• Yeni İl Yeni İl qabağı Bakıda od tutub "yanan" qiymətlər

    Yeni İl Yeni İl qabağı Bakıda od tutub "yanan" qiymətlər

    Özü də, həyat yoldaşı da müəllim işləyən 40 yaşlı Nəsibə Talıblı 5 nəfərlik ailəsinə Yeni ilin həm tez gəlməsini, həm də bir az yubanmasını arzulayır.

    Rubrika.az Azadlıq.info-ya istinadən bildirir ki,tez gəlişini ona görə çox istəyir ki, uşaqlıqdan bu bayram ona sevincli günlərini xatırladır. Yubanmasınısa bayrama hazırlıqlarını başa çatdırmadığına görə arzulayır:

    Oyuncaqları yeniləmək

    “Əslində, bayramı elə təmtəraqlı keçirmirik. Sobaya iki toyuq qoyacağam, plov bişirəcəyəm, bir az şirniyyat, göy-göyərti, meyvə alacağam. “Paytaxt salatı” mütləq olmalıdır. Çünki bu salatı uşaqlıqdan Yeni il süfrəsində görmüşəm. Pulumuz çatsa, kiçik bir tort alacağam. Hələ partlatmağa şampan da olmalıdır” .

    Yeni İl qabağı Bakıda qiymətlər. 12dek.2016

    Nəsibə deyir, 10, 8 və 6 yaşlı üç uşağına Şaxta Babanın ənənəvi Yeni İl hədiyyəsindən – şirniyyat qutusundan da alacaq. Uşaqlığından qalmış, özü demiş, budaqlarının çoxu əyilmiş, itmiş Yeni il yolkasını da, çoxu sınmış oyuncaqları da yeniləmək istəyir: “Uşaqlara söz vermişəm ki, bu il mütləq dəyişəcəyik, ən çox da bunu balaca istəyir”.

    Nəsibənin və həyat yoldaşının müəllim maaşı ailəyə əlavə xərc sayılan bu hazırlıqlara çatmır. İngilis dili müəlliməsi işləyən Nəsibə deyir ki, bütün bunları neçə aydır götürdüyü əlavə işlərin – tərcümələrin gəliri ilə başa gətirəcək.

    225 manat

    Üç uşaqlı, 5 nəfərlik ailənin planlaşdırdığı Yeni İl süfrəsinin neçəyə başa gəldiyini hazırkı qiymətlərdən öyrənmək çətin deyil. Toyuğun kiloqramı ortalama 3 -4 manatdır. Çəkisi bir kiloqram yarım olan iki toyuq 10 manat edəcək. Düyünün kiloqramı 3 manat, ətinki 10-12 manat arasındadır. Kərə yağı da 9 manatdan 12 manata qədərdir. 10 manatlıq şirniyyat, kilosu 1-2 manata alma, 2 manata naringi, dəstəsi 20 qəpikdən 1 manatlıq göyərti, 20 manata kiçik bayram tortu və 6-20 manatlıq şampan, 10-15 manata hazırlanacaq “paytaxt salatı” 5 nəfərlik ailənin bayram süfrəsini başa gətirəcək. Süfrəyə təxminən 100 manat gərəkdir.



    Yeni İl qabağı Bakıda alkoqollu içkilərin qiymətləri. 12dek.2016

    Nəsibənin uşaqlarına alacağı Yeni il yolkası, oyuncaqlar və Şaxta Babanın ənənəvi konfet qutusuna gələk.

    İndi mağazalarda keyfiyyətindən və istehsal ölkəsindən asılı olaraq 20 manatdan 1500 manata qədər yolkalar, ədədi 1 manatdan 50 manatadək oyuncaqlar, başqa bəzəklər var. Nəsibə 50 manatlıq yolka, yolka üçün 30 manatlıq oyuncaq və bəzəklər alacaq. Şaxta Babanın ənənəvi konfet qutusu ölçüsünə görə 3-15 manatdır. Nəsibə hər uşağa qiyməti təxminən 5 manata bu cür hədiyyə alacaq. Bütün bunlara 95 manat xərcləyəcək. Əgər uşaqları bayram tətilində Yeni il şənliyinə, ya da hansısa tamaşaya aparmaq istəsə, azı, 30 manatından keçməlidir. Deməli, bu bayram Talıblılar ailəsinə 225 manata başa gələcək.

    “Bahalığı hökumət yaradıb”

    Bazarlarda, mağazalardakı satıcılar bu ilki alverlərinin kasadlığından gileylənirlər. Qubalı satıcı Əbülfəz deyir ki, alıcılar onları bahaçılıqda günahlandırır.

    “Bahalığı isə biz yox, hökumət yaradıb. Özüm də sabah süfrəmə nəsə qoya bilmək üçün bu gün baha satıram”. 8-cı kilometr bazarında meyvə-tərəvəz bol olsa da, alan çox deyil.



    Yeni İl bəzəyi (2017). 12dec2016.

    Yeni il bəzəkləri satan Müşfiq deyir ki, indidən bu ilki Yeni il alış-verişinin zəifliyini deyə bilər.

    “Çünki keçən il bundan yaxşı idi. Onda hər on adamdan altısı, yeddisi nəsə alırdı, indi elə deyil. Dollar, qiymətlər qalxdıqca alıcılar azalır”.

    Azərbaycan qiymətlərin durmadan artma mərhələsinə yaxınlaşır

    İqtisadçı ekspert, “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimlidüşünür ki, qiymətlər hələ də artdığından bayram bazarlığının daha baha başa gələcəyi gözlənilir:

    “Çünki qiymətlər günbəgün qalxır. İlin axırına 19 gün var. Bu 19 gündə qiymətlərin necə olacağını söyləmək mümkün deyil. Çünki ölkə dayanmadan qiymətlərin durmadan artma mərhələsinə yaxınlaşır. İndidən demək olar ki, ən azı, 70-80 manata başa gələcək. Ancaq bir az normal süfrədən söhbət getsə, hədiyyələr- filan da olsa, 200 manat lazım olacaq”.

    Bakı Yeni ilə görə bəzənib, bir neçə yerdə bayram yolkaları da qoyulub. AzadlıqRadiosu-nun fikrini soruşduğu şəhər sakinlərinin çoxu uşaqlıqlarının sevimli bayramının əhvalında ola bilmədiklərini deyirlər:

    – Bəlkə zaman dəyişir, ya da biz dəyişirik, nəsə bayram əhvalı yoxdur.
    – Bayram əhvalından ötrü xoşbəxtlik gərəkdir.
    –Yəqin bahalıqdır, ona görə. Ancaq az da olsa, hazırlayıb süfrəmizi açacağıq.
    – Çox yaxşı bayramdır. Bayram odur ki, yaxınlarını təbrik edə biləsən. Mən hamını təbrik edəcəyəm.

    … Nəsibəsə səbirsizliklə yeni tərcümələrinin gəlirini gözləyir. Həyəcanlıdır, bayrama az qalıb axı.

    Rubrika.az


    Facebook-da paylaş