• Məhəbbət Vəliyeva Bakı məktəblərində “Pullu təhsil” sistemi formalaşdırır

    Məhəbbət Vəliyeva Bakı məktəblərində “Pullu təhsil” sistemi formalaşdırır

    Aparılan yoxlamalardan sonra məktəblər bir neçə ay özlərinə gəlmir

    Bakı məktəblərini çətin duruma salan, təhsilin belini qıran bu yarıtmaz rəhbərlik Mikayıl Cabbarovun hələ də diqqətini cəlb etməyibmi ?

    Azərbaycan təhsilində hökm sürən acınacaqlı durum hər zaman cəmiyyətin əsas müzakirə mövzusu olaraq qalır. Dövlət tərəfindən bu sahəyə milyardlarla manat vəsait sərf olunsa da problem hələ də həll olunmamış qalmaqdadır. Nə qədər yeni məktəb binaları tikilsə də, yaxşı şərait yaradılsa da şagirdlər məktəbdən bir o qədər uzaqlaşdılar. Repititorluq sistemi Azərbaycan təhsilini çökdürdü. Sirr deyil ki, bu gün məktəblərin yuxarı sinifləri formal xarakter daşıyır, şagirdlər attestat almaq xatirinə min bir yolla adlarını jurnalda saxlayır, özləri isə hazırlıq kurslarına gedirlər.

    Rubrika.az-a daxil olan məlumatlara görə Bakı şəhər məktəblərində bu sahədə vəziyyət xüsusilə dözülməzdir. Şagirdlərin dərsə davamiyyəti çox zəifdir. Məktəb direktorları şagirdlərin valideynləri ilə müəyyən məbləğdə pul qarşılığında anlaşaraq onların dərslərdən yayınmasına şərait yaradırlar. Saytımıza verilən məlumatlara görə bu hallar xüsusilə Məhəbbət Vəliyevanın Bakı şəhər Baş Təhsil İdarəsinə rəhbər təyinatından sonra kütləvi hal alıb. Məktəb direktorları dərsdən yayınan hər bir şagirdə görə “haqq” ödəyərək özlərini sığortalayırlar. Ümumiyyətlə Bakı şəhər Baş Təhsil İdarəsinin “xeyir-duası” ilə məktəblərdə baş verən qanunsuzluqları saymaqla bitirmək olmaz. Şagirdlərin məktəbə qəbulundan tutmuş təhsili başa vurmasına qədər hər addımda pulun əsas rol oynaması valideynlərin ciddi narazılığına səbəb olur. Belə ki, uşaqlarını məktəbə gətirən valideynlər süründürməçiliyə məruz qalır, tanınmış müəllimlərin siniflərini seçdikdə isə “xüsusi xərcə” düşürlər.

    Rubrika.az-a verilən məlumata görə dərs ilinin əvvəllində məktəbəqədər hazırlıq kurslarına qəbul zamanı süründürməçilik, rüşvətxorluq pik həddə çatıb. Həmin kurslarda dərs deyən müəllimlərdən əlavə pul tələb olunub. Uşaqlarını bu kurslara yazdıran valideynlər də xərcə düşməli olublar. Valideynlər bildirir ki, pilsuz məktəbəqədər hazırlıq kurslarının açılmasını eşidəndə çox sevindik. Ancaq sevincimizin ömrü məktəbin kandarına qədər oldu. Başa düşdük ki, pulsuz söhbəti boş şeydir. Direktorlara şikayət etdikdə isə bildirdilər ki, bu onlardan asılı olan iş deyil, onlar da pulu Baş Təhsil İdarəsinə verirlər.

    Rubrika.az-a daxil olan məlumata görə tez-tez məktəblərdə yoxlamalar təşkil olunur. Əgər bu yoxlamalar təhsilin inkişafına xidmət etsəydi, kimsə narazılıq etməzdi. Amma, hər dəfə bu yoxlamalar direktorlara və müəllim kollektivinə “baha” başa gəlir. Məhəbbət Vəliyevanın belə “yoxlamalarından” sonra həmin məktəblər bir neçə ay özlərinə gələ bilmirlər.

    Həmçinin məktəblərə dövlət tərəfindən ayrılan vəsaitlərin də məbləğini direktorlar ancaq sənədlərə qol çəkəndə görürlər. Çünki, bütün məbləğ Təhsil İdarəsinin rəhbərliyi tərəfindən mənimsənilir. Baş verənlərə etiraz etmək isə intihara bərabər addım hesab olunur.

    Dekabrın 28-də Məhəbbət Vəliyevanın Bakı şəhər baş Təhsil İdarəsinin rəhbəri təyin olunmasının 1 ili tamam olur. Bir il müddətində Bakı şəhər təhsilində hansısa müsbət meyllərin formalaşdığını çox axtarsaq da elə bir uğurlu nəticə ilə qarşılaşmadıq. Ancaq, bu müddət ərzində korrupsiya, rüşvət mexanizmi daha da inkişaf etdirilib, sanki “pullu təhsil” sistemi yaradılıb. Görəsən, Məhəbbət Vəliyeva ona göstərilən yüksək etimada bu yollamı cavab verir? Ümumiyyətlə Təhsil naziri Mikayıl Cabbarov bu biabırçılıqlara niyə göz yumur. Məgər 1 il ərzində Bakı məktəblərini çətin duruma salan, təhsilin belini qıran bu yarıtmaz rəhbərlik nazirin hələ də diqqətini cəlb etməyibmi?

    Mövzunu diqqətdə saxlayacağıq, araşdırmalarımız davam etdirilir.

    Nicat Mahmudov


    Facebook-da paylaş