lombardı peşəkar kreditor hesab edərək istehlak kreditlərinə dair bütün tələbləri onlara da şamil edir. Əgər borc alanın kreditora verdiyi pul məbləği onun vaxtı çatmış öhdəliklərinin icrası üçün yetərli deyildirsə, birinci növbədə borcun özü (əsas borc), sonra faizlər üzrə öhdəlik icra edilmiş hesab olunur.

    Məlum olduğu kimi, hazırda əvvəlcə faizlər, yalnız sonda borcun əsas məbləği tutulur və bu da borcun şişməsinə aparır. Layihə kreditoru məcbur edir ki, kreditin bütün şərtləri haqda istehlakçıya qabaqcadan tam məlumat versin. Əks halda istehlakçı sonradan kreditdən imtina edə və kreditora yalnız Mərkəzi Bankın uçot dərəcəsi həddində faiz ödəyə bilər. İstehlak krediti müqaviləsinin bütün ziddiyyətləri və aydın olmayan məqamları borc alanın xeyrinə şərh edilməlidir. Bu isə o deməkdir ki, banklar çoxmənalı və aydın olmayan ifadələrdən istifadə edə bilməyəcək. Borc alan heç bir cərimə ödəmədən istehlak kreditini istənilən vaxt xəbərdarlıq etmədən borc verənə qaytara bilər. Həmçinin kreditora münasibətdə kredit müqaviləsi üzrə 1 illik, istehlak krediti üzrə isə 6 aylıq iddia müddəti müəyyən olunur. Yəni bank bu müddət ərzində borclunu məhkəməyə verməsə, tələb hüququndan məhrum olur.

    Hazırda bu müddət 3 ildir və banklar faizlərin və cərimələrin artması üçün məhkəməyə müraciəti bir çox halda bilərəkdən gecikdirir. Layihəyə əsasən, Nazirlər Kabineti istehlak kreditləri üzrə faiz dərəcəsinin yuxarı həddini müəyyən edəcək. Zaminlik müqaviləsində zaminin borc alanla hansı münasibətlərdə (qohum, dost və s.) olduğu və onunla tanışlıq müddəti göstərilməlidir. Girov predmeti borc alanın hesabına yalnız bir kənar qiymətləndirici tərəfindən qiymətləndirilə bilər və bu halda həmin kənar qiymətləndiricini borc alan özü müəyyən edir və ya borc verənin təklif etdiyi ən azı 7 kənar qiymətləndirici sırasından seçir. İstehlak krediti müqaviləsi ilə bağlı hər hansı sığortalanma, o cümlədən kredit öhdəliyinin təminatı üsulu predmetinin sığortalanması borc alanın müəyyən etdiyi sığortaçı tərəfindən həyata keçirilir. İstehlak krediti müqaviləsində nəzərdə tutula bilər ki, borc alan kreditin ödənilməsini gecikdirdikdə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğ üzrə illik 3 faizədək dəbbə pulu ödəməyə borcludur. Cərimənin maksimal həddi müəyyən olunur. Həmçinin borc müqaviləsində nəzərdə tutulan və oxşar hallarda adətən tətbiq edilən faiz dərəcələrindən xeyli yüksək faiz dərəcələrinin məhkəmə tərəfindən azaldıla bilməsi nəzərdə tutulur. Bank əmanətləri üzrə faizlərin əmanətin qoyulduğu gündən qaytarılmasından əvvəlki günədək hesablanması nəzərdə tutulur. Hazırda əmanət üzrə faizlər kreditdən fərqli olaraq qoyulduğu günün ertəsi günündən etibarən hesablanır. Başqa sözlə, bank qazanır, əmanətçi itirir”.

    “Digər mühüm yeniliklər də var. O cümlədən dediyim kimi, bankların da maraqlarını nəzərə alan yenilik. Lakin görünən odur ki, hələ xeyli müddət həm banklar, həm də borclular bərbad qanundan istifadə etmək zorunda qalacaq. Banklar layihənin açıq müzakirəsindən belə yayınır”, - deyə ekspert vurğulayıb.

    Rublika.az


    Facebook-da paylaş