• İran prezidentinin Ermənistana səfəri ruhanilər tərəfindən etirazla qarşılanıb

     İran prezidentinin Ermənistana səfəri ruhanilər tərəfindən etirazla qarşılanıb

    İran prezidenti Həsən Ruhaninin Ermənistana gözlənilən səfəri ruhanilər tərəfindən etirazla qarşılanıb.

    Rubrika.az-ın APA-ya istinadən məlumatına görə, Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli APA-ya açıqlamasında bildirib ki, İran prezidentinin Azərbaycanın torpaqlarını işğal edən düşmən ölkənin lideri ilə görüşə yollanması heç bir prinsipə sığmır:

    “Azərbaycanda milli-mənəvi dəyərlərimizin təəssübkeşi Azərbaycan dövləti və dövlət başçısıdır. İranda bəzi qrupların, hətta dövlət səviyyəsində Azərbaycana yönələn çağırışları qətiyyətlə pisləyirəm. Şəcərəsi və əməli bəlli iman sahibi olaraq bildirirəm ki, Azərbaycana qarşı əsrlərdir düşmənçilik edən, Azərbaycanın torpaqlarını işğal edən düşmən ölkənin lideri ilə görüşə getmək nə dinin, nə peyğəmbərimizin, nə də onun pak əhli-beytinin prinsipləri ilə bir araya gəlmir. Azərbaycanı başqa ölkələrin rəsmiləri ilə görüşdə ittiham edən Ruhani hakimiyyətinin dekabrın 21-də Xocalı kimi faciənin səbəbkarı olan və bu gün də Azərbaycan torpaqlarını işğalda saxlayan, bununla bərabər Azərbaycanın müqəddəs əhli-beyt mənsublarının məzarları üzərində donuz otaran bir ölkəyə getməsi Allaha, peyğəmbərə qarşı həqarətdir və yolverilməzdir”.

    S. Camal İranın ali dini rəhbərinə müraciət edib və bildirib ki, o, öz nüfuzundan istifadə etməlidir: “Ali dini lider Azərbaycana qarşı yönələn çağırışların qarşısının alınması üçün nüfuzundan istifadə etməlidir. Eyni zamanda o, Azərbaycan insanlarını haqsız yerə zülmə məruz qoyan ermənilərə qarşı mövqe sərgiləsin, öz prezidentinin Ermənistana səfəri ilə bağlı qətiyyətli addımlar atsın. Təbrizdə Azərbaycana qarşı çağırışlar edirlər. Guya Azərbaycanda dini məsələlərlə bağlı hər hansı problemlər var, guya Azərbaycan dövləti yanlış siyasət yürüdür. Azərbaycanda dini, milli-mənəvi dəyərlərimizin təəssübkeşi Azərbaycan dövlətidir. Mən həmin fikirləri səsləndirənlərə demək istəyirəm ki, onlar Xocalı ilə bağlı, Qarabağ həqiqətləri ilə bağlı səslərini çıxarsınlar”.

    İlahiyyatçı alim Rəşad Məmmədov da APA-ya açıqlamasında bildirib ki, müsəlman dövlətinin başçısının İrəvana səfəri qəti şəkildə pislənilməlidir: “Bu məsələyə din xadimi və vətəndaş kimi mövqe bildirmək olar. Dini baxımdan müsəlman rəhbərinə belə bir yerə getmək yaraşmaz. Ona görə ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Azərbaycan xalqına təcavüz edib. Bu nöqteyi-nəzərdən müsəlman dövlətinin başçısının səfəri qəti şəkildə pislənilməlidir. Eyni zamanda İslam dini deyir ki, hər hansı şəxs bir məmləkəti qəsb etsə, ora səfər haramdır və çox böyük batildir. Bu günlərdə İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfər etdi. İranın ali dini liderlərinin nümayəndələri cümə namazında Azərbaycan gənclərini Netanyahunun ölkəmizə səfərini pisləməyə səsləyirdilər. Bu gün isə Azərbaycanda elə bir şüar yoxdur ki, Həsən Ruhani Ermənistana getdiyi üçün İran ictimaiyyətini ayağa qaldırmaq üçün səslənsin. Çünki bizim ölkəmizdə tolerantlıq amalı əsas götürülüb. Müsəlman olduğumuz üçün Ruhaninin belə bir səfərini qətiyyətlə pisləyirik. Çünki Ermənistan mövqe olaraq xristian olsa da, ermənilər bəlli dinə malik deyil. İkincisi, müsəlman toplumuna böyük ziyan vurublar, qətliam ediblər. Bu qədər təcavüzkar ölkəyə İslam dövlətinin rəhbərinin getməsi nə dərəcədə doğru olar? Ümumiyyətlə iranlı, qeyri-iranlı olsun, fərq etməz, hər hansı müsəlmanın bu ölkəyə səfər etməsi haram hesab olunur”.

    Qeyd edək ki, İran prezidenti Həsən Ruhani region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi məqsədi ilə dekabrın 21-də Ermənistana səfər edəcək. Səfər zamanı H. Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq.

    Rubrika.az


    Facebook-da paylaş