• Gərgin 11 ayın yekunları - iqtisadiyyatdan və manatdan gözlənti qalmayıb

     Gərgin 11 ayın yekunları - iqtisadiyyatdan və manatdan gözlənti qalmayıb

    Ekspertlər ili pessimist iqtisadi göstəricilərlə başa vuracağımızı bildirirlər

    2016-cı ilin 11 ayı ölkə üçün ciddi iqtisadi çətinliklərlə yadda qaldı. Ən əsası, bu ilin yekun dəyərləndirməsində milli valyuta ilə bağlı müsbət gözləntilər artıq yoxdur. Ölkənin qeyri-neft ixracından da gələn gəlirlərdə azalma var. Bank sektoru ilə bağlı da ciddi problemlər qalmaqdadır.
    Ekspert Natiq Cəfərli açıqlamasında bildirib ki, 11 ay manatın qeyri-stabil davranışı, dollar qarşısında dəyərdən düşməsi ilə yadda qalıb. Üstəlik, ölkədə ciddi qiymət artımı, 12 faiz inflyasiya, ümumdaxili məhsulun 4 faizə qədər azalması kimi makroiqtisadi göstəricilər də durumun ciddiliyini göstərir. “Ümumiyyətlə, iqtisadiyyatla bağlı bu göstəricilər neqativ göstəricilərdir. Ölkədə olan xroniki və illərlə yığılıb qalan problemlərin həlli yolunda kifayət qədər cəsarətli addımlar görmədik.

    Çox təəssüf ki, hələ də o xroniki problemlərin qalması, ölkənin ciddi şəkildə idxaldan asılılığı, xarici ticarətdə, ixracatımızda neftin önəmli rol alması qeyri-neft sektorunun ixracatının kifayət qədər sürətlə azalması da problemlər sırasındadır. Hökumət bəyan etmişdi ki, manatın dəyərdən düşməsi xarici ticarətdə, idxalda qeyri-neft sektorunun payını artıracaq.

    Amma görünən odur ki, əksinə, bu ilin 11 ayında ciddi azalmalar müşahidə olundu. Bütün bu hadisələr, makroiqtisadi göstəricilər neqativ şəkildə Azərbaycan iqtisadiyyatında son aylarda baş verən hadisələr kimi yadda qaldı. Təəssüf doğuran digər hal da ondan ibarətdir ki, hələ bu proseslərin sonu görünmür. Manatın ucuzlaşmasının hansı həddə qədər gedib çıxacağını proqnozlaşdırmaq çox çətindir. Yaxın gələcəkdə Azərbaycanın xroniki problemlərinin yolunda hansısa ciddi irəliləyişin olduğunu söyləmək də çox çətindir. Önümüzü görmək üçün çox təəssüf ki, əlimizdə pozitiv yöndə faktlar yoxdur”,- deyə ekspert vurğulayıb.

    Ekspert Əkrəm Həsənov isə musavat.com-a bildirib ki, ümumən 11 ayda məlum bank sisteminin vəziyyətinin ehtimal edildiyindən daha ağır olduğu ortaya çıxıb: “Məlum oldu ki, bank sistemi ağır vəziyyətdədir. Çünki on bir bank bağlanıb. Bir iri bankı sağlamlaşdırmaq istədilər, sonra imtina etdilər. Bu da göstərdi ki, nəinki bank sisteminin özündə, hətta bank sistemini idarə edən dövlət qurumları da vəziyyətin nə yerdə olduğunu tam təsəvvür etmirlər. Təsəvvür etsəydilər, heç sağlamlaşdırmağa getməzdilər, bankı dərhal bağlayardılar. Həm bank sisteminin özündəki problemlər çoxdur, həm problemli kreditlər xeyli artıb, bir hissəsini də gizlədirlər. Banklardan xeyli əmanət çıxarılıb. Yaxşı cəhət odur ki, Əmanətlərin Sığortalanması Fondu hələlik əmanətləri qaytarır.

