• “Ermənistan İranın əbədi dostudur” - İran prezidenti Xocalı qatili ilə bir arada

    “Ermənistan İranın əbədi dostudur” - İran prezidenti Xocalı qatili ilə bir arada

    Həsən Ruhani “Ermənistan İranın əbədi dostudur” dedi; Azərbaycandan növbəti etirazlar gəldi...

    Rubrika.az Musavat.com-a istinadən bildirir ki, dekabrın 21-də İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfər edib. İrəvandakı “Zvartnots” hava limanında H.Ruhanini Ermənistan prezidenti Serj Sərkisyan şəxsən qarşılayıb.

    GunAz.TV-nin xəbərinə görə, səfərdən əvvəl jurnalistlərə açıqlama verən İran prezidenti Ermənistana səfərinin “zəruri” olduğunu əsaslandırmağa çalışıb. Onun sözlərinə görə, İran Ermənistan yolu ilə Qara dənizə, Qərbə və Avropa ölkələrinə qovuşmaq niyyətindədir.

    H.Ruhanini ölkəsinə dəvət edən işğalçı ölkənin prezidenti S.Sərkisyan İranın Qarabağla bağlı siyasətindən razılığını ifadə edib. Erməni mətbuatına açıqlamasında Sərkisyan deyib ki, Ermənistan İranın Dağlıq Qarabağla bağlı “ölçülü mövqeyini” yüksək qiymətləndirir. Erməni prezident iranlı həmkarına Azərbaycandan aprel müharibəsinə görə şikayətlənməyi də unutmayıb.

    Müsəlman ölkənin lideri Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistana yumşaq formada da olsa, hərbi təcavüzə son vermək çağırışını etməyib. Əli Xocalıda azərbaycanlı dinc insanların qanına batmış Sərkisyanla səmimi şəkildə qucaqlaşan Ruhani heç olmasa Qarabağdakı məscidlərin məhv edilməsinə, salamat qalan dini ocaqlarımızda ermənilərin donuz saxlamasına da etiraz etməyib. İran prezidenti ənənəvi mövqe sərgiləməklə kifayətlənib, yenə də təcavüzkarla təcavüzə məruz qalan arasında bərabərlik işarəsi qoymağa üstünlük verib.

    “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu yoxdur”-deyə, prezidenti Həsən Ruhani bildirib. “Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq. Biz münaqişənin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyrinə olacaq” deyə, o vurğulayıb. H.Ruhani qeyd edib ki, Azərbaycan və Ermənistan İran üçün dost dövlətlərdir.

    İran prezidenti Ermənistanın müsəlman torpaqlarını 25 ildir işğalda saxlamasını, din qardaşlarını qətlə yetirməsini bir kənara qoyaraq, ermənilərə dostluq mesajları verib. Ruhani “Ermənistanın əbədilik İran İslam Respublikasının dostu olacağını” (İRNA) deməklə nəinki Azərbaycan, həm də İranda yaşayan milyonlarla azərbaycanlıya qarşı həqarət edib. İran prezidenti XİN başçısı Edvard Nalbəndyanla görüşündə “iki ölkənin əməkdaşlığını ən yüksək səviyyəyə gətirmək istəyirik” deyib və bildirib ki, iki millətin bununla bağlı istək və iradəsi var. Görüşdən sonra rəsmi şəkildə İran və Ermənistan arasında vizanın qaldırıldığı da elan olunub.

    Rəsmi Bakı da İran prezidentinin Ermənistan səfərinə reaksiya verib. “İran müstəqil dövlətdir və bu səfər İran hökumətinin öz qərarıdır”.

    Bunu APA-nın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan-İran münasibətlərinin təməl prinsiplərindən biri də ölkələrin bir-birinin daxili işlərinə qarışmamasıdır: “Amma nəzərə almaq lazımdır ki, Ermənistan regionda destruktiv siyasət yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən, Azərbaycana qarşı təcavüz və işğal törətmiş dövlətdir. Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində törətdiyi qanlı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini, o cümlədən İslam dininə aid ibadət ocaqlarını, məscidləri talan və məhv etmiş, təhqir obyektinə çevirmiş ölkədir”.

    “İran Azərbaycanı İsraillə əlaqə qurmaqda ittiham edir və sözdə İslam həmrəyliyindən danışır. Lakin İran prezidenti müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarını işğal edən Ermənistana səfər edir”.

