• Deputat Rəhimzadə İlham Əliyevin yeni iqtisadi siyasətinə QARŞI

    Deputat Rəhimzadə İlham Əliyevin yeni iqtisadi siyasətinə QARŞI

    Parlamentdə 2017-ci il üçün dövlət büdcəsi layihəsinə qarşı bu gün də davam edən müzakirələr zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri, keçmiş vitse-spiker Arif Rəhimzadə rayonlara dotasiyaların azaldılmasını tənqid edib.

    Deputat Rəhimzadə maliyyə naziri Samir Şərifovu qınayaraq deyib ki, bu təklif onda xəcalət hissləri yaradıb. Sitat: “Samir Şərifovun yerli icra hakimiyyəti orqanlarına dotasiyanın kəsilməsi və öz hesabına büdcəsini formlaşdırlması barədə təklifini eşidəndə xəcalət çəkdim”.

    Arif Rəhimzadə daha sonra sual edib: “Niyə görə belə olub? Belə bir qərar verməzdən öncə müəyyənləşdiriləydi ki, rayonlar bu büdcəni hansı mənbələr hesabına formalaşdıracaq?! Yoxsa, avtomatik götürüb bunu 33 rayona tətbiq etmək düz deyil. Get, özünü maliyyələşdir, bu nə deməkdir(virtualaz)Qeyd etmək lazımdır ki, büdcə müzakirələri zamanı deputatlardan bir çoxu maliyyə nazirini bu və ya digər sahəyə xərclərin azaldılmasına görə tənqid etməyə çalışıb. Lakin indiki halda depuat Arif Rəhimzadə görünür nəzərə almayıb ki, rayonlara dotasiyaların azaldılması təklifinin müəllifi maliyyə naziri deyil. Dotasiyaları Samir Şərifov azaltmır və bu əslində prezident İlham Əliyevin ilin əvvəlində elan etdiyi yeni iqtisadi siyasət konsepsiyasında yer alırdı

    Hansı ki, prezident yanvarın 10-da ölkədəki iqtisadi-sosial vəziyyətə həsr olunmuş müşavirədə postneft dövrünün iqtisadi siyasətinin başlıca prinsiplərini elan edərək bildirmişdi ki, iqtisadiyyatı neft asılılığından azad eməyin yolu sistemli islahatlardan, o cümlədən struktur islahatlarından keçir. Prezident həmin çıxışında vergi və gömrük sistemində şəffaflığın artırılması, ixrac yönümlü qeyri-neft məhsullarının istehsalının genişləndirilməsi, bir çox iqtisadi fəaliyyət sahələrində liberallaşma və digər vəzifələr haqda danışıb. Eyni zamanda regionların iqtisadi potensialının gücləndirilməsinin vacibliyini qeyd edib.

    Prezidentin çıxışından sitat: “Hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər?”.

    Lakin bu məsələ nəyə görəsə deputat Rəhimzadəyə indi, gələn ilin prezidentin müəyyən etdiyi yeni iqtisadi siyasətin prinsiplərinə, o cümlədən xərclərə sərt qənaət rejiminə əsaslanan büdcə layihəsinin təqdimatı zamanı çatıb. Və keçmiş vitse-spiker rayonlara dotasiyaların azaldılmasını “xəcalətli məsələ” adlandırır.(virtualaz)Hansı ki, prezident bu məsələyə təkcə yanvar çıxışlarında deyil, ondan sonrakı nitqlərində və regionlara səfərlərində də dəfələrlə toxunub. İcra hakimiyyəti başçılarını xəbərdar edib ki, onların fəaliyyətinə sahibkarlığın inkişafına yaratdıqları şərait, investorların cəlb edilməsi və yerli potensial hesabına əldə olunan inkişaf göstəricilərinə görə qiymət veriləcək.

    Bu nə deməkdir? O deməkdir ki, rayon icra başçılarının əsas vəzifəsi bundan sonra büdcədən ayrılan pulları “abadlıq işləri” adı altında öz adamlarının adına açılmış birgünlük MMC-lərin hesablarına axıdıb mənisəməkdən, əvəzində kiçik və orta sahibkarlığı müxtəlif bürokratik əngəllərlə və digər üsullarla boğmaqdan ibarət ola bilməz. Hazır pullar dövrü arxada qalıb və indi pulu qazanmaq lazım gəlir. Bu, asan olmayacaq, ancaq yerli icra hakimiyyətlərinin əsas işi büdcənin pullarını xərcləməkdən ibarət idisə və indiyə qədər ayrılan dotasiyalara baxmayaraq rayonların əksəriyyətinin sosial-iqtisadi inkişaf göstəriciləri bərbad durumdadırsa, onları nəhayət işləməyə məcbur etməyin vaxtı çatmayıbmı?

    Deputat Rəhimzadə isə deyir ki, eşidəndə xəcalət çəkib...

    rubrika.az


    Facebook-da paylaş