• "Avis"in rəhbəri nədən azadlığa buraxıldı? - MÜƏMMA

    "Avis"in rəhbəri nədən azadlığa buraxıldı? - MÜƏMMA

    Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində süni qiymət artımında təqsirləndirilən "Avis” apteklər şəbəkəsinin rəhbəri Elmir Məhərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Hökmə əsasən, E.Məhərova 3 il şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. Dövlət ittihamçısı E.Məhərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. "Avis”lə bağlı digər məsələləri hələlik bir kənara qoyub hakimin qərarına və dövlət ittihaşçısının tələbinə nəzər salaq. Qeyd etmək istərdik ki, əlbəttə dövlət ittihamçısının tələbi ilə hakimin qərarı arasında fərqin olması başa düşüləndir. Ancaq dövlət ittihaşçısnın 10 il cəza tələb etməsi və şirkət rəhbərinin hakimin qərarı ilə azadlığa buraxılması arasında ziddiyyət var. Həqiqətən də dövlət ittihamçısının şirkət rəhbərinə 10 il həbs cəzasi tələb etməsi onu sübut edir ki, ortada ciddi səbəblər var. Axı, dövlət ittihamçısı 10 həbs cəzasını havadan götürə bilməzdi. Əgər ortada ciddi əsaslar varsa, hakim hansı əsasla şirkət rəhbərini azadlığa buraxır..? Yox, hakim düzgün qərar çıxarıbsa, dövlət ittihamçısı hansı əsasla şirkət rəhbərinin 10 il azadlıqdan məhrumedilməsini tələb edir..? Bizim nə hakimin qərarına, nə də dövlət ittihamçısının tələbinə kölgə salmaq fikrimiz yoxdur. Ancaq ortada anlaşılmazlıq var. Bəlkə, hansısa sirli əl şirkət rəhbərini xilas edib..? Çünki ölkə mətbuatında neçə ay davam edən yazılarda "Avis” şirkətinin Fətullah Gülənin dəstəsinə aid olması, hətta səhiyyə nazirinin müavininin şirkətə himayədarlıq etməsi barədə məlumatlar gedib. Digər tərəfdən şirkət rəhbərliyi ciddi məsələlərdə ittiham olunurdu. Ən əsası devalvasiyadan sonra ölkə başçısı süni qiymət artımına yol verən şəxslər barəsində ciddi tədbirlər görülməsini tələb etmişdi. Şirkət rəhbərinin heç nə olmamış kimi azadlığa buraxılması ciddi tədbirdir...? Axı, ortada şirkətin uzun illər vətəndaşlara keyfiyyətsiz və baha qiymətə dərmanlar satması faktı var idi. "AVİS” aptekində dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdi. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə "AVİS” aptekində bir qutusunun qiyməti 326 manat olan "Pegintron 80" adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satılması, eləcə də gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vasitələrinin qanunsuz satılması müəyyən edilmişdi. Şirkətin anbarına baxış zamanı idxal üçün rəsmi icazəsi olmayan və dərman vasitələrinin ekspertizasına dair uyğunluq sənədi verilməyən ilkin olaraq müəyyən edilmiş 104 adda dərman vasitəsi, habelə açıq satışı qadağan edilmiş dərman vasitələri, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülmüşdü. Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzinin əməkdaşları ilə birgə baxış zamanı "Maymed" MMC-nin Bakı şəhəri, Badamdar şossesi, 5 saylı ünvanda yerləşən "AVİS Badamdar" şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev Q, məhəllə 556/567 ünvanında yerləşən "AVİS İstanbul" şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 saylı ünvanda yerləşən "AVİS Tusi" şöbəsində dövlət qeydiyyatına alınmayan çoxsaylı dərman vasitələri aşkar edilmişdi. Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları aldatma) maddələri ilə cinayət işi başlanıb. E.Məhərov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma) maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. Təsəvvür edirsiniz, bir şəxsin barəsində Cinayət Məcəlləsinin 4 maddəsi ilə cinayət işi açılıb və sonra da məhkəmə zalından azadlığa buraxılır. Əgər bu şəxsin günahı yox idisə, niyə həbs olunmalı idi..? Yox, əgər cinayəti var idisə, necə azadlığa buraxılır..? Əlbəttə biz kiminsə həbs olunmasında maraqlı deyilik. Ancaq baş verənlər onu göstərir ki, ortada məntiqsizlik var.

    Rubrika.az


    Facebook-da paylaş