• Rektoru Nurlana Əliyeva olan Bakı Slavyan Universiteti Kollecə doğru geriləyir...

    Rektoru Nurlana Əliyeva olan Bakı Slavyan Universiteti Kollecə doğru geriləyir...

    Sevindirici haldır ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Azərbaycan Dövlət İqtisad Universitetinə təyin edilən rektorlar ciddi islahatlar aparır və bununla da universitetin nüfuzunu yüksəldirlər. Bu rektorlar rəhbərlik etdikləri ali məktəblərdə təhsil mühitini yaxşılaşdırmaqla qısa bir vaxtda ciddi keyfiyyət dəyişikliyinə nail oldular. Onlardan fərqli olaraq Bakı Slavyan Universitetinə (BSU) rektor təyin olunmuş Nurlana Əliyeva yumşaq desək etimadı doğrultmadı. Xəyal qırıqlığı yaratdı...

    O, universitetdə ayrıseçkilik toxumu səpməklə, mühüm təsisatları ləğv etməklə (dağıtmaqla), səriştəsizliyi ucbatından idarəetmədə etdiyi kobud səhvlərlə sayilıb-seçilən bir ali məkəbi xeyli dərəcədə zəiflətməyi bacardı.

    Təhsil Naziri BSU-nun fasadını bəzəyən ötən əsrin 70-ci illərində quraşdırılmış mozaikanın sökülməsinə görə xanım rektora xəbərdarlıq elan etdi. Əslində analoqu olmayan hadisə baş verdi. Yenicə işə başlamış rektor kobud səhvə görə cəzalandırıldı. Bizə elə gəlirdi ki, bundan sonra rektor hərəkətlərini korrektə edəcək. Lakin etdimi? Xəbərdarlıqdan xeyli vaxt keçməsinə baxmayaraq heç bir nəticə çıxarılmayıb: mozaika indiyə qədər bərpa olunmayıb. Apardığım araşdırmalar göstərir ki, Universitetdə daha ciddi pozuntulara yol verilir və bununla da vəziyyət get-gedə pisləşir.

    Universitetdə fəaliyyət göstərən bir neçə ölkənin Mədəniyyət Mərkəzləri iflic vəziyyətinə salınıb. Bu Mərkəzlərin təcrübəli işçiləri ya işdən çıxarılıb, ya da sıxışdırılırlar. Belə hallar və aşağı əməkhaqqları Mərkəzlərə marağı xeyli azaldıb. Məsələn, Ukrayna Mədəniyyət Mərkəzinin müdirinə 100 AZN həcmində əməkhaqqı müəyyənləşdirilib. Bu minimum əməkhaqqı siyasətinə ziddir. Bu cür Mədəniyyət Mərkəzləri universitetin bioqrafiyasına daxil edilmişdir. Universitetin tarixinə belə münasibət sərgiləməzlər. Unutmaq olmaz ki, belə Mədəniyyət Mərkəzlərinin açılışında müxtəlif ölkələrin prezidentləri, Baş nazirləri, həmin ölkələrin yüksək ranqlı məmurları iştirak etmişlər.

    Universitetdə "Azərbaycanşünaslıq tədris - mədəniyyət” Mərkəzinin fəaliyyəti də təhlükə altındadır. Belə bir Mərkəzin fəaliyyətinin iflic vəziyyətə salınması dözülməzdir. Axı analoji mərkəzlər xarici ölkələrdə də, bu və ya digər şəkildə fəaliyyət göstərir. Və heç şübhəsiz ki, bu cür münasibət onlarin fəaliyyətini zəiflədir. "Azərbaycanşünaslıq tədris - mədəniyyət” Mərkəzinə diqqətsizlik və ögey münasibət dərhal aradan qaldırılmalıdır. Bu cür ögey münasibət təkcə rektora deyil, ali məktəbin bütün rəhbərliyinə məxsusdur. Bütün bunlar vaxtilə BSU rəhbərliyi tərəfindən ağır zəhmət hesabına yaradımış eyni adlı mərkəzlərin zəifləməsi və ləğvinə səbəb olacaq. Bu isə universitetin 2000-ci ilə qədərki yalnız rus dili öyrədən kollec səviyyəsinə düşməsinə gətirib çıxara bilər.

    Universitetdə fəaliyyət göstərən fəlsəfə kafedrası ali məktəblər içərisində nümunəvi kafedralardan biri olub. Ciddi elmlə məşğul olanlar yaxşı bilir ki, fəlsəfə fənni ümumulikdə tədrisin yaxşılaşdırılmasında və fənlərarası tədqiqatların səmərəliliyinin artırılmasında xüsusi rol oynayır.

    Lakin Slavyan Universitetində keçirilən elmi şuraların birində bu ali məktəbin yeni dekanlarından biri fəlsəfə kafedrasının bağlanması təklifi ilə çıxış edib. Lakin rektor başda olmaqla Universitet rəhbərliyi bu təkilfə seyrçi münasibət bəsləyib.

