• Məhərrəm Quliyev Ağstafanı sosial problemlər məngənəsində sıxır

    Məhərrəm Quliyev Ağstafanı sosial problemlər məngənəsində sıxır

    Rayonda narazılıqların qarşısını almaq mümkün deyil

    İcra başçısı kimi uğursuz fəaliyyət göstərən Məhərrəm Quliyevin biznesmen kimi qazandığı uğurların səbəbi nədir?

    Ölkədə iqtisadi böhran dərinləşdikcə, əhalinin güzəranı gündən-günə daha da çətinləşdikcə öz şəxsi maraqlarından başqa heç nəyi düşünməyən məmurların fəaliyyəti daha çox narazılıq doğurur. İllərlə əyləşdiyi rahat kreslolarda özlərini toxunulmaz hesab edən, səlahiyyətlərindən istifadə edərək rəhbərlik etdiyi ərazini şəxsi mülkiyyəti kimi idarə edən icra başçılarının əməlləri vətəndaşlar tərəfindən qıcıq doğurur. Bu gün Prezident Admnistrasiyasına daxil olan şikayətlərin sayı daha da çoxalır. Çünki, büdcə vəsaitlərini talamağa öyrənmiş məmurlar xalqın düşdüyü çətin vəziyyəti nəzərə almadan köhnə iş prinsiplərini davam etdirirlər.

    Rubrika.az-a daxil olan məlumatlara görə Ağstafadan PA-na gələn şikayətlərin sayı o qədər artıb ki, artıq icra başçısı Məhərrəm Quliyevin fəaliyyəti ciddi şəkildə araşdırılmağa başlanılıb. Bildirilir ki, başçının fəaliyyəti rayonda narazılıq formalaşdırır. Rayona rəhbərlik etdiyi dövrdə Ağstafada nəinki sosial-iqtisadi problemləri həll etməyən, əksinə daha da dərinləşdirən M.Quliyev ona tapşırılan işləri yerinə yetirməyib. Rubrika.az-a verilən məlumatlara əsasən qismən rayon mərkəzində gözdən pərdə asmaq üçün abadlıq işləri görülsə də digər ərazilərdə vəziyyət çox acınacaqlıdır. Xüsusilə yol problemi bütün rayon üçün aktualdır. Yağışlı, qarlı havalarda kənd yollarında hərəkət iflic olur. Dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir tədbir görülməyib.

    Rubrika.az-a daxil olan informasiyaya görə Məhərrəm Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Ağstafa rayonundakı heyvandarlıq təsərrüfatlarını da az qala özünün şəxsi obyektinə çevirib. Bildirilir ki, icra başçısı rayonda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən təsərrüfatlarının direktorlarını aylıq ödəmə yığımları ilə bezdirib. Xatırladaq ki, Ağstafada Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən M.Mikayılov adına qoyunçuluq təsərrüfatı və Səməd Vurğun qəsəbəsində Yardımçı Təcrübə Təsərrüfatı mövcuddur. İcra başçısı Məhərrəm Quliyev bu iki təsərrüfatı özünə şəxsi obyekti hesab edir və həmin təsərrüfatların gəlirlərini öz gəlirləri kimi idarə edir. Digər tərəfdən də, aldığımız məlumatlara görə hal-hazırda başçının özünün ceyran çölü deyilən ərazidə 14 yatağı vardır ki, burda çoxsaylı heyvan sürüləri bəslənilir.

    Həmçinin rayonda aparılan bütün təmir-tikinti işlərinin də demək olar ki, hamısı icra başçısının himayəsində olan şirkətlər tərəfindən həyata keçirilib. Məhərrəm Quliyev “tender yolu” ilə çoxmilyonluq büdcə ayırmalarını da asanlıqla mənimsəyir.

    Əldə etdiyimiz məlumatlara görə, başçıya ən yaxın şirkətlərin arasında “Turan- İnşaat” MMC xüsusi olaraq diqqəti cəlb edir. “Turan İnşaat” MMC 2015-ci ildə bir neçə tenderin qalibi olub. Həmçinin rayonda başçının maliyyə əməliyyatlarını həyata keçirdiyi digər şirkət «Tamerlan-R» MMC-dir.

    Daha sonra aldığımız məlumatlarda Məhərrəm Quliyevin rayondakı obyektləri barədə açıqlama verilir. Bildirilir ki, hazırda Ağstafada fəaliyyət göstərən 3 bank filialının (“Kapitalbank”, “Turanbank” və “Accsesbank”) icarə əsasında yerləşdikləri binalar da məhz başçıya məxsusdur. Həmçinin məlumata görə, Məhərrəm Quliyev Ağstafa mərkəzi rayon bazarının müdiri, Elmar adlı şəxsin elə bazarla üzbəüzdə tikdirdiyi “Səbət Market”ə də şərikdir.

    Rubrika.az-a daxil olan məlumatlara görə Məhərrəm Quliyevin fəaliyyətinin araşdırılması nəticəsində daha ciddi faktlar aşkar olunub. Artıq vəziyyətinin gərgin olduğunu görən M. Quliyev bütün mümkün variantlardan istifadə edərək özünü xilas etməyə çalışır. Ancaq deyəsən bu dəfə heç bir vasitə onu xilas edə bilməyəcək.

    Nicat Mahmudov


    Facebook-da paylaş