• Kapital Bank ASC-nin Rabitə filialının müdirinin iri məbləğli “obnaliçka” əməliyyatı

    Kapital Bank ASC-nin Rabitə filialının müdirinin iri məbləğli “obnaliçka” əməliyyatı


    20 manat müqabilində imza atılan milyonları mənimsəyən, vergidən yayındıran mütəşəkkil dəstənin müdhiş əməlləri

    Vergilər nazirinin adından istifadə edən dəstə üzvlərinin toruna düşən Əliyev Şamil prezidentdən kömək istəyir

    “Bu adamlar azadlıqda gəzərək mənim kimi neçə-neçə şəxsləri bədbəxt edirlər”


    Dələduzluqla məşğul olan mütəşəkkil dəstənin toruna düşərək aldadıldığını, bu səbəbdən də 5 il azadlıqdan məhrum olunduğunu bildirən Sumqayıt şəhər, 41-ci məhəllə, ev 4, mənzil 49-da pasport qeydiyyatında olan Əliyev Şamil Sonqulu oğlu ölkə başçısına müraciət edərək yardım istəyir. Şikayətçi bildirir ki, onun sadəlövlüyündən, işin mahiyyətini dərindən anlamadığından sui-istifadə edən dəstə üzvləri onun adından müxtəlif maliyyə fırıldaqları həyata keçirmiş, son nəticədə isə onu qurban verərək özləri cəzadan yaxa qurtarıblar. Əliyev Şamil şikayət məktubunda bildirir ki, onu aldadan mütəşəkkil dəstənin əsas fəaliyyəti vergidən yayınmaqla “obnaliçka” ilə məşğul olmaq olub. Şikayətçi 2011-ci ildə həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum olunduğunu bildirir.
    “Həbsimin səbəbi isə Azərbaycanda vergidən yayınmaqla - "obnaliçka" ilə məşğul olan mütəşəkkil dəstənin toruna düşməyim olub. Belə ki, məni bu dəstənin toruna Əmrah və Cəbrayıl adlı şəxslər saldılar. Bu şəxslər də həmin dəstənin fəal üzvlərindəndir.”
    Rubrika.az-a daxil olan məlumata görə, işin mahiyyətini anlamayan Əliyev Şamil bildirir ki, dəstə üzvləri şirkət açdığını və onu həmin şirkətə müdir təyin edəcəklərini söyləyirlər. Şikayətçi qeyd edir ki, mən həmin dəstə üzvlərinə ali savadımın olmadığını, savadsız olduğumu bildirmişdim. Lakin, ona bunun üçün ali təhsilin vacib olmadığını deyərək işinin ancaq müəyyən sənədlərə imza atmaqdan ibarət olduğunu söyləyirlər. Əliyev Şamili əmin edirlər ki, yerdə qalan işlərlə heç bir əlaqəsi olmayacaq.
    Şikayətçi Rubrika.az-a bildirir ki, mütəşəkkil dəstəyə daha çox Şahin kimi tanınan Şahoğlan adlı şəxsin rəhbərlik etdiyini sonradan öyrənib. Əliyev Şamil ərizəsində xüsusilə vurğulayır ki, mütəşəkkil dəstənin aparıcı füqurlarından biri də Kapital Bank ASC-nin "Rabitə" filialının müdiri Sabir müəllim idi. İri maliyyə əməliyyatlarını məhz Sabir müəllimin apardığını dilə gətirən şikayətçi bildirir ki, həmin mütəşəkkil dəstə üzvləri qeyd edirdi ki, bizim arxamızda Vergilər Naziri Fazil Məmmədov durur.
    Şikayətçi bildirirki, Sabir müəllim birbaşa "Kapital Bank"ın rəhbərliyi tərəfindən himayə olunduğunu dəfələrlə dilə gətirirdi. “Sabir müəllim hər görüşümüzdə məni əmin edirdi ki, bu işdə heç bir qanunsuzluq yoxdur. Hər dəfə bankdan pul çıxarılanda mənə 10-20 manat civarında pul verirdilər. Mən isə adətən 500 min, bəzən bundan da artıq məbləğlərə imza atırdım. 2011-ci ildə həbs olunarkən məlum oldu ki, mənim 1 milyondan artıq vergi borcum var. İstintaq zamanı müstəntiqə dedim ki, axı mən 10-20 manatdan artıq pul almamışam bunun vergi borcu necə 1 milyon manatdan çox ola bilər?”
    Rubrika.Az xəbər verir ki, Əliyev Şamilə istintaq zamanı məlum olub ki, əslində onu aldadaraq adına böyük şirkət açılmış, müxtəlif iri məbləğli maliyyə maxinasiyaları həyata keçirilib.
    “İstintaq zamanı başıma bu oyunları açan şəxslərin adlarını açıqladım və bildirdim ki, Əmrah, Cəbrayıl, Şahoğlan və Kapital Bank ASC-nin "Rabitə" filialının müdiri Sabir müəllim məni bu oyuna salıblar. Lakin nədənsə onlar barəsində heç bir qanuni tədbir görülmədi. Bu zaman mən əmin oldum ki, həqiqətən də həmin mütəşəkkil dəstə üzvlərini yüksək səviyyədə himayə edənlər var.”
    Əliyev Şamil şikayət məktubunda daha sonra qeyd edir ki, mütəşəkkil dəstə üzvləri qardaşıma hədə-qorxu gələrək, mənim ağzımı yummağımı və bütün bildiklərimi heç kəsə danışmamağımı tələb ediblər. Hansısa bir dövlət qurumuna şikayət edəcəyi təqdirdə vəziyyətinin daha da ağırlaşacağını bildiriblər.
    Şikayətçi bildirir ki, “dəstə üzvləri qardaşıma bildiriblər ki, onsuz da bizim arxamızda nazir Fazil Məmmədov dayanır və heç bir nəticə əldə edə bilməyəcəksən.”
    Ümidini yalnız prezidentə, onun humanizminə bağlayan Əliyev Şamil çox çətin durumda olduğunu, mütəşəkkil dəstə tərəfindən təhdid olunduğunu bildirir. Prezidentə ünvanlanan məktubunda şikayətçi qeyd edir ki, “cənab prezident, 1 milyon manat vergi borcu olan şəxs milyonlara sahib olmalı, maliyyə əməliyyatları aparmalıdı. Amma mənim heç çörək almağa pulum olmayan vaxtlarım olub. Vergilər Nazirliyi məni sahibkar kimi qələmə verib. Amma buyurub araşdırsınlar, yaşadığım evə baxış keçirsinlər. O zaman görəcəklər ki, bu adam 10 manat tapıb evin işıqlarını düzəltdirə bilmir. Mənim isə həbsimə səbəb olan Şahoğlan və Sabir müəllim villada yaşayırlar. Bu adamlar azadlıqda gəzərək mənim kimi neçə-neçə şəxsləri bədbəxt edirlər. Cənab Prezident, ümid edirəm ki, bu müraciətimi diqqətə alaraq insanların bədbəxtliyi üzərində xoşbəxt olan mütəşəkkil dəstə üzvlərinin cəzalandırılmasına xüsusi göstəriş verəcəksiniz. "Obnaliçka əməliyyatları" araşdırılarsa o zaman ortaya daha dəhşətli faktlar çıxar.”

    Nicat Mahmudov


    Facebook-da paylaş