• Hikmət Hacızadə: “Elə bilirdim ki, Amerika avaranı seçməz; amma seçdilər də...”

    Hikmət Hacızadə: “Elə bilirdim ki, Amerika avaranı seçməz; amma seçdilər də...”

    “Amerikanın qara yox, qəhvəyi siyahısındayam”

    Amerika seçkiləri öncəsi yerli politoloqlar Hillari Klintonun prezident seçiləcəyini proqnozlaşdırırdılar. Xüsusən də demokrat Hikmət Hacızadə prezidentliyə namizəd Donald Tramp barədə olduqca sərt sözlər, fikirlər işlətmişdi. Məlum, qələbə D.Trampın üzünə güldü. H.Hacızadə ilə bu nəticəni və “Tramplı Amerika”nı təhlil etdik. Müsahibimiz ilk növbədə bu nəticə barədə danışdı:


    - Açığını deməliyəm ki, mən belə olacağını gözləmirdim. Mənim üçün sürpriz oldu...

    - Sizcə, bu, nəyin göstəricisi idi? Həqiqətən də demokratik nəticə oldu?

    - Demokratiya deyəndə ki... İnsanlar öz səsini verdi və Trampı seçdisə, bu, o deməkdir ki, seçkilər demokratik keçdi. Amma insanlar onu niyə seçdi, bax, budur böyük problem. Görünür ki, dünyada inkişaf etmiş ölkələrdə iki millət əmələ gəlib. Bir qisim kompüter, mikrofondan istifadə edir, istirahət üçün başqa ölkələrə gedir və sair. O biri qism isə dəyişikliklərdən, çətiniklərdən çox narazıdır. Onlar uyğunlaşmırlar, özlərinə yer tapa bilmirlər. Amerikada sadə adamlar işsiz qalıblar.

    Onlar iş tapmaq üçün Çinə, ora-bura gedir. Yaxşı maşın sürmək üçün, yayda dənizə getmək üçün ağıl işlətməlisən. Valideynlərin varlı olub, sənə təhsil verməlidir. Bu isə milyonlarla adamlarda yoxdur. Sadə adamlar başqa haydadır, başqa prinsiplərlə yaşayır. Kompüter işlədənlər isə tamam başqa haydadır. Ona görə də bu məsələnin qavranılmasında çətinlik var.

    Sadə adamı tezliklə gedən demonsibasiya çox narahat edib. Obamaya dözürdülər. Sadə adam onsuz da ürəyində rasist olur. Kimsən, nəçisən, hansı rayondansan... prinsipi hakim olur onda. Sonra üstündən bir dənə də arvad gəldi. Dedilər ki, indi bu arvad bizə başçılıq edəcək? Sabah tutaq ki, bir homoseksual gələcək. İnternet, sadə adamların fikri belə dağılır. Bu, sadə adamları məcrasından, əsəbindən, yolundan çıxarır.

    Bu iki məsələ qloballaşma və yeni texnologiyalar, iş məsələsi narazılıqların səbəbi olur. Seçici bunu bilməlidir. Sadaladığım problemlərin həlli çox çətin, qəliz və uzunmüddətlidir. Sadə adam buna dözmür. Ona görə də düşünür ki, bir igid gəlsin, vursun dağıtsın birdəfəlik. Mən deyəndə ki, alim çağıracam, kompüterlə qrafik çəkəcəyik, araşdırma aparacağıq... Amerikalı seçici deyir ki, əşşi, 20 ildir heç nə edə bilmir, qoy Hitler kimi bir adam gəlsin, görək həll edə bilirmi.(musavat)

    - Yəni sizcə, Amerika seçicisi macəra istəyirdi?

    - Xeyr, məsələnin tez həllini istəyirdi. Həm burda, həm Böyük Britaniyada, həm Almaniyada yığılmış problemlərin həllini istəyir seçici.

    - Bir çox analitiklər deyirlər ki, əslində Trampın aqressiv, çılğın çıxışları piara hesablanmış addımlar olub. Daha çox diqqət çəkmək, səs toplamaq üçün... Amma 100 günlük planını açıqlayanda məlum oldu ki, anons etdiklərinin bir çoxunu etməkdə, ilk başda isə milyonlarla miqrantı ölkədən çıxarmaqda israrlıdır...

