• Xətai RİH-nin başçısı məktəbin yolunu da satıb

    Xətai RİH-nin başçısı məktəbin yolunu da satıb


    Nüsrət adlı bir "iş adamı” Sarayevo küçəsində yerləşən məktəbin yolunu kəsərək, orada özünə restoran tikib

    Bakının Xətai rayonu ərazisində qnunsuz tikililərin inşası bu gün də böyük vüsətlə davam edir. Rayon rəhbərliyinin bu xüsusda yol verdiyi qanun pozuntuları sakinlərin narahatlığına səbəb olur, hüquq və imtiyazlarına xələl gətirir. Bu vəziyyət redaksiyamıza artıq uzun müddətdən bəri daxil olan məlumatlarda konkret faktlarla təsdiq edilir. Biz həmin məlumatlar əsasında hazırlanmış bir neçə tənqidi məqalə dərc etmişik. Yazılarda Xətai RİH-nin başçısı Razim Məmmədovun yol verdiyi qanunsuz əməllərdən və məhz bu səbəbdən rayon ərazisində yaranmış hərc-mərclikdən bəhs olunub. Bildirilib ki, Xətai rayonu istər əhalisinin üzləşməli olduğu müxtəlif məişət problemlərinin çoxluğu, istər küçə və yolların bərbad vəziyyəti, istərsə də qanunsuz fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin bolluğu ilə şəhərin digər rayonları arasında xüsusilə seçilir. Xatırlanmışdı ki, hələ bir neçə il bundan öncə icra başçısının rayon ərazisində mövcud olan yaşıllıq zolaqlarına qənim kəsilməsi böyük qalmaqallara səbəb olmuşdu. Ölkə mətbuatında R.Məmmədovun birbaşa göstərişinə əsasən metronun "Əhmədli” stansiyası ətrafında və digər ərazilərdə ağacların kütləvi şəkildə məhv olunmasına dair danılmaz faktlar təqdim olunmuşdu. Həmin ərazilər isə "təmizləndikdən” sonra müxtəlif iş adamlarına fantastik qiymətlərə satılmışdı. İcra başçısını uzun müddət mətbuatın diqqətində saxlayan məqamlardan biri də onun rayonun digər hakimiyyət strukturlarının rəhbərləri ilə uzunmüddətli və ciddi konfliktlərə girməsi olub. Bu konfliktlərin əsasında isə, çox zaman İcra Hakimiyyətinin qanunsuz qərarlarına qarşı rayon prokurorluğunun və digər instansiyaların ciddi etirazları dururdu. Belə ki, rayon ərazisində olan torpaq sahələrinin qeyri-qanuni satışı, yeni tikintilər üçün qanunsuz sərəncamların verilməsi və digər bu kimi əməllər bir tərəfdən vətəndaşların hüquqlarını pozur, digər tərəfdən isə müxtəlif infrastruktur müəssisələrin normal fəaliyyətini əngəlləyir. Bu isə öz növbəsində çoxsaylı araşdırmalara, məhkəmə proseslərinə yol açır. R.Məmmədovun yeritdiyi kadr siyasəti də öz orijinallığı və məntiqsizliyi ilə hər zaman diqqəti cəlb edib. Təəssüflər olsun ki, bu gün bir çox vəzifə sahiblərinin öz ətraflarına səriştəsiz, qeyri-peşəkar olsalar belə yalnız "öz adamlrından” ibarət kadrları toplamaları artıq adi hala çevrilmişdir. Razim müəllim isə, bu sahədə də daha irəli getmişdir. Ali təhsili olmayan peşəkar sürücünü müavin, ali savadlı mütəxəssisi polis serjantı və digər bu kimi təyinatlar da müxtəlif vaxtlarda media nümayəndələrinin diqqətini cəlb etmişdi.

    Lakin qayıdaq yenə də rayonun əsas probleminə. Dünən redaksiyamıza təqdim olunmuş növbəti açıqlamada yenidən qanunsuz tikintilərdən bəhs edilir. Bu xüsusda Xətai rayonu, Sarayevo küçəsində yerləşən binalardan birinin sakinləri bizə etdikləri müraciətlərində ərazidə yaranmış vəziyyət barədə bunları deyiblər: "Əslən Tovuz rayonundan olan Nüsrət adlı bir "iş adamı” yaxınlıqda yerləşən məktəbin yolunu da kəsərək, orada özünə restoran tikib. Ona deyirik ki, axı bu məktəbin açılışında ölkə prezidenti cənab İlham Əliyev şəxsən özü iştirak edib. Cavabında deyir ki, mən başçıdan yer istəmişəm, o da mənə buranı satıb. Bundan başqa isə, həmin bu Nüsrət yaşadığımız binanı da az qala qəzalı vəziyyətə gətirib. Belə ki, o, binanın zirzəmisini və birinci mərtəbəsini alaraq, burada özünə daha bir obyekt açır. Bunun üçün də otaqları rekonstruksiya edir və arakəsmələri də götürür. Dəfələrlə icra hakimiyyətinə müraciət etsək də, heç bir nəticə olmur. Evimizdə oturmağa da qorxuruq...”

    Rubrika.az


    Facebook-da paylaş