• Vidadi Zeynalov ittiham üzrə özünü təqsirli bilmədi

    Vidadi Zeynalov ittiham üzrə özünü təqsirli bilmədi

    Vergilər Nazirliyi 225 min manatlıq mülki iddia qaldırdı

    Rubrika.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Prosesə sədrlik edən hakim Hakim Əfqan Hacıyev bildirib ki, Vergilər Nazirliyi 255 min manatlıq mülki iddia qaldırıb, ona görə də nazirliyin nümayəndəsi mülki iddiaçı kimi məhkəmə prosesində iştirak edir.
    Vəkil Vidadi Məmmədov müdafiə etdiyi Sərhab Bağırovun barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət versə də, məhkəmə təmin etməyib.
    Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov vəsatət verərək deyib ki, Vidadi Zeynalov məhkəmədə təqsirləndirilən şəxslərin hamısı ifadə verəndən sonra dindirilməsini istəyib. Hakim bildirib ki, həmin mərhələyə çatanda bunu müzakirə edəcəklər.
    Daha sonra prosesdə məhkəmə istintaqının başlandığı elan edilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
    İttihama aktına münasibət bildirən Vidadi Zeynalov özünü təqsirli bilmədiyini deyib.
    Prosesdə fasilə elan edilib.
    Fasilədən sonra ona qarşı verilən ittihama münasibət bildirən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov özünü qismən təqsirli bildiyini deyib.
    İB-nin baş mühasibi olmuş Anar Mustafayev də özünü qismən təqsirli bildiyini söyləyib.
    “Təmir Təchizat Servis” və " Bakı Rabitə Təmir Tikinti" MMC-lərin direktoru Bayram Vəliyev də elan olunan ittihamla özünü qismən təqsirli bildiyini deyib.
    Hakim bildirib ki, Vergilər Nazirliyi tərəfindən 255 minlik mülki iddia Bayram Vəliyevə qarşı qaldırılıb. O, təqsirləndirilən şəxsdən iddia ilə bağlı münasibət bildirməsini istəyib: "Vergilər Nazirliyi sizə qarşı 255 min manatlıq mülki iddia qaldırıb. Nazirliyin mülki iddiasını qəbul edirsiz?"
    B.Vəliyev iddianı qəbul etdiyini bildirib: "Bilirəm, müəyyən ödənişlər edilib".
    “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov da digərləri kimi özünü qismən təqsirli hesab edib.
    "Aztelekom" MMC-in baş direkoru Məhəmməd Məmmədov isə ona qarşı verilən ittihamları qəbul etmədiyini və təqsirli bilmədiyini deyib.
    "Aztelekom" MMC-in baş mühasib vəzifəsində çalışmış Oqtay Rüstəmov rəisi kimi özünü tam təqsirsiz hesab edib.
    "Optik Qurğular" idarəsinin sabiq rəisi Naməzəli Məmmədov da eyni qaydada ona qarşı verilən ittiham üzrə özünü təqsirli bilməyib.
    Prosesdə noyabrın 28-ə qədər fasilə elan edlib.
    Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
    Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da həbs edilib.
    Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham olunurlar.
    Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şəri cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
    Rəşad VAQİFOĞLU


    Facebook-da paylaş