• “Təmiz Binəqədi”də ÇİRKLİ OYUNLAR

    “Təmiz Binəqədi”də ÇİRKLİ OYUNLAR

    Xaləddin İskəndərovun fəaliyyəti rayonda üsyan formalaşdırır

    28 may qəsəbəsinin sakinləri prezidentən kömək gözləyirlər


    Oktyabr ayının yağıntılı keçməsi ölkədə bir çox problemləri üzə çıxartdı. Paytaxtda və bir çox əyalətlərdə sel suları insanlara çətin anlar yaşatdı. Ancaq ən dəhşətli situasiya, müqayisəolunmaz eybəcərliklər Binəqədi rayonununda, onun kənd və qəsəbələrində müşahidə olundu. Uzun müddət “Təmiz Binəqədi” şüarı ilə medyada spekukyasiya edən, problemləri ört-basdır edərək gizlədən Binəqədi rayon icra hakimiyyətinin qaranlıq əməlləri sel sularına davam gətirməyərək faş oldu. Yağıntılı günlərdə bütün ölkə boyu Binəqədinin problemləri, burada hökm sürən anormal situasiya müzakirə olunsa da, uzun illər rayonun şəriksiz rəhbərinə çevrilən Xaləddin İskəndərov və ətrafındakıların heç tükü də tərpənmədi. Əslində bu illərdir ki, abadlıq-quruculuq işləri adı altında büdcədən çırpışdırılan milyardların necə talandığını üzə çıxardı, “təmiz Binəqədi” oyununu fiaskoya uğratdı.

    Binəqədi rayonunun gözdən-könüldən uzaq düşən, yalnız sərfəli torpaq biznesinin çiçəkləndiyi ərazilərindən biri də 28 may qəsəbəsidir. Burada vəziyyət rayonun digər qəsəbələrindən daha acınacaqlıdır. Heç bir infrostruktura malik olmayan, yalnız əhalinin şəxsi vəsaiti hesabına az-çox iş görülən bu qəsəbədə yaşamaq gündən-günə çətinləşir. Paytaxtdan cəmisi 20 kilometrlik məsafədə olan 28 may qəsəbəsində şərait orta əsrlər kəndindən heç də fərqli deyil. Keçilməz yollar, həyətlərə axan, küçələrdə göllənən çirkab suları, antisanitariya 28 may qəsəbəsinin gündəlik yaşam tərzidir. Redaksiyamıza müraciət edən qəsəbə sakinləri rayon rəhbərliyinin, bələdiyyənin burada heç bir iş görmədiyini, vətəndaşları taleyin ümidinə buraxdıqlarını bildirirlər. Sakinlər deyir ki, burada səlahiyyət sahibi olan vəzifəliləri yalnız bir halda görmək mümkündür. Kimsə yeni ev tikəndə və yaxud həyətində yeni tikili inşa edəndə. O dəqiqə Xaləddin İsgəndərovun adamları “operativ şəkildə” hadisə yerində peyda olurlar. Hər yeni tikilən 1 mərtəbəli ev üçün 4-5 min manat, 2 mərtəbəli ev üçünsə 10 min manata yaxın “haqq” alandan sonra yenidən yoxa çıxırlar. Qəsəbə sakinləri bildirir ki, icra başçısının qanunsuz toplatdırdığı bu “tikinti xəracı”nın hesabına qəsəbənin bütün problemlərini həll etmək olardı. Ancaq, çifayda. Pul mənimsənilir, insanlar isə ağır şəraitdə zülm çəkməkdə davam edirlər.

    “Təmiz Binəqədi”də ÇİRKLİ OYUNLAR

    Qəsəbənin dəhşətli vəziyyətdə olan ərazilərindən biri də 12-ci küçə, daha çox Ağdam kafesi kimi tanınan küçədədir. Burada hökm sürən dəhşətli vəziyyət insanların yaşamasını əzaba çevirir. Kanalizasiya sisteminin olmadığı, yolların bərbad olduğu ərazidə antisanitariya hökm sürür. İlk baxışdan burada normal yaşayışın mümkün olmadığı görülür. Çirkab, yağış suları birbaşa küçəyə axıdılır, buranı cəngəlliyə çevirir. Bu küçədə sağlam insanın yaşaya bilməsi mümkünsüzdür, çünki burada hökm sürən vəziyyətdə bu sadəcə olaraq mümkün deyil.

    Dəfələrlə müraciət edilməsinə baxmayaraq burada kanalizasiya xəttlərinin çəkilməsi istiqamətində heç bir iş görülməyib. Naəlac qalan sakinlərin bir qismi öz hesablarına kanalizasiya xətti çəkdiriblər. Yerdə qalanlar isə ağır şəraitdə yaşamağa davam edirlər. Artıq 28 may qəsəbəsində analoqu olmayan “özəl kanalizasiya” xəttləri çəkilib, əlaqədar qurumlar isə ancaq pul toplamaqla məşğuldurlar.

    Görünən odur ki, Xaləddin İsgəndərov və komandasının fəaliyyəti Binəqədidə sırf narazılıq formalaşdırmağa, əhalini dövlətdən narazı salmağa hesablanıb. Görəsən, icra başçısını üsyan yetişdirməyə sövq edən nədir? Nə zaman bu rayonda yaşayanlara əsl vətəndaş kimi yanaşılacaq, onların problemlərinə çarə ediləcək? 28 may qəsəbəsində yaşayanlar bu qaranlıq suallara cavab axtarırlar. Onlar prezidentdən kömək gözləyir, baş verən qanunsuzluqlara son qoyulmasını xahiş edirlər.

    Nicat Mahmudov


    Facebook-da paylaş