• “Bakı Moskva ilə yeni silah anlaşması imzalamayacaq, əgər...”

    “Bakı Moskva ilə yeni silah anlaşması imzalamayacaq, əgər...”

    İsrail baş nazirinin Bakı səfəri həm də Kremlin İrəvanı silahlandırması və vahid ordu məsələsinə cavab kontekstində qiymətləndirilir; rusiyalı tarixçi-analitik: “Bakı Moskva ilə yeni silah anlaşması imzalamayacaq, əgər...”

    Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, İsrail baş naziri Benyamin Netanyahunun Bakı səfəri yəqin ki, hələ bir müddət də siyasi təhlilçilərin diqqətində olacaq. Əsas səbəblərdən biri də Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın İsraillə mövcud olan sıx hərbi-texniki əməkdaşlığı və həmin əməkdaşlığın Moskva və İrəvanda yaratdığı narahatlıqdır.

    Ermənistan timsalında təlaşın motivi aydındır - təcavüzkar ölkə Azərbaycanın İsrail hesabına daha da güclənməsini həzm edə bilmir - üstəlik, buna əyani şəkildə 4 günlük aprel müharibəsi zamanı əmin olub. Rusiya isə silah bazarında varlı-imkanlı Azərbaycanı İsrailin xeyrinə itirmək istəmir - bu, bir.

    İkincisi isə, Kremlin Qarabağla bağlı siyasəti belədir ki, münaqişə tərəfləri arasında hərbi balans yaratmaqla konfliktin hərbi fazaya keçməsinə imkan verməsin, yerdə qalan zamanda isə problemlə manipulyasiya eləməklə Azərbaycan və Ermənistanı istədiyi müddətdə öz təsir dairəsində saxlasın. Azərbaycanla İsrailin hərbi və hərbi-texniki sahədə yüksək səviyyədə olan əməkdaşlığı isə sözsüz ki, Moskvanın bu strateji planını pozur. Nədən ki, bu zaman hərbi balansı Azərbaycanın xeyrinə dəyişir.

    ***
    Bəs Netanyahunun son Bakı səfəri bu kontekstdə regiondakı duruma, özəlliklə də Dağlıq Qarabağ ixtilafına nə vəd edir, yekun nəticələr və gözləntilər nə ola bilər?

    Musavat.com-un məlumatına görə, rusiyalı tarixçi-alim və analitik Oleq Kuznetsovun bu xüsusda rusdilli vesti.az saytına şərhi diqqətçəkicidir. Ekspert öncə Azərbaycan prezidenti İlham Əliyevin birgə mətbuat konfransı zamanı İsraildən 5 milyard dollarlıq silah alınması barədə söylədiyi fikirləri şərh edib.

    Onun əminliyinə görə, belə bir açıqlama ilk növbədə İrəvana və Moskvaya ünvanlanıb: “Əlbəttə ki, bu, ən əvvəl Ermənistana ünvanlıdır. Yəni qoy İrəvan bilsin, daha doğrusu, dərk eləsin ki, Qarabağda hərbi eskalasiya olsa, onu nə gözləyir. Erməni hərbçiləri isə bu ilin aprelində, necə deyərlər, öz dərilərində Azərbaycan ordusunun sərəncamındakı tank əleyhinə sistemlərin və pilotsuz kamikadzelərin effektini hiss ediblər - hansıların mövcudluğu ki, ermənilər üçün tam gözlənilməz olub. Bu fonda Azərbaycan prezidentinin bəyanatını təxminən belə qiymətləndirmək olar: bizdə belə silahlar çoxdur”.

    Ekspertin fikrincə, bəyanatdakı daha bir ünvan təbii ki, Kremldir: “Bununla Bakı Moskvaya açıq şəkildə bildirib: bizim sizinlə 6 milyard dollarlıq silah kontraktımız var, İsraillə isə - 5 milyard dollarlıq. Bu, o deməkdir ki, biz döyüş texnikasının alınmasının alternativ mənbəyinə malikik. Buradan da iki nəticə çıxır:

    1. Azərbaycan yalnız ən yüksək keyfiyyətli qabaqcıl hərbi texnikada maraqlıdır.

    2. Əgər Moskva Dağlıq Qarabağla bağlı mövqeyini dəyişməsə, o zaman Bakı tərəfindən yeni kontraktlar daha olmaya bilər - üstəlik, döyüş texnikasının alternativ tədarük qaynaqları varsa. Yuxarıda deyilənləri rezüme şəklində ifadə eləsək, bunu qeyd edə bilərik: Azərbaycan hətta silahlar alınmasında da özünün çoxvektorlu siyasətinə sadiqdir - hansı siyasət ki, həqiqətən onun müstəqilliyindən xəbər verir”.

