• Bakı-Tehran münasibətlərində İsrail və Ermənistan faktoru - Tehran bizdən nə istəyir?

     Bakı-Tehran münasibətlərində İsrail və Ermənistan faktoru - Tehran bizdən nə istəyir?

    Azərbaycan-İran münasibətləri yenidən sınaq qarşısında

    Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani dekabrın 21-də İrəvana rəsmi səfərə gedib. İran səfirini İrəvan Hava Limanında Ermənistan prezidenti Serj Sərkisyan özü qarşılayıb.

    İrəvanda keçirdiyi brifinqdə Həsən Ruhani Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi yolun olmadığını deyən İran prezidenti sülh ümidlərini itirmədiklərini deyib: “Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq. Biz münaqişənin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyrinə olacaq”,- deyə H.Ruhani vurğulayıb. “Report” erməni mediasına istinadən bildirir ki, H.Ruhani Azərbaycan və Ermənistanı İran üçün dost dövlətlər adlandırıb.

    Qeyd edək ki, İran prezidentinin İrəvana səfəri İsrail baş naziri Netanyahunun Bakıya səfərindən həmən sonraya təsadüf edir. Doğrudur, Ruhaninin İrəvan səfərinin bir neçə ay əvvəldən planlaşdırıldığı deyilir, ancaq eyni zamanda İsrail baş nazirinin də səfəri Bakıya ən azı bir dəfə təxirə salındıqdan sonra baş tutub.



    İran prezidenti Ruhaninin İrəvan səfəri Azərbaycanda birmənalı qarşılanmadı. Ziyalılar, ictimai-siyasi xadimlər İran prezidentinin düşmən ölkəyə rəsmi səfər etməsini, Ermənistan rəhbərliyi ilə isti münasibətlər nümayiş etdirməsini qınadılar. Yeri gəlmişkən, iki həftə əvvəl Netanyahunun Bakı səfəri də İranda, xüsusən də Azərbaycan əyalətlərində qınanmışdı, etiraz aksiyaları ilə müşayiət olunmuşdu. Bu baxımdan, Həsən Ruhaninin Netanyahudan dərhal sonra İrəvana getməsi “diplomatiya şeyxinin” həm də Bakıya üstüörtülü mesajı kimi də qiymətləndirilə bilər.

    Təbii ki, İranın Ermənistanla, Azərbaycanın İsraillə əlaqələri bu gün qurulmayıb. Bu əlaqələrin artıq uzun illərə dayanan tarixçəsi var. İran bəyan edir ki, Ermənistanla qonşu ölkə olduğu üçün əlaqələri kəsmək fikrində deyil. Azərbaycan isə İsraillə lobbi fəaliyyəti, silah alınması və enerji sahəsində yaxından əməkdaşlıq edir. Ancaq Azərbaycan İslam ölkələrinin, xüsusən də İranın etirazlarını nəzərə alaraq İsraildə səfirlik açmır.

    Lakin aydın məsələdir ki, Azərbaycanın İsraillə münasibətlər qurmasına görə İranda qəzəb və qınaq yaradan yalnız İsrailin Fələstini işğal etməsi, Qüdsü işğalda saxlaması və ya fələstinlilərə zülm etməsi ilə bağlı arqumentlər deyil. Bu, necə deyərlər, məsələnin görünən tərəfidir. Bu məsələnin görünməyən tərəfi İsrailin İranla sərhəd ölkədə, özü də İranın böyük etnik qrupu olan azərbaycanlıların necə deyərlər ikinci vətəni olan Azərbaycanda özünə yer etməsi, dəstək qazanmasıdır. İranlılar İsrailin Azərbaycanda yerləşməsindən, Bakı ilə yaxın əməkdaşlığından narahatdılar. Çünki daha əvvəl bu taktikanı İran həyata keçirib və Fələstin və Livanda yerli qrupları təşkilatlandırmaqla, İsrailə qarşı müqavimət gücü yaradıb. Azərbaycan hər zaman İranın zəif yeri olub. Bakının Qərbyönlü kursu, Türkiyə və Qərb ölkələri ilə yaxınlaşması, İsraillə əməkdaşlıq İranın maraqlarına zidd olub. Çünki İranda böyük sayda azərbaycanlılar yaşayır və onların böyük qisminin şimaldakı Respublika ilə yaxın əlaqələri var.