    Sığortalanmış əmanətləri geri qaytarır. Amma sığortalanmamış əmanətlər faktiki batıb. Yəni bankların ləğvetmə prosesi də çox qeyri-şəffaf, gizli şəkildə həyata keçirilir. Qanuna əsasən, tam şəffaf olmalı idi. Qanun pozuntuları var bu sahələrdə. Ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasının bəyan etdiyi bəzi məsələlər var ki, müəyyən mənada ümid verir. Dedilər ki, bank rəhbərləri də qanun pozuntularına yol verib, onların da məsuliyyətə cəlb olunması planlaşdırılır. Demək olar ki, aylar boyu bizim dediyimizlə üst-üstə gəlir. Yəni günahı borcu qaytarmayan əhalidə və kiçik sahibkarlarda yox, elə bank rəhbərliyinin və bank sahiblərinin özlərində axtarmaq lazımdır. Müəyyən ümidlər var ki, dövlət orqanları bu vəziyyətdən çıxış yolunu tapdılar. Bank sahiblərindən borcu tələb etmək lazımdır. Palata dedi, qanunlara dəyişiklik hazırlayacaq. Amma məsuliyyətə cəlb etmək üçün qanunlarda dəyişikliyə ehtiyac yoxdur, buna tam imkan var”.

    Manatın taleyinə gəldikdə isə Ə.Həsənov vəziyyətin ümidsiz olduğunu bildirir: “Ötən 11 ay ərzində milli valyuta artıq 20 qəpiyə yaxın ucuzlaşıb. İl manat dollara nisbətdə 1,55-lə başlamışdı, indi 1,72-dir. Dollar 17 qəpik bahalaşıb. Hələ Mərkəzi Bankın avqust-sentyabr aylarında həyata keçirdiyi ”qara bazar" əməliyyatı olmasaydı, nə baş verərdi. Həmin əməliyyat da bank sisteminə etimadı tam sarsıtdı. Faktiki olaraq maliyyə qurumları “qara bazar”ın fəaliyyətinə tam şərait yaratdılar. Manatı bir neçə ay saxlaya bildilər. Amma yenə də manat qiymətdən düşüb. Ehtimal var ki, ilin axırında 1,90 kimi gedib çıxacaq. Bu templə, manat ilin sonuna ucuzlaşmaqda davam edəcək. Manatla bağlı ili tam pessimist bitirəcəyik. Aydın məsələdir ki, dollar gələn il iki manatı keçəcək. Bank sistemi ilə bağlı ümidverici nəsə var, amma manatla bağlı ümumiyyətlə ümidlər yoxdur".
    Qeyd edək ki, ekspertlər bu ilin 11 ayını müstəqillik dönəmindən üzü bəri ən gərgin və problemli aylar kimi qiymətləndirirlər. Bildirilir ki, kəskin devalvasiya olmasa da, manat dəfələrlə çətin durumda qalıb. Manati xilas etmək üçün ciddi addımlar atılsa da, ilin sonuna milli valyutanı yeni sınaq gözləyir. Ötən on ayda banklarla bağlı durum da ürəkaçan olmayıb, üstəlik, yenə də bankların bağlanma təhlükəsi var. Ölkədə ümumilikdə baş verən iqtisadi azalma isə ekspertlər tərəfindən narahatlıqla vurğulanır.

    Ekspertlər deyirlər ki, hazırda inkişaf etdirilməsi planlaşdırılan qeyri-neft sektorunda da vəziyyət və gözləntilər ürəkaçan deyil. Azərbaycana neftdən gələn gəlirlərin həcmini bu sahələrin heç biri əvəz edə bilməyəcək. Buna uzun zaman və ciddi investisiya lazımdır. Ölkədə isə bunlar artıq yoxdur. Ekspertlər ilin sonuncu ayında qiymətlərin daha sürətlə bahalaşacağını vurğulayırlar. Bildirilir ki, manat ucuzlaşmaqla bərabər, tədiyyə balansının kəsiri də bir az da artacaq. Eyni zamanda dövlət büdcəsinin defisiti sürətlə çoxalacaq.

    Rubrika.az


    Facebook-da paylaş