    Tarixçi-analitik bu xüsusda İsraillə Azərbaycan arasında müdafiə sahəsində yeni anlaşmaların olmasını mümkün sayır: “Fikrimcə, yeni kontraktlar mümkündür. İsrail Azərbaycan ordusunu keyfiyyətli və döyüş texnikası ilə təmin eləməklə özünü vicdanlı tərəfdaş kimi sübut edib. Odur ki, onu kiminləsə əvəzləməyin mənası yoxdur - üstəgəl, gündəlikdə Rusiyanın Ermənistana ”İsgəndər" raket komplekslərinin verilməsinə cavab olaraq, İsraildən “Dəmir günbəz” raketdən və havadan müdafiə sisteminin alınması durursa. Bu mənada Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlığın davam etdirilməsi üçün bütün obyektiv zəminlər mövcuddur və ola bilsin, biz tezliklə yeni kontraktlar haqda məlumat alacağıq".

    ***
    Azərbaycan-İsrail hərbi əməkdaşlığının davamını zəruri edən daha bir motiv əlbəttə ki, Rusiya ilə Ermənistan arasında ortaq hərbi qruplaşma yardılması ilə bağlı imzalanan müqavilədir. Moskva rəsmiləri nə qədər bəyan eləsələr də ki, bu, Azərbaycan əleyhinə yönəlməyib, bir çox hərbi və siyasi ekspertlər fərqli düşünürlər. Məsələn, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynliyə görə, rus-erməni vahid ordu birləşmələri haqqında razılaşma dünyada analoqu olmayan çox təhlükəli bir müqavilədir və Rusiyanın ekspansionist siyasətinin təzahürü kimi dəyərləndirə bilər (axar.az).

    Politoloq Rusiyanın Ermənistanla 25 illiyə imzaladığı hərbi sazişin bir növ daha genişləndirilmiş variantı olan vahid ordu birləşmələri haqda razılaşması ilə Ermənistanın suverenliyinin heçə endirildiyini də deyib: “Vahid ordu birləşmələri haqqında razılaşmanın bəzi şərtləri sadəcə, siyasi gedişlərdir. Sənəddə gizli saxlanılan məqamlar var və guya yalnız Ermənistan ərazisində olan rus qoşunları erməni ordusu ilə birləşdirilir. Ancaq Ermənistanın baş naziri Karen Karapetyan mərasimdən sonra Rusiyanın Rostovda yerləşən Cənubi Qafqaz Ordusunun Baş Qərargahına baxış keçirdi. Bu, o anlama gəlir ki, Ermənistan qoşunları Rusiyanın Cənubi Qafqaz Ordusunun hissələri ilə də əlaqələndirilir. Üstəlik, müqavilənin şərtlərinin İsrailin baş nazirinin Azərbaycana səfəri zamanı açıqlanması xüsusilə erməni ictimai fikrinə hesablanıb və İrəvana bir mesajdır. Bütün müddəaları açıqlanmasa da, əslində, sözügedən sənəd dünyada analoqu olmayan çox təhlükəli bir müqavilədir və Rusiyanın ekspansionist siyasətinin təzahürü kimi dəyərləndirə bilər”.

    Politoloq hesab edir ki, vahid ordu birləşmələri razılaşması bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün təhlükəli nəticələrə yol aça bilər: “Müqavilə təkcə Azərbaycan və Gürcüstana deyil, Türkiyəyə qarşı da çevrilib. Çünki Rusiya bu kiçik anklavda böyük ordu hissələri, xüsusi modern silahlar toplamaqla Yaxın Şərqdən tutmuş, ta Şimali Qafqaza qədər, böyük bir ərazisini psixoloji təhdid altında saxlamaq imkanları əldə edir. Zənnimcə, belə bir alyansın yaradılması beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalı və siyasi qiymət verilməlidir”.

    Yada salaq ki, Rusiyanın Ermənistanla imzaladığı vahid ordu birləşmələri haqqında anlaşmanın şərtlərinə əsasən, qruplaşmanın tərkibinə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası və Ermənistanın İrəvan yaxınlığında yerləşən 5-ci ordu korpusu daxil ediləcək. Dinc dövrdə qruplaşma Ermənistan ordusunun Baş Qərargahına, müharibə zamanı isə Rusiya ordusunun Baş Qərargahı və Cənub Hərbi Dairəsinə tabe olacaq. Qruplaşma həmçinin Ermənistan və Rusiya prezidentlərinin də əmrlərini yerinə yetirəcək. Vahid ordu birləşməsinin tətbiqi haqqında proqramı Rusiyanın 102-ci bazası və vahid ordu birləşməsi haqqında komandanlıq tətbiq edəcək. Yəni İrəvan birbaşa özünün 5-ci korpusunun bütün fəaliyyətini Moskvaya güzəştə getmiş olacaq.

    Rubrika.az


    Facebook-da paylaş