• Neft hasilatının azalması Azərbaycana necə təsir edəcək...

     Neft hasilatının azalması Azərbaycana necə təsir edəcək...

    Ekspertlər bildirirlər ki, Azərbaycan hökuməti həcmi azaltsa da, maksimal dərəcədə satış həyata keçirməyə çalışacaq

    Rubrika.az Musavat.com-a istinadən bildirir ki, OPEK ölkələrinin bir neçə gün əvvəl hasilatı azaltmaq barədə qərarı Azərbaycana da təsir göstərəcək. Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik neft hasilatını 35 min barel azaltmağa razı olub. Bu da hazırkı hasilatının 5,5 faizi deməkdir. Ekspertlər bu bəyanatı fərqli prizmadan dəyərləndiriblər.

    Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində bu, pair addımdan başqa bir şey deyil: “Bu anlaşma olmasaydı belə, Azərbaycanda sutkalıq neft hasilatı təbii yolla, yəni quyularda olan vəziyyətlə əlaqədar gələn il təxminən 30 min barel azalacaqdı. Yəni onsuz da Azərbaycanda hasilatın azalması tendensiyası olur. Bu il təxminən 20 min barel azaldı, gələn il təxminən 30 min barel azalma olacaq. Hasilatın azalması ilə satışın azalması eyni şey deyil. Bunu çox zaman qarışdırırlar. Hasilatın azalması o demək deyil ki, hansısa ölkə, o cümlədən Azərbaycan daha az neft satacaq. Çalışacaq ki, daxili resurslar hesabına daha çox neft satsın. Yəni hasilatın təbii azalmasını belə yolla kompensasiya etmək istəyəcəklər. Ona görə düşünmürəm ki, öhdəlik digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yerinə yetiriləcək. Çünki may ayına qədər götürülmüş öhdəlikdir və bunun yerinə yetirilməsinə nəzarət mexanizmləri yoxdur. İkinci də, təbii yolla azalma baş versə belə, Azərbaycan hökuməti çalışacaq ki, maksimal dərəcədə satış həyata keçirsin. Bunun üçün də daxili istehlakın azalması fonunda bu, baş verəcək. Hətta rəsmi rəqəmlər də bu yöndə müəyyən işlərin getdiyini göstərir. Benzin istehsalı ölkədə bu ilin 11 ayında 7 faiz azalıb. Deməli, 7 faiz benzin istehsalı azalıbsa, xam neft ixracatı artıb. Yəni düşünmürəm ki, bunun bir ciddi nəticələri olacaq. Azərbaycan üçün əsas məsələ neftin qiyməti məsələsidir. Bu yöndə OPEK-dən kənar ölkələrə dəstək verirlər, ona görə anlaşmaya imza atıblar ki, növbəti neft ölkəsinin bu anlaşmaya qoşulması xəbəri dünya mediasına yayılsın. Yəni bu, əslində psixoloji bir effekt yaratdı. Belə ciddi - nə iqtisadi, nə neft bazarına təsir göstərəcək bir gücə malik deyil. Hasilatın bu qədər azalması Azərbaycana ciddi bir təsir göstərməyəcək”.

    Ekspert Qubad İbadoğlu bildirir ki, bu razılaşma ilə Azərbaycan riskə gedir: “Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik neft hasilatını 35 min barel, hazırkı hasilatının 5,5 faizi qədər azaltmağa razı olub. Əgər həqiqətən də Azərbaycan neft ixracatını gündə 35 min barel aşağı salarsa, bu, o deməkdir ki, cari qiymət səviyyəsində ölkəmiz gündə 1,925 milyon dollar, ayda isə 57,5 milyon dollar ixrac gəlirlərindən məhrum ola bilər. Bu məbləğin 47 milyon dollarının xalis mənfəət olduğunu nəzərə alsaq, onda aylıq təmiz valyuta itkisi orta aylıq qeyri-neft ixracatının yarısı qədər olacaq. Rəsmi məlumatlarda bu ilin 9 ayının yekunlarına görə, Azərbaycanda orta aylıq qeyri-neft ixracatı 93,7 milyon dollar təşkil edib. Belə olan halda valyuta gəlirlərinin azalması manatın məzənnəsinin ucuzlaşmasını şərtləndirən amilləri daha da fəallaşdıra bilər”.

    Ekspertin sözlərinə görə, bu məsələdə həlledici rol dünya bazarında neftin qiymətinin hansı səviyyədə tarazlaşmasından asılı olacaq: “Belə ki, dünya bazarında neft təklifinin azaldılması qərarı hər barelə görə qiymətin gələn ildən orta səviyyəsinin cari səviyyədən 10 dollar və daha çox yüksəlməsinə gətirib çıxaracağı halda Azərbaycanın qiymət artımından əldə etdiyi fayda miqdardan itirdiklərindən çox ola bilər. Əks təqdirdə, miqdarın itkisini qiymət artımını kompensasiya edə bilməyəcək. Bu isə Azərbaycan kimi iqtisadiyyatı və milli valyutası neft gəlirlərindən asılı olan ölkələr üçün risklidir”.

    Rubrika.az


    Facebook-da paylaş