    Xüsusən də son 10 ildə İran Azərbaycan ərazisindən özünə qarşı təhdidlərin olmasını açıq və ya gizli şəkildə Bakıya bildirib. Məşhur “WikiLeaks” yazışmalarında Tehranın Bakı qarşısında qaldırdığı iddialar arasında məhz İsraillə əməkdaşlığın doğurduğu təhlükələr yatırdı. İran hakimiyyəti konkret olaraq bir neçə nüvə aliminin qətlə yetirilməsində İsraili ittiham edir. Bu alimlərin bəzisinin qətlində, İranın iddiasına görə, qatillər Azərbaycan ərazisindən keçərək İrana daxil olublar. İranın nüvə alimi Məsud Əliməhəmmədini öldürən terrorçu Məcid Cəmalifəşin Azərbaycandakı İsrail səfirliyində təlimat aldığı, saxta İsrail pasportu ilə Bakıdan İsrailə aparılaraq təlim gördüyü və Azərbaycan ərazisindən İrana daxil olub nüvə aliminə terror etdiyi iddia olunur.

    Bundan başqa, İsrailə məxsus olduğu iddia olunan pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən qalxaraq İran ərazisində, xüsusən də nüvə obyektləri üzərində kəşfiyyat uçuşları aparması ilə bağlı da təsdiq olunmayan iddialar var.

    Məsələ ondadır ki, bu cür iddialar və narazılıq doğuran məqamlar Əhmədinejad hakimiyyəti illərində Tehranla Bakı arasında ciddi soyuqluğun yaranmasına səbəb olmuşdu. Hətta rəsmi səviyyədə qarşılıqlı ittihamlar vardı. Ancaq 2013-ü ildə prezident seçilən Həsən Ruhani digər ölkələrlə olduğu kimi, Azərbaycanla münasibətlərdə də mülayim və yaxınlaşma kursu götürdü. Tehran Bakı ilə umu-küsüləri kənara qoyub barışmaq və bu yolla da daha yaxın olmaqla İsraillə əməkdaşlığı zəiflətməyə çalışdı. Ancaq son bir ildə İsrailin yenidən fəallaşması Tehranda, xüsusən də hərbi dairələrdə qıcıq doğurur. Ancaq Tehran Bakı ilə açıq şəkildə təhdid dili ilə danışa bilmir. Çünki 5-10 il əvvəlin təcrübəsi göstərdi ki, bu şəkildə danışmaq rəsmi Bakını qorxutmur, üstəlik, iki ölkə arasında münasibətləri daha da soyudur və problemi daha da dərinləşdirir.

    Netanyahunun son olaraq Bakıya gələrək isti qarşılanması Tehranda açıq qəzəb doğurdu. Ancaq təbii ki, İranın Ermənistanla münasibətləri qoruyub saxlamaqda öz maraqları var. Birincisi, İran Ermənistan üzərində təsirini qoruyub saxlamağa çalışır. Hazırda İrəvan Rusiyadan asılı olsa da, İrana daha çox möhtacdır, üstəlik iki ölkənin quru sərhədləri var. Ermənistan İrandan qaz alır.

    Digər tərəfdən, Ermənistanı ayaqda saxlamaq Rusiyanın maraqlarına cavab verdiyi üçün Moskva bu məsələdə İrandan dəstək istəyə bilər.

    Ancaq təbii ki, Ermənistanla İran münasibətləri Bakının maraqlarına cavab vermir. Çünki formal da olsa, hazırda Ermənistan blokadası əsasən İran üzərindən qırılır. İranın Ermənistanla əlaqəsi olmasa İrəvan çox tez süqut edər. Ancaq bunu indi nə İran istəmir, nə də Rusiya razı olmaz.

    İstənilən halda hazırkı durum nə Azərbaycanın, nə də İranın maraqlarına cavab vermir. Nəticə etibarı ilə ölkə arasında münasibətlərin pisləşməsindən qazanan İsrail və Ermənistandır.

    Rubrika.az


    Facebook-da paylaş