• “Deputat maaşının qaldırılması məsələsini gündəmə gətirmək absurddur”

     “Deputat maaşının qaldırılması məsələsini gündəmə gətirmək absurddur”

    Əli Məsimli: “Gündəmdə başqa kateqoriyadan olan insanların, aztəminatlıların məsələsi olmalıdır”

    “Deputatların maaşı məsələsi dövriyyəyə son günlər deputat həmkarım Vahid Əhmədovla olan müsahibənin konteksdən çıxarılıb başqa yerə yozulduqdan sonra gündəmə gəlib. Mən təəccüblənməyi yadırğamışam, amma fikirdə, sözdə və işdə öz xalqına şərəflə xidmət edən Vahid Əhmədov kimi adamlara qarşı süni sürətdə belə işlərin qaynadılmasını görəndə təəssüflənirəm”.

    Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsisinin üzvü Əli Məsimli bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Qeyd edək ki, V.Əhmədovun adından yayılan açıqlamada onun deputatların maaşının azlığından şikayətlənərək, 2 min 200 manatla hazırkı vəziyyətdə dolanmağın çətin olduğunu dediyi iddia olunurdu. Lakin sonradan deputat bu cür xəbərlərin necə yayılmasından xəbərsiz olduğunu və haqqında bu cür yanlış informasiya yazanlar barədə ölçü götürəcəyini söylədi.

    Ə.Məsimli də bu qənaətdədir ki, demədiyi sözlərə görə hədəfə çıxarılan deputat həmkarına qarşı kampaniya təsadüfə bənzəmir: “Bəlli məsələdir ki, normal vəziyyətdə insanların gəlirləri əsas iş yerindən aldığı əmək haqqından başqa, həm də əlavə işlərdən gəlirlərdən ibarətdir. Konkretləşdirsək, sahibkarlıqdan əldə etdiyi gəlirlərdən - qanunla dövlət - hakimiyyəti strukturunda çalışanlar sahibkarlıqla məşğul ola bilməz, amma dolayısı ilə bu məsələdə vəziyyətin necə olması hamıya məlumdur - yaradıcı fəaliyyətdən, qonorarlardan, əmlakından və ya əmlakın icarəsindən əldə olunan, səhmlərdən gələn, müavinətlərdən, yaxınları hesabına gələn gəlirlərdən, ölkə xaricindən göndərilən puldan və sairdən ibarətdir. Əgər kiminsə gəliri 100 faiz yalnız və yalnız bir mənbədən - əmək haqqından gəlirsə, hələ yüksək tələbatı bir kənara qoyub, hətta real orta tələbatla müqayisədə Azərbaycandakı istənilən kateqoriyalı insana aid əmək haqları təbii ki, heç kimin normal fəaliyyəti üçün yetərli olmayacaq. Aşağı maaşlar isə insanların aşağı tələbatını belə ödəmir, sadəcə, birtəhər fizioloji mövcudluğu saxlamaqdan başqa heç nəyə yaramır. Yox, əgər kiminsə sadalanan istiqamətlərdə yetərincə gəliri varsa, onda belələrinin əmək haqqı gəlirinin 1-2 faizini, yuxarısı 10 -20 faizini təşkil etdiyindən, başqa mənbələr hesabına orta real tələbatını dolğun şəkildə ödəyə bilir. Bu, hamıya məlum olan həqiqətdir”.

    Ə.Məsimlinin sözlərinə görə, deputat həmkarı V.Əhmədov da fərqlı ifadələrlə bunu deyib: “Amma mən tam əminliklə deyirəm ki, bütün çıxışlarında əsas hədəfi xalqın vəziyyətini yaxşılaşdırmaq missiyası olan Vahid Əhmədov kimi insanlar ölkədə orta əmək haqqının 500 manatın altında, müəllimlərin, həkimlərin, elm, mədəniyyət, incəsənət və sair bu kimi sahələrdə çalışanların çoxunun maaşlarının 200-300 manat arasında olduğu bir şəraitdə heç vaxt öz maaşının artırılması məsələsini qaldırmaz və qaldırmayıb da. Çünki bəlli məsələdir ki, əhalinin xeyli hissəsinin 200-300 manat maaş aldığı və ya gəlirləri az olduğu bir vaxtda, üstəgəl, iki şok devalvasiyadan sonra qiymət artımı tempinin gəlir artımı tempini üstələməsi nəticəsində əhalinin xeyli hissəsinin real gəlirlərinin də azaldığı bir şəraitdə Azərbaycan meyarları ilə kifayət qədər yüksək maaş alan deputatların maaşının qaldırılması məsələni gündəmə gətirmək absurddur. Hazırkı şəraitdə gündəmdə deputatı maaşının onu qane edib-etməməsi yox, başqa məsələ -müəllimlərin, həkimlərin, elm, mədəniyyət, incəsənət və sair bu kimi sahələrdə çalışanların maaşlarının artırılmasıdır, aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsidir. Bu məsələləri çox yaxşı bilən Vahid Əhmədovun da mövqeyi biz dediyimiz kimidir. Vahid Əhmədov kifayət qədər yüksək ixtisaslı, bilikli, bacarıqlı, ümumi mənada iqtisadiyyatla yanaşı, təsərrüfatı da çox gözəl bilən bir şəxsdir.

    O, təkcə özünü düşünən insan olsaydı, yüz milyonları olardı və belə söhbətlər də ortaya çıxmazdı. Bu izahatdan sonra da sözügedən rolik fırlanmaqda və Vahid Əhmədovun adına xoşagəlməz ifadələr işlədilməkdə davam edəcəksə, onda deməli, burada məqsəd başqadır. Bəlkə kimlərsə istəyir ki, öz fəaliyyəti ilə təkcə deputatı olduğu qubalıların deyil, ölkə əhalisinin xeyli hissəsinin rəğbətini qazanmış Vahid Əhmədov da bəziləri kimi ayrı rəngdə görünsün. Amma belə şoularda ötəri effekt götürmək mümkün olsa da, Allaha çox şükürlər olsun ki, xalqın gözü tərəzidir deyə, tam effekt götürmək mümkünsüz bir iş və boşuna fəaliyyətdir”.

    RUBRİKA.AZ


    Facebook-da paylaş