    Onlar anlamırlar ki fəlsfəsiz universitet linqivistik kursdan başqa bir şey deyil.

    Apardığımız müşahidələr göstərir ki, Universitet daxilində bədbinlik, inamsızlıq, bir-birindən şübhələnmək ab-havası hökm sürür. Universitet mühitinə yad olan bu cür amillərin dərinləşməsinə yol vermək olmaz. İndi universitetlərimizin dünyanın tanınmış reytinq cədvəllərində yer tutmaları üçün ciddi işlər görülür. Bu prosesdə Universitetlərin ölkə daxilindəki nüfuzları da nəzərə alınır. Əksər rektorlar qeyd etdiyim istiqamətdə səmərəli işlər aparırlar. Təəssüfər olsun ki, Bakı Slavyan Universitetinin adını bu sırada çəkmək mümkün deyil...

    Bu Universitetdə təmir üçün yaranmış borcların ödənilməsinin "yeni yolu” tapılıb. Qış sessiyası zamanı tələbə kəsirlərindən toplanan vəsaitlər hesabına borcların ödənilməsi nəzərdə tutulub. Burada kəsilən tələbələrin sayı önəm kəsb edəcək və artıq bununla bağlı necə deyərlər, hazırlıq işləri də aparılır. İndiki durumda bu sosial gərginliyə təkan verən amilə çevrilə bilər. Bir çox ali məktəblər tədrisi, imtahan sistemini təkmilləşdirirlər ki, kəsilən tələbələrin sayı az olsun. Burada isə hər şey tərsinə cərəyan edir. Tələbələrdən əlavə vəsaitlərin qoparılması üçün onların kütləvi şəkildə kəsilməsinə yol açan addımların atılması indiki dövrdə adsurddur. Və bunun bumeranq effekti amansız ola bilər.

    Nurlana xanım Universitetin bərbad vəziyyətdə olmasını dəfələrlə dilə gətirir. Necə ola bilər ki 10 -larla xarici ölkə prezidentinin, parlament sədrlərinin, baş nazir və nazirlərin, dünyaca məşhur görkəmli ictimai- siyasi və mədəniyyət xadimlərinin həvəslə gəlib (hətta bəziləri bir neçə dəfə universitetdə olublar) tələblərlə görüşdüyü akt zalını universitet rəhbəri ikrahla kolxoz mədəniyyət evinə oxşadır? Onun belə etməsinin səbəblərini anlamaq çətin deyil. Çünki heç bir mənəvi əsası olmayan, heç bir hüquqi və maliyyə sənədlərinə əsaslanmayan tendersiz və kotirovkasız keçirilən söküntünü xanım rektor öz aləmində ancaq bu cür əsaslandıra bilir. Bütün bu hay-küy, qəzəb və nifrət qanunsuz görülən təmir işlərindən diqqətin yayındırılmasından başqa bir şey deyildir.

    Düşünürəm ki, rektorun apardığı yarıtmaz kadr siyasəti Universitetin çöküşünü sürətləndirir. Bu ali məktəbə təkcə Bakı Pedaqoji Kollecindən 60-a yaxın ixtisası uyğun gəlməyən adamlar gətirilib. Korlanmış təhsil mühitindən bu adamların universitetə daşınması nəyə xidmət edir? Universiteti zəbt edənlərin tam əksəriyyətinin elmi dərəcələri yoxdur və ali təhsildən xəbərsizdirlər. Bu isə haqlı narazılıqlara səbəb olur. Slavyan Universiteti spesifik ali məktəb olduğundan, burada şəxsi maraqlardan çox dövlətin maraqları önə çəkilməlidir.

    Bu cür idarəçiliklə hansı təhsil uğurlarına imza atmaq olar, cənablar? Slavyan Universitetindəki təhsil mühiti heç vaxt indiki kimi korlanmayıb. Nimdaş təfəkkürlə, intriqalarla, tabe olduğu qurumla hesablaşmamaqla Universiteti irəli aparmaq mümkün olmayacaq. Çağdaş dövrün tələbləri bütün bunları rədd edir. Təhsil eksperti kimi hərdən özümə sual verirəm. Nədən bu cür hərəkətlərə göz yumulur? Zaman birmənalı olaraq bu universitetin xeyrinə işləmir. Məncə bu gün Azərbaycanın təhsil tarixində özünəməxsus yeri olan bir ali məktəbin bu kökə salınması çox adamı narahat edir. Universitetlərimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Bu gün universitetdən gələn şikayətlər artan xətt üzrə davam edir. Görəsən, bu şikayətlərin qarşısını almağın və mövcud narazılılıqların aradan qaldırılmasının vaxtı nə vaxt çatacaq. Bu, ümumi maraqlara və dövlətçiliyə xidmət etdiyindən heç kim yaxasını kənara çəkməməlidir. Etibar Əliyev


    Facebook-da paylaş