    Bunu politoloq Azər Rəşidoğlu söylədi. Ekspertin fikrincə, görünən budur ki, Tehranın müsəlmanların hüquqlarının pozulması ilə ifadə etdiyi narahatlıq siyasi mahiyyət kəsb edir: “Rəsmi Tehran qeyri-səmimidir. İran işğalçını qınamaq və ona təzyiq etmək əvəzinə, hər vasitə ilə işğalçıya dəstək verir və heç şübhəsiz belə addımlar Azərbaycan ictimai rəyində mənfi qarşılanır. Bu gün İran iqtisadi baxımdan İrəvana açıq dəstək verir.

    İran biznesmenlərinə Azərbaycanın işğal olunmuş ərazilərində rast gəlmək mümkündür. Bəs İslam həmrəyliyi harada qaldı? İran bu gün Dağlıq Qarabağ məsələsində Azərbaycana hərbi və maddi yardım göstərmir, əksinə, Ermənistanın iqtisadi blokadadan çıxarılması üçün əlindən gələni edir”.



    A.Rəşidoğlu xatırlatdı ki, Bakı Tehranı qıcıqlandıracaq heç bir addım atmayıb: “Azərbaycan ərazisindən İrana qarşı hərbi müdaxilə üçün istifadə edilməsinə rəsmi Bakı imkan yaratmayacağını bildirib. Bu baxımdan, İran prezidentinin Ermənistana səfəri bizi təbii olaraq, işğala məruz qalan müsəlman ölkəsi kimi narahat edir və Bakının Tehrandan hesabat tələb etməyə tam haqqı çatır”.

    Milli Məclisin deputatı Zahid Oruc isə Ruhaninin İrəvan səfərinə fərqli prizmadan yanaşır: “Ermənistan rəhbərliyi geniş diapazonda xarici siyasət kursu apara bilmir. O üzdən İran nəinki ən yaxın qonşudur, həmçinin dünyaya çıxış yolu, iqtisadi təcridolunmadan və hərbi təklənmədən xilas yoludur. Üstəlik, İran-Azərbaycan münasibətləri İrəvan üçün xüsusi önəm daşıyır. Onlar tarixi və hazırkı geoplotik düzəndə Bakı və Tehran arasındakı ziddiyyətlərdən maksimum bəhrələnməyə çalışırlar. Ona görə Həsən Ruhaninin Ermənistana səfəri müəyyən qədər regionda İsrailin maraqları qarşısına siyasi pərdə çəkmək, Qafqazda güc mərkəzlərindən birinin cənubda yerləşdiyini digər dövlətlərə mesaj etmək üçündür. İran Qarabağ məsələsinə dolayı təsir etməklə münaqişə üzərində regiona daxil olmuş Qərblə savaşı davam etdirir. Lakin İran-Ermənistan müttəfiqliyi bölgənin gələcəyini təmin etməkdə zəif tandemdir və onu istənilən halda kövrək birlik kimi dəyərləndirmək lazımdır. Azərbaycan İran üçün əvəzolunmazdır”.

    “İslam prinsipləri ilə idarə olunduğunu iddia edən bir ölkə hər hansı dövlətə münasibətdə müəyyən dərəcədə islam prinsiplərindən kənara çıxmamalıdır. Amma İranın Ermənistanla münasibətləri istisnadır”.

    Bunu isə APA-ya açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib. O bildirib ki, İranın bu siyasəti onun gerçək bir İslam dövləti olmadığının sübutudur: “Çünki hər hansı bir şəkildə müsəlman torpaqlarını qəsb etmiş bir dövlətlə qəsbkar kimi davranmaq zorunda olan bir ölkə tamamilə başqa prinsiplərlə davranır. Ona görə də İranın Ermənistana maddi, iqtisadi, siyasi - hər cür dəstək verməsi İranın İslama səmimi yanaşmadığının bir göstəricisidir. Bunu dəfələrlə qeyd edirdik, lakin ən gözəl nümunəsi artıq burada üzə çıxdı”.

    F.Mustafanın fikrincə, bütün hallarda İranın Ermənistanla münasibətlərinin bu qədər inkişaf etməsi Azərbaycan əleyhinə olan bir mövqeyin göstəricisidir: “Çünki bu kimi məsələlərdə birinci növbədə İran tərəfindən Azərbaycanın maraqlarının nəzərə alınması vacib idi. Həm Azərbaycanda, həm də İranda bu ölkəni ideallaşdıran insanlar utanmalıdır. İslam dininə mənsub olduqlarını bir az utanaraq deməlidirlər. Bizlər bu məsələdə ümumi mövqe nümayiş etdirərək İranın bu siyasətinə qarşı sərt etirazlarımızı ortaya qoymalıyıq”.

    RUBRİKA.AZ


    Facebook-da paylaş