• Xarici kreditlərin Azərbaycana təsiri necə olacaq?- EKSPERT RƏYLƏRİ

    Xarici kreditlərin Azərbaycana təsiri necə olacaq?- EKSPERT RƏYLƏRİ

    Ekspertlər xarici kreditlərin Azərbaycana təsirindən danışıblar

    Rubrika.az Musavat.com-a istinadən bildirir ki, Azərbaycanın xaricdən kredit götürmək cəhdləri alınır. Artıq Dünya Bankının (DB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

    Bu barədə DB məlumat yayıb.

    Məlumata görə, kreditin 400 milyon dolları Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə, yerdə qalan hissəsi isə Türkiyə dövlətinin zəmanəti ilə “BOTAŞ” şirkətinə veriləcək.Dünya Bankının vitse-prezidenti Siril Muller (Cyril Muller) deyib ki, TANAP rəqabətə şərait yaratmaqla yanaşı, Azərbaycan və Türkiyə əhalisi üçün yeni iqtisadi imkanlar yaradacaq. Onun fikrincə, layihə Avropa və Türkiyədə enerji təhlükəsizliyinin təmin edilməsini dəstəkləyəcək.

    Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində şərtlər tam açıqlanmayıb: “Amma ölkənin kredit reytinqinin aşağı olduğunu nəzərə alsaq, beynəlxalq maliyyə institutlarının kredit vermə prinsiplərində reytinqlərin ciddi yer tutduğunu bilməliyik. Belə olduğu üçün, düşünürəm ki, kifayət qədər yüksək faizlərlə borclanmaya getmişik. Amma burada bir nüans da var, həmin borc ancaq TANAP layihəsi üçün nəzərdə tutulub. Azərbaycan hökuməti bunu daxildə istifadə edə bilməyəcək. Kredit TANAP-ın tikintisi üçün istifadə olunacaq. Düşünürəm ki, bu da Avropa ölkələrinin və dünyanın bu layihəyə bir dəstək nümunəsidir. Çünki Azərbaycan hökuməti üzərinə çox böyük öhdəliklər götürüb. “Cənub qaz dəhlizi” layihəsi çərçivəsində götürülən öhdəliklər böyükdür. TANAP və TAP layihəsinin tikintisi təxminən 2019-ci ilin sonuna başa çatmalıdır. Az zaman qalıb. Ona görə də vəsait də çatışmır, Azərbaycanın daxili vəsaiti çatışmır. Bu öhdəlikləri yerinə yetirmək üçün Azərbaycan hökuməti kifayət qədər sürətlə maliyyə institutlarından borc istəyir və bununla bağlı danışıqlar aparır. Düşünürəm ki, Avropanın da maraqlarını nəzərə alsaq, gələn il belə borc layihələrinin maliyyələşməsinin, Azərbaycanın daha da borclanmasının şahidi olacağıq. Azərbaycan getdikcə daha sürətlə borclanır və gələcəkdə neftin qiyməti bu səviyyələrdə qalsa, Azərbaycanın intensiv borc qaytarma təxminən 2020-ci ildən sonrakı dövrə düşür. O zaman Azərbaycanın gəlirləri azalacaq, neftdən gələn gəlirlər kifayət qədər azalacaq. Çünki hasilatın da aşağı düşməsi ehtimalı var. Bu zaman biz bu borcların qaytarılması üçün nə edəcəyik? Hətta gələn il büdcənin təxminən 12 faizi xarici borcun qaytarılmasına yönələcək. bu da kifayət qədər böyük bir rəqəmdir. Amma gələn il də beynəlxalq maliyyə qurumları ilə danışıqlar uğurla nəticələnəcək. Müəyyən şərtlər olacaq. Bu şərtlər daxilində borc, kredit müqavilələrinin bağlanması ehtimalı çox yüksəkdir. Çünki Avropa da bu layihələrin reallaşmasında maraqlıdır”.

    Ekspert İlham Şaban isə bildirib ki, qaz layihələrinin reallaşmasında Neft Fonduna güc düşməyəcək: “Dünya Bankının “Cənub Qaz Dəhlizi” QSC və Botaş şirkətlərinə hər birinə400 milyon dollar olmaqla, TANAP layihəsinin tikintisi üçün kredt ayırması çox önəmli hadisədir. Çünki Dünya Bankının ardınca Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur İnvestisiyaları Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı da “Cənub Qaz Dəhlizi” QSC-nə Azərbaycanın dövlət payının “Şahdəniz”dəki və qaz infrastruktur layihələrindəki payının maliyyələşdirilməsi üçün kredit xətti açılmasında iştirak edəcəklər. Çox güman ki, bu kreditləşmə prosesi gələn ilin I rübü ərzində başa çatacaq. Bu kreditlərin məbləği 3 milyard dollar məbləğinə qədər gözlənilir.dekabrın əvvəlində Asiya İnkişaf Bankı da “Cənub Qaz Dəhlizi” QSC-nə 1 milyard dollar dəyərində kredit ayırmışdı. Bir şeyi nəzərə almaq lazımdır ki, verilən kreditlərin şərtləri Azərbaycan üçün kifayət qədər əlverişlidir. Onlar aşağı faiz dərəcələri ilə verilir. Uzunmüddətli dövrə verilir: 20 ildən 30 ilədək verilir. Ödənmə müddəti 2020-ci ildən başlayır”.

    Rubrika.az


    Facebook-da paylaş