• Mərkəzi Bankdan SAKİTLƏŞDİRİCİ, ekspertlərdən isə DEVALVASİYA açıqlamaları...

     Mərkəzi Bankdan SAKİTLƏŞDİRİCİ, ekspertlərdən isə DEVALVASİYA açıqlamaları...

    Baş bank nikbin bəyanat, ekspertlər isə növbəti devalvasiya anonsu verir...

    Milli valyuta olan manatın durumu yenə narahatedicidir. Əksər ekspertlər ilin sonuna doğru növbəti devalvasiya gözləyirlər. Bildirilir ki, artıq Mərkəzi Bank duruma nəzarət etmək iqtidarında deyil. Ekspertlər manatın hər gün azalan məzənnəsinə, həmçinin Mərkəzi Bankın azalan valyuta ehtiyatlarına diqqət çəkərək qeyd edirlər ki, prosesin qarşısı alınmır. Həmçinin vurğulanır ki, hökumət özü də manatın sabitləşməsində maraqlı deyil.

    Mərkəzi Bank isə valyuta ehtiyatlarının azalmasının səbəbini açıqlayıb və manatın taleyinə aydınlıq gətirib. “Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasına səbəb Əmanətlərin Sığortalanması Fondunun (Fond) lisenziyası alınan ”Bank Standard" kommersiya bankının qorunan əmanətçiləri qarşısında kompensasiya öhdəliklərinin icrası ilə bağlıdır. Bu məqsədlə qanunvericiliyə uyğun olaraq, fondla 175 milyon dollar həcmində konvertasiya əməliyyatı həyata keçirilib".(azadlıq)Bunu Azərbaycan Mərkəzi Bankından (AMB) valyuta ehtiyatlarının 127 milyon azalmasının səbəbi ilə bağlı sorğuya cavab olaraq bildiriblər. Ancaq Mərkəzi Bank üçüncü devalvasiyanın gözlənilməsi ilə bağlı bəzi ekspertlərin fikirlərinə münasibət bildirməyib.

    Mərkəzi Bankdan bildiriblər ki, manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyllərə uyğun və ötən ilin sonunda elan edilən yeni məzənnə rejimi çərçivəsində formalaşır: “Çevik məzənnə rejimi qlobal iqtisadi şokların milli iqtisadiyyata mənfi təsirlərini hamarlamağa imkan verir. Eyni zamanda çevik məzənnə rejimi daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir. Bundan başqa, yeni rejim ölkənin xarici valyuta ehtiyatlarının zəruri həcmdə qorunmasına müsbət təsir edir. Bu rejim həmçinin pul kütləsini və faiz dərəcəsini effektiv idarə etməklə Mərkəzi Bankın inflyasiyaya real təsir imkanlarını artırır”. Sorğuya cavabda qeyd edilib ki, Mərkəzi Bankın valyuta bazarında iştirakı minimuma endirilib. Dövlət Neft Fondunun (DNF) valyuta bazarında satışları da Mərkəzi Bankda təşkil olunan hərraclar çərçivəsində həyata keçirilib.

    Qeyd edilir ki, dövr ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) üzrə orta məzənnə əsasında müəyyən edilib. Cari ilin əvvəlindən növbəti iş gününə rəsmi məzənnənin bir iş günü əvvəldən elan edilməsi təcrübəsinə başlanıb. Həmçinin bildirilir ki, valyuta bazarında tələb-təklifə uyğun olaraq bu ilin 10 ayında manatın məzənnəsinin dinamikasında bir neçə möhkəmlənmə və ucuzlaşma dalğası müşahidə edilib. Ümumilikdə cari ilin 10 ayında manata nəzərən ABŞ dolları 5,1 faiz, avro isə 5,4 faiz bahalaşıb. Dövr üzrə 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1,5704 manat təşkil edib. “Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib.

    Cari ilin 9 ayında qeyri-neft sektoru üzrə real effektiv məzənnə 21,4 faiz ucuzlaşıb. Real effektiv məzənnənin ucuzlaşma meyli idxalın əvəzlənməsinə və ixracın stimullaşdırılmasına dəstək verən mühüm amildir”,- deyə Mərkəzi Bankdan bildirirblər. Mərkəzi Bank bundan sonra da 2015-ci ilin dekabrında elan etdiyi çevik məzənnə rejiminin tətbiqini davam etdirəcəyini bildirir.

    Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı bildirib ki, Mərkəzi Bankın ehtiyatlarının azalmasının səbəbi təkcə qorunan əmanətlərin qaytarılması ilə bağlı deyil: “Əslində səbəblərdən biri budur. Azərbaycanın gəlirlərinin azalması, idxaldan asılılığın yüksək səviyyədə olması, valyutaya tələbatın ilin sonunda ənənəvi olaraq qalxması, bütün bu səbəblər də təsir edir. Bunların üzərinə həm də depozitlərin qaytarılması ilə bağlı öhdəlikləri gəldikdə, Mərkəzi Bankın ehtiyatlarının azalmasını, valyuta ilə bağlı tələbatın artmasını izah etmək mümkündür.

    Tək səbəb depozitlərin qaytarılması deyil. Mərkəzi Bank, sadəcə, açıqlamasında ”Bank Standard"ın adını çəkməklə, müəyyən sakitlik yaratmağa çalışır ki, problem bu bankla bağlı olub. Yəni demək istəyiblər ki, bundan sonra problem yaşanmayacaq. Əslində isə belə deyil. Sadaladığımız problemlərdən biri depozitlərin qaytarılması ilə əlaqədardır. Digər problemlər yerindəcə qalır".

    Ekspert həmçinin deyib ki, MB-nin açıqlamasında manatın məzənnəsinin azalma faizi də doğru göstərilməyib: “MB beş faizdən bir qədər çox bahalaşma göstərir. Bu, əslində doğru yanaşma deyil. Çünki il ərzində minimum və maksimum məzənnəni götürsək, bahalaşma təqribən 12 faizdir. MB çalışır ki, özü-özünü aldatsın. Belə yolla problemi həll etmək mümkün deyil. Çünki getdikcə daha çox valyutaya olan tələbatın artımını görürük. Bundan başqa, bizdən asılı olmayan xarici səbəblər də var. Həm dollar indeksinin dünyada qalxması, FES-lə bağlı qərarın gözləntiləri, neftin qiymətində son zamanlarda enişin müşahidə olunması manata olan basqıları artırır. Amma sadəcə Mərkəzi Bank qəliz iqtisadi dildə yazılmış bir açıqlama ilə, bir izahatla sanki özü-özünü sakitləşdirməyə çalışır. Amma problemlərin həlli yolu belə deyil”.

    Rublika.az


    Facebook-da paylaş