• Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabunçu rayon Komitəsinin sədri Vaqif Babayev müəllimlərin cibinə belə girir...

    Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabunçu rayon Komitəsinin sədri Vaqif Babayev müəllimlərin cibinə belə girir...

    Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sabunçu rayon Komitəsinin sədri Vaqif Babayev də öz maraqlarını müəllimlərin hesabına təmin edir

    Redaksiyamıza yeni daxil olmuş məlumatlarda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Sabunçu rayon Komitəsinin sədri Vaqif Babayevin öz fəaliyyətində yol verdiyi ciddi nöqsanlara dair açıqlamalar yer alıb. Məlumat üçün bildirək ki, Komitənin xidmətində olan idarə, müəssisə və təşkilatların ümumi sayı 92-dir. Bunlardan 2-si kollec, 49-u orta ümumtəhsil (əsas, ibtidai, səkkizilliklə birlikdə) məktəbi, 36-sı uşaq bağçası, 4-ü uşaq yaradıcılıq mərkəzi və 1-i uşaq gənclər idman məktəbidir. Bu idarə və müəssisələrdə işləyənlərin cəmi sayı 6776 nəfərdir ki, onların da hamısı təbii ki, həmkarlar ittifaqına üzvdürlər. Həmçinin Sabunçu rayonunda təhsil alan tələbələrin sayı 1446 nəfərdır. Ümumilikdə isə, Sabunçu rayon komitəsi üzrə ittifaq üzvlərinin cəmi sayı 8222 nəfər təşkil edir. Göründüyü kimi, Vaqif Babayevin əllərində kifayət qədər imkanlar cəmlənmişdir. Aldığımız məlumatlarda isə vurğulanır ki, məhz bu imkanlardan komitə sədri daha çox öz şəxsi maraqlarının təminatı baxımından yararlanmaqdadır. Məlumdur ki, AHİK-nın sədri Səttar Mehbalıyev həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəridir. Məhz bu səbəbdən də Sabunçu rayon Komitəsinin sədri Vaqif Babayevin fəaliyyəti bilavasitə Səttar Mehbalıyevin kurasiyasına aid edilir. Xüsusi olaraq, daxil olan açıqlamalarda, komitə sədrinin bir çox maxinasiyalarından bəhs edilir. Qeyd olunur ki, komitənin vəsaitlərinin mənimsənilməsi və istirahət evlərinə göndəriş vərəqələrinin (putyovka) verilməsi xüsusunda həyata keçirilən müxtəlif maxinasiyaların sayəsində hazırda bu şəxs hazırda kifayət qədər zəngin bir insana çevrilmişdir. Məlumatlara görə, ATİAHİ-nın Sabunçu rayon Komitəsi hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır. Bu səbəbdən də komitənin sədri Vaqif Babayevin yarıtmaz fəaliyyətindən müxtəlif instansiyalara ünvanlanan şikayətlərin sayı durmadan artır. Açıqlamalarda qeyd olunur ki, hər ay ittifaq üzvlərinin ödədikləri vəsaitlərin təyinatı illər əvvəl olduğundan kəskin şəkildə fərqlənir. Belə ki, əgər bir vaxtlar bu pullara müəllimlər müxtəlif kurort və sanatoriyalarda istirahətə göndərilirdilərsə, indi bu vəsaitlər də, elə ölkə daxilində fəaliyyət göstərən müalicə-istirahət ocaqları da həmkarlar rəhbərlərinin şəxsi mənafeylərinə xidmət edir. Bəzi əsassız iddialara görə, bu gün həmkarlarda yığılan pullar guya ki, elə müəllimlərin "bülleten” pullarının ödənməsinə sərf olunur. Halbuki bu vəsaitin ayrılması qətiyyən həmkarlar ittifaqlarının səlahiyyətində deyil. "Bülleten pulu” həmkarların əlində müəllimlərə təzyiq üçün bir vasitədir. Əslində bu vəsait vətəndaşların vergilərindən və sığorta pulundan verilir. Biz ötən materialda da qeyd etmişdik ki, bu gün AHİK-nın tamamilə korrupsiyalaşmış təşkilat olduğu heç kim üçün sirr deyil. Hətta təşkilatda çalışan bir çox şəxslərin özləri də etiraf edirlər ki, AHİK-nın fəaliyyətindən daxil olan şikayətlərin araşdırılması ölkənin prokurorluq orqanları üçün belə imkansızdır. Digər tərəfdən isə vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə yaradılmış nəhəng bir ictimai qurumu korrupsiyada ittiham və ifşa etmək elə də asan məsələ deyil. AHİK-nın korrupsiya mexanizmi isə hər bir vətəndaşın işə götürüldüyü andan fəaliyyətini bir qədər də genişləndirir. Belə ki, hər hansı müəssisəyə işə yeni qəbul olunan vətəndaş həmkarlar ittifaqına üzv etdirilmək üçün ərizə yazır, vəsiqə alır. Həmçinin bu işçinin maaşından həmkarlara pul tutulması üçün də ayrıca ərizə yazılmalıdır. Ancaq indi demək olar bütün müəssisələrdə bu prosedurlar avtomatik həyata keçirilir. Yəni işçinin adı mühasibat kağızına düşən kimi, onun maaşından həmkarlara pul tutulur. Güclü maddi baza isə təbii ki, bir çox problemlərin həllini təmin edir. Əlbəttə ki, bu zaman sıravi həmkarların deyil, Vaqif Babayev kimi və daha yüksək rəhbər vəzifəli məmurların "problemlərinin” həlli nəzərdə tutulur...

    Rublika.az


    Facebook-da paylaş