• “Qaçqınkom” sədri Əli Həsənov rəhbərlik etdiyi qurumdakı maxinasiyaları boynuna aldı

    “Qaçqınkom” sədri Əli Həsənov rəhbərlik etdiyi qurumdakı maxinasiyaları boynuna aldı

    Əli Həsənov rəhbərlik etdiyi qurumdakı neqativləri boynuna aldı və məcburi köçkünlərin kommunal xidmət haqlarını fərdi qaydada ödəməsi təklifini qəbul etdi

    Rubrika.az Musavat.com-a istinadən bildirir ki, bir müddətdir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində baş verən neqativlərlə bağlı mediada və parlamentdə müzakirələr gedir.

    Deputatlar Çingiz Qənizadə və Hikmət Babaoğlu da bu məsələ ilə bağlı rezonans doğuran açıqlamalar vermişdilər. Deputat Çingiz Qənizadə məcburi köçkünlərin işıq, qaz, su ödənişlərinin mərkəzləşmiş qaydada edilməsinin korrupsiyaya yol açdığını bildirmişdi. O, konkret faktlarla çıxış edərək bildirmişdi ki, 2012-2015-ci illər ərzində 100 minlərlə manat dövlət vəsaiti məcburi köçkünlərin kommunal xidmətlərinin ödənməsi adı altında yoxa çıxarılıb, bu faktlar Hesablama Palatasının hesabatlarında da əksini tapıb.

    Nəzərə çatdıraq ki, məcburi köçkünlərin işıq, qaz və sudan istifadəsində güzəştlər, yəni müəyyən limit var. Həmin ödənişləri isə xidmət təşkilatlarına dövlət büdcəsindən ayırmalar hesabına mərkəzləşmiş qaydada “Qaçqınkom” həyata keçirir. Araşdırmalar zamanı isə bəlli olub ki, təkcə 2014-cü ildə “Qaçqınkom”da bu məsələdə 250 min manat civarında yeyinti mövcuddur.

    Deputatlar təklif etmişdilər ki, bu neqativləri aradan qaldırmaq üçün kommunal xidmətlərə görə güzəştlər, daha doğrusu, limitli istifadəyə görə ödənişləri birbaşa məcburi köçkünlər fərdi qaydada həyata keçirsinlər.

    Müzakirələrdə, ümumiyyətlə, “Qaçqınkom”un özünün ləğvi də məqsədəuyğun variantlardan biri kimi səslənib.

    Qurumun rəhbəri, baş nazirin müavini Əli Həsənov isə əvvəlcə bu deyilənlərə aqressiv reaksiya vermişdi.

    Lakin görünən budur ki, dövlət səviyyəsində bu məsələ ciddi araşdırılıb və heç şübhəsiz ki, Əli Həsənovdan hesabat tələb edilib. Onun rəhbərlik etdiyi qurumun dekabrın 14-də yaydığı açıqlamadan bu qənaətə gəlmək mümkündür.

    Komitə məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmət xərclərinin yemək xərci müavinəti kimi plastik kartla onların özlərinə verilməsi təklifinə münasibət bildirib.

    Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir: “... Məcburi köçkünlər müxtəlif vaxtlarda komitəyə ünvanladıqları çoxsaylı müraciətlərdə, onlarla keçirilən səyyar görüşlərdə və komitədə qəbul zamanı istifadə etdikləri kommunal xidmətlərin dəyərinin mərkəzləşmiş qaydada xidmət təşkilatlarına yox, vahid plastik kart vasitəsilə onların özlərinə verilməsini bildiriblər. Bu gün ölkə ərazisində öz yaşayış ünvanlarını dəyişərkən faktiki istehlaka görə kommunal xidmət xərclərinin ödənilməsi üçün həyata keçirilən müəyyən prosedur qaydaları artıq əlavə problemlərin yaradılmasına gətirib çıxarırdı. Məcburi köçkünlərin həmin müraciətləri nəzərə alınaraq onların istifadə etdiyi kommunal xidmətlərin dəyərinin plastik kart vasitəsilə onların özlərinə verilməsi məsələsi xeyli vaxtdır ki, müvafiq dövlət qurumları ilə müzakirə olunur. Məcburi köçkünlərin təşəbbüsü ilə qaldırılan və hazırda müzakirə olunan bu məsələ onların özlərinin xeyrinə olan ən səmərəli bir variantdır.

    Burada əsas məqsəd məcburi köçkünlərin müstəqil həyat tərzinə uyğunlaşdırılması, torpaqlar işğaldan azad olunandan sonra onların qayıdıb öz torpaqlarında adaptasiya olunmalarına hazırlıq, məcburi köçkünlərin özlərində müəyyən iş vərdişlərinin, əlavə dolanışıq imkanlarının yaranması, dövlət büdcəsinin vəsaitinin qənaətlə istifadə olunması və israfçılığın qarşısının alınmasından ibarətdir".

    Bu, faktiki olaraq Əli Həsənovun maxinasiya ittihamları ilə razılaşması və bunun aradan qaldırılması üçün verilən haqlı təklifləri qəbul etməsi kimi başa düşülür. Amma cənab Həsənovun buna razılıq bildirməsi də təsadüfi deyil. Görünür, Əli Həsənov ötən illər ərzində mənimsənilən pulların geri tələb edilməsi məsələsini önləmək üçün özünü bu məsələdə tərəfdar kimi göstərir. Yəni o hesab edir ki, bu məsələ tezliklə fərdiləşsin və mərkəzləşmiş qaydada həyata keçirdiyi yeyintilər unudulsun...

    Rubrika.az


    Facebook-da paylaş