    - Belə düşünmək üçün ehtimal var. Amma bu gədə dəqiq nə edəcək, bilmək olmaz. Çünki onun siyasi tarixi yoxdur. Siyasətçi olmayıb ki, daha öncə dedikləri və etdiklərini bilək, müqayisə edək. Amma yenə də belə ehtimal var ki, onun o cür çıxışları sırf diqqət çəkməyə və piara hesablanmış idi.

    - Hikmət bəy, siz də seçkilər ərəfəsində Tramp barədə çox ağır sözlərdən istifadə edirdiz. Onun barəsində “axmaq”, “avara” kimi sözlər işlədirdiz...

    - (Gülür) Düz deyirəm də, avaradır. Mən amerikalılara başa salaram ki, Azərbaycanda avara şərəfli sözdür, azad adamın indeksi sayılır.

    “Trampın anasına-bacısına söyməmişəm ki, narahat olum...”


    - Necə düşünürsüz, bir “avara” dünyaya nüfuz edən super bir dövlətin başına keçə bilərmi? Nəticə sizin fikrinizi dəyişmir?

    - Bilər də. Mən səhv edirdim. Elə bilirdim ki, Amerika avaranı seçməz. Amma seçdilər də. Hitler də avara idi də. Uqo Çaves də onun kimi. Səsvermə, demokratiya hərdən avaraları, populistləri hakimiyyətə gətirir.

    - Bu təhqirə görə narahat deyilsiz? Bütün hallarda tanınmış politoloqsuz və Amerikanın prezidenti barədə ağır sözlərdən istifadə etmiş adamsız. Amerika səfirliyinin “qara siyahı”sında ola biləcəyiniz ehtimalı sizi qorxutmur? Bundan sonra o ölkəyə gedib-gəlmək fikriniz varmı, məsələn?

    - Mən Trampın anasını-bacısını söyməmişəm ki, narahat da olum. Qara yox, qəhvəyi siyahıya düşəcəm. Mən qara siyahılıq deyiləm.

    - Belə bir fikir söylədilər ki, Hillari Klintonun seçilməməsi Azərbaycanda demokratik düşərgə üçün ciddi zərbə oldu. Layihələr, qrantlarla işləyənlər üçünsə xüsusən çətin dönəm olacağını deyənlər oldu....

    - Yox, belə deyil. Bunu qavramaq çətindir və gözləmək lazımdır. Adətən demokratlarla respublikaçıların insan haqları və demokratiyaya yanaşması fərqli oldu. Demokratlar insan haqlarından çox danışır, məktublar yazır, etirazlar edir, hərdən mükafatlar alırlar. Amma reallıqda heç bir şey etmirlər. Amma respublikaçılar az danışır, amma hərdən elə vururlar ki, diktaturalar dağılır. Ronald Reyqan vardı, insan haqlarından az danışırdı. Amma necə vurdusa, SSRİ-ni dağıtdı, 300 milyon adam azad olundu, Azərbaycan da müstəqil oldu. Bunlar iş adamlarıdır, qətiyyətli adamlardır. Danışmaqları az, iş görməkləri isə çoxdur.

    - Sizin üçün Trampın seçilməsi ilə “Amerika röyası” bitdimi? Bir demokrat olaraq “üzdünüzmü” əlinizi bu ölkədən, onun dəyərlərindən?

    - Mən heç vaxt Amerikanı ideallaşdırmamışam. Amerika yaxşı ölkədir, amma cənnət deyil. Amerikanın problemləri çoxdur. Amma bəzi ölkələrdən fərqli olaraq, onlar öz problemlərini müzakirə edirlər, onu gizlətmirlər, onun üzərində işləyirlər, açıq danışırlar. Budur, Amerikanın böyüklüyü. Ona görə də mən tam məyus olmamışam. Amerika adına yaxşı şeylər görəcəyik. Bu, bir proletariar dalğadırsa, başqa ölkələrdə də davam edəcək. Britaniyada, Venesuelada, Türkiyədə baş verənlər o dalğanın izləridir.

    Rublika.az


    Facebook-da paylaş