• Sabah ikinci devalvasiyanın “il”idir

     Sabah ikinci devalvasiyanın “il”idir

    Bu il də 21 dekabr üçüncü devalvasiyanın tarixi kimi yadda qala bilərmi?

    Rubrika.az Musavat.com-a istinadən bildirir ki, ötən il FED-in uçot dərəcələrinin artırılması ilə bağlı qərarının ardından dekabrın 21-də manatın kəskin devalvasiyaya uğradı. Bu il də təxminən eyni ərəfədə FED-in analoji qərarı verməsi insanları təlaşa salıb. Gözlər 21 dekabra dikilib. Yenidən devalvasiya ola bilərmi?

    Məlum olduğu kimi manat gün-gündən ucuzlaşmaqda davam edir. Hazırda rəsmi məzənnə ilə 1 dollar 1.7525 manata bərabər olsa da, “qara bazar”da dolların real alış qiyməti 2 manata yaxındır. Dollara tələbatın artması və bunun müqabilində bazarda valyuta çatışmazlığı manata təzyiqləri bir qədər də artırır.

    Bəs, görəsən bu il də 21 dekabr üçüncü devalvasiyanın tarixi kimi yadda qala bilərmi?
    İqtisadçı-ekspert Qubad İbadoğlu bildirdi ki, manatla bağlı situasiya ötən ilkindən daha çətindir: “Ötən il dekabrın 21-də indiki ilə müqayisədə manatı qorumaq üçün daha yaxşı imkanları var idi. Təəssüf ki, indi vəziyyət daha ağırdır. İndiki halda sadəcə olaraq bizim başqa çətinliklərimiz var. Strateji ”yol xəritəsi"ndə artıq növbəti ildən tam üzən məzənnə rejiminə keçid nəzərdə tutulub. Manatın tədricən ucuzlaşması da buna xidmət edir. Çünki ehtimal var ki, bu ərəfədə manatın yumşaq şəkildə ucuzlaşması yox, kəskin devalvasiya olsun. Tam üzən məzənnəyə keçəndə manatın əvvəlki vəziyyəti ilə sonrakı vəziyyəti arasındakı fərq kəskin şəkildə dəyişməsin. Tam üzən məzənnə Azərbaycan manatının daha gerçək kursunu müəyyənləşdirəcək. Hazırda həmin gerçək kurs indiki məzənnədən xeyli yuxarıdır. Manatın məzənnəsinin həmin kursa yaxınlaşdırmaq üçün hökumət kəskin devalvasiyaya gedə bilər. Lakin məsələ bundan ibarətdir ki, devalvasiyanın neqativ təsirlərini indiyə qədər həm istehlakçı olaraq biz, həm də sahibkarlar öz fəaliyyətlərində hiss ediblər. Bu da kifayət qədər risk tələb edir".

    Q.İbadoğlu onu da vurğuladı ki, hökumətin alternativ yolu qalmayıb, manatın ucuzlaşması qaçılmazdır: “Azərbaycan manatı elə kəskin bir dalana dirəyiblər ki, istər-istəməz manat sərbəst üzən məzənnə rejimi ilə tənzimlənməlidir. Əks təqdirdə Mərkəzi Bank, Neft Fondu həmin valyutaları küləyə sovurmaqla məşğul olacaqlar ki, oradan gedən itkilər dövlətin maliyyə ehtiyatlarının daha çox azalmasına gətirib çıxaracaq. İndiki halda gözlənilən odur ki, dövlət özü maliyyə ehtiyatlarının azalmasındansa onun yükünü biznesin və istehlakçının üzərində qoymağa meyllidir. Ola bilər ki, bu devalvasiya dekabrda yox, yanvar ayında olsun. Amma istisna etmirəm ki, tam üzən məzənnəyə keçiddən əvvəl hazırlıq tədbirlərinin tərkib hissəsi olaraq bizim üçüncü hesab etdiyimiz devalvasiya baş versin. İstənilən halda manat ucuzlaşmağa məcburdur”.

    İqtisadçı-ekspert Natiq Cəfərli isə kəskin devalvasiya ehtimalının az olduğunu diqqətə çatdırdı: “Psixoloji baxımdan belə bir gözlənti yaranıb ki, FED-in qərarından sonra Azərbaycanda da manatla bağlı vəziyyət gərgin olacaq. Həm də ona görə ki, insanların valyutaya çıxış imkanları məhdudlaşıb, insanlar dollar ala bilmirlər. Bu da ajiotajın yaranmasına səbəb olub. Hesab etmirəm ki, bir gecəlik kəskin devalvasiya təkrarlana bilər. Hökumət də, Mərkəzi Bank da ən azından anlamalıdır ki, kəskin devalvasiya onsuz da ağır vəziyyətdə olan bank sektorunu tamamilə iflic edə bilər. Bu da iqtisadiyyata daha çox ziyan vura bilər. lakin burada bir məsələ də var ki, son günlərə milli valyutamızın sürətlə dəyərdən düşməsi müşahidə oluna bilər.

    Sabah (bu gün-red) hərrac var və bu hərracdan çıxan nəticə də maraqlıdır. Bu hərracdan sonra məzənnənin hansı sürətlə artacağı bəlli olacaq. Kəskin devalvasiyaya gəlincə belə bir ehtimal var, lakin çox aşağıdır. Ən böyük ehtimal odur ki, manat daha sürətlə dəyərdən düşə bilər. Bu anlamda gələn il üçün daha ciddi təhlükə var. Gələn il Mərkəzi Bankın tam üzən məzənnəyə keçidlə bağlı qərarı var. Bu zamana Mərkəzi Bankın müdaxiləsinə qətiyyən yol verilməyəcək. Ancaq Neft Fondunun valyuta birjasına çıxışlarının təsiri olacaq. Neft Fondu isə kifayət qədər məhdud həcmdə valyuta sata bilər. Gələn ilin büdcə layihəsinə baxdıqda görürük ki, Neft Fondu təxminən 4 milyard dollardan bir qədər çox bir qədər çox valyuta sata bilər. Bu da ölkənin ehtiyaclarını ödəmir. Bu baxımdan 2017-ci ildə daha çox problemlərin yaşanacağı proqnozlaşdırılır”.

    Rubrika.az


    Facebook-da paylaş