• “Mələklər” iqtisadiyyatımızı xilas edə biləcəkmi?

    “Mələklər” iqtisadiyyatımızı xilas edə biləcəkmi?


    2017-2020-ci illərdə Azərbaycanda yeni maliyyələşmə mexanizmləri tətbiq ediləcək. Bu barədə prezidentin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

    Rubrika.az Musavat.com-a istinadən bildirir ki, qeyd olunur ki, beynəlxalq təcrübədə tətbiq olunan, Azərbaycanda isə hələ geniş yayılmamış yeni maliyyələşmə mexanizmlərinin, o cümlədən startapların, vençur fondların, "mələk investorlar"ın ("angel investor"), etimad fondlarının ("trust fund") innovasiya yönümlü maşınqayırmada tətbiqi istiqamətində təkliflər hazırlanacaq.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, bu ifadə yeni olsa da, Azərbaycanda müəyyən şirkətlər yatırım edən bu cür imkanlı şəxslər var: “Mələk investorlar” imkanı olan şəxslərdir. Müəyyən maliyyə vəsaitləri var və ayrı-ayrı şirkətlərə yatırırlar.

    Bizdə də məmurların yetərincə imkanları var, yatırım edirlər. Burada qeyri-adi heç nə yoxdur. Bu investorlar yerli də ola bilər, xarici də, fərqi yoxdur. Xarici investorların cəlb edilməsi daha yaxşı olar. Kimin ki, imkanı var, iqtisadiyyatı, biznesi bilir, şirkətlərə maliyyə yatırır, dəstək olur, onlarla bir yerdə işləyirlər. Bu təcrübə dünyada var, Amerikada, Rusiyada, Çində özünü doğruldub. Bizdə imkanı olan insanlar onsuz da bu işlə məşğuldurlar. Müəyyən şirkətlərə yatırım edib qazanırlar”.

    İqtisadçı ekspert Natiq Cəfərli isə Azərbaycanın investisiya mühitində bu təcrübənin özünü doğruldacağına şübhə ilə yanaşdığını qeyd etdi: “Mələk investor” anlayışı beynəlxalq maliyyə institutlarından gələn bir anlayışdır. Əsasən batmaqda olan, batmış və ya yaxşı ideyası olub, pulu olmayan şirkətlərə , şəxslərə dəstək olan investisiya fondlarıdır.



    Onlar mələk kimi köməyə gəlirlər, əgər onu uğur qazanacağınıza inandırırsınızsa, sizi batmaqdan qoruyurlar və ya ideyalarınızı maliyyələşdirirlər. Bu ada iqtisadi ədəbiyyatda çox az rast gəlinir. Bəzi ədəbiyyatlarda “mələk investisiya fondları” kimi göstərilir. Əslində son zaman çox az işlədilən bir ifadədir. Son illərin yanaşması isə əsasən “start-up” layihələrinin maliyyələşdirilməsidir. Bu mələk investor anlayışından kənara çıxır. Siz investoru inandırırsınız, o sizin “start-up” layihənizə vəsait ayırır. Gələcəkdə külli miqdarda vəsait qazananda o da qazanca ortaq olur. Azərbaycanda bu bir ideya kimi ortalığa atılıb. Lakin ölkə iqtisadiyyatının problemini nə mələk investorlar, nə də şeytan investorlar həll edə bilməz. Azərbaycanın problemi odur ki, ölkəyə investisiya gəlməlidir. Xarici investoların ölkəyə cəlb olunması üçün çalışmaq lazımdır ki, ölkənin problemlərinin həllinə yardımçı olsun. Bunun adını necə qoymağın fərqi yoxdur”.

    İqtisadçının sözlərinə görə, “mələk investor” ifadəsinə daha çox ABŞ iqtisadiyyatında rast gəlinir: “Amerikada müxtəlif fondlar var ki, onlar əsasən riskli layihələri yatırım qoyurlar. Məsələn, 5 riskli layihəyə yatırım qoyur, onların ikisində uduzur, digər üçündə isə o qədər qazanır ki, itkiləri də qarşılamış olur. Çünki adətən riskli layihələrə daha çox qazanc gətirir”.

    İqtisadçının fikrincə, xarici “mələk investorlar”ın biznes mühitinə cəlb edilməsi üçün Azərbaycanda əlverişli iqtisadi mühit yoxdur: “Lakin Azərbaycanın investisiya mühitindəki vəziyyət də bəllidir. “Mələk investorlar” cəhənnəmdə işləyə bilməz. Onlar üçün investisiya cənnəti yaratmalıyıq ki, onlar ölkəmizə gələ bilsin. Mən indiki mərhələdə bunun uğur qazanacağına inanmıram. Azərbaycanda elə ciddi “start-up”lar , biznes sahələri yoxdur ki, xarici investorlar oraya maliyyə yatırsınlar. Hazırda investorlar daha çox kompüter proqramlarına, texnoloji yeniliklərə yatırım etməkdə maraqlıdırlar. Bir müddətdən sonra isə investisiya mühiti yaxşılaşarsa, yeni yaranan maliyyə çatışmazlığı ilə qarşılan biznes sahələrinə xarici investisiya fondlarından dəstək gələ bilər”.

    Rubrika.az


    Facebook-